Milli Məclisdə qanun layihəsi üçüncü oxunuşda qəbul edilib

Milli Məclisin (MM) iclasında "Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında" qanun layihəsi üçüncü oxunuşda müzakirə olunub. SİA-nın xəbərinə görə, layihə barədə MM-in Hüquq siyasəti və dövlət quruculuğu Komitəsinin sədri Əli Hüseynli məlumat verib.

O bildirib ki, 4 fəsil və 50 maddədən ibarət qanun layihəsi Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi ilə müəyyən edilmiş qaydada tutulmuş və ya həbs edilmiş şəxslərin həbs yerlərində hüquq və azadlıqlarının həyata keçirilməsi və təmin edilməsi ilə bağlı münasibətləri tənzimləyir. Ə.Hüseynli layihənin dünya standartlarına cavab verdiyini vurğulayıb.

Layihədə nəzərdə tutulub ki, saxlanılan şəxs saxlanılacağı yerə gələrkən dərhal ailə üzvləri və yaxınlarına telefonla məlumat verə bilər. Belə ki, layihədə bununla bağlı saxlanma yerləri rəhbərlərinin üzərinə vəzifə qoyulur. Həmçinin, saxlanılan şəxslərin hər gün bağlama ala bilməsi qanuniləşdirilir. Saxlanılan şəxslərin həkim müayinəsindən keçməsi və bu prosesin aktlaşdırılması qanuniləşdiriləcək.

Qanuna əsasən, saxlanma haqqında məhkəmə qərarı varsa və əgər bu qərarın son günü yeni bir qərar daxil olmayıbsa, şəxs dərhal azad olunmalıdır. Şəxs azad olunmursa, ortada cinayət məsuliyyəti yaranır, yəni saxlanma yerinin rəhbəri məsuliyyətə cəlb edilir.

Yeni qanunla əvvəlkindən fərqli olaraq saxlanılan və ya həbs olunan şəxs nəinki onun hüquqlarını müdafiə edən şəxslə, habelə ailə üzvləri və digər yaxınları ilə də görüşmək imkanı qazanacaq.

Həmçinin, saxlanılan və ya həbs olunan şəxsin həbs yerinin kitabxanasından istifadə üçün ədəbiyyat, qəzet və jurnal götürmək və ya şəxsi hesablarında olan vəsaiti hesabına həbs yerinin müdiriyyətinin vasitəsilə ticarət şəbəkəsindən yazı ləvazimatları, ədəbiyyat, qəzet və ya jurnal əldə etmək, dini ayinləri yerinə yetirmək, dini ləvazimatlardan və ədəbiyyatlardan istifadə etmək, bağlama, sovqat və banderol almaq; mülki hüquq münasibətlərində iştirak etmək, notariusun xidmətlərindən istifadə etmək, etik davranışa uyğun rəftar olunmaq, həbs yerinin müdiriyyəti tərəfindən qəbul edilmək hüququ var.


Qanun layihəsi səsverməyə çıxarılaraq üçüncü - sonuncu oxunuşda qəbul olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...