Mark Herevard: “İnsan hüquqlarının effektivliyinin artırılması üçün yeni qanunların qəbuluna ehtiyac var”

Azərbaycanda insan hüquqlarının müdafiəsinin effektivliyinin artırılması ilə bağlı yeni qanunların qəbuluna ehtiyac var. SİA-nın xəbərinə görə, bunu Milli Məclisdə (MM) BMT-nin Uşaq Hüquqları Komitəsinin Azərbaycan dövlətinə ünvanladığı yekun müşahidələrinə həsr olunmuş dəyirmi masada BMT-nin Uşaq Fondunun (UNİSEF) Azərbaycandakı nümayəndəsi Mark Herevard bildirib.

Onun sözlərinə görə, Azərbaycanda insan hüquqlarının müdafiəsinin effektivliyinin artırılması, bu yöndə milli dövlət proqramının fəaliyyət dairəsinin genişləndirilməsinə ehtiyac duyulur.

M.Herevard xatırladıb ki, hələ ötən ilin dekabr ayının 27-də Azərbaycanın dövlət başçısı İlham Əliyev tərəfindən bu yöndə imzalanan Dövlət Proqramında bir sıra beynəlxalq saziş və konvensiyalara istinad edilərək qeyd olunub ki, bu istiqamətdə yeni qanunvericilik aktlarının qəbulu vacibdir: "Ona görə də hesab edirəm ki, Azərbaycanda insan hüquqları, o cümlədən uşaq hüquqlarının müdafiəsinin effektivliyinin artırılması məqsədi ilə ölkə parlamenti tərəfindən yeni qanunvericilik aktlarının hazırlanması və qəbul edilməsi mütləqdir. Onu da qeyd edim ki, Azərbaycanda uşaq hüquqlarının müdafiəsi istiqamətində xeyli qanunvericilik aktları qəbul edilib və bu məqam BMT-nin Uşaq Hüquqları Komitəsi tərəfindən müsbət dəyərləndirilib. Lakin buna baxmayaraq dövrün, zamanın tələblərinə uyğun olaraq mövcud qanunvericiliyə yeni dəyişikliklərin edilməsinə ehtiyac var",- deyə M. Herevard sözlərinə əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə