Bahar Muradova: “İran Azərbaycanın uğurunu, dünyəvi istiqamətdə inkişafını qəbul etmir”

Bahar Muradova: “İran Azərbaycanın uğurunu, dünyəvi istiqamətdə inkişafını qəbul etmir”

"İran Azərbaycanın uğurunu, dünyəvi istiqamətdə inkişafını qəbul etmir". SİA-nın xəbərinə görə, bunu Milli Məclisin (MM) iclasında parlamentin vitse-spiker Bahar Muradova deyib. "Bu ölkədə 30 milyon azərbaycanlı yaşayır və həmin insanlar da dünyəvi ölkədə yaşamaq niyyətini ortaya qoya bilərlər. Biz maraqlara, hadisələrə görə mövqeyimizi dəyişən bir ölkə deyilik. Ona görə də Azərbaycanın düşmənləri çoxdur",- deyə vitse-spiker sözlərinə əlavə edib.


Millət vəkili Azay Quliyev isə çıxışında İranın öz problemlərini həll etmək üçün əsas hədəf kimi Azərbaycanı seçdiyini bildirib: "Bu hal qəti şəkildə pislənilməlidir".

A. Quliyev həmçinin qeyd edib ki, bu gün ən çox narahat edici məsələ odur ki, Azərbaycana qarşı təbliğatda Təbrizdə yaşayan azərbaycanlıları istifadə etmək istəyi var: "Mən bütün Təbrizdəki bacı və qardaşlarıma səslənirəm ki, İranın bu rejiminin əlində alətə çevrilməsinlər".

Deputat Siyavuş Novruzov isə öz növbəsində İranın Azərbaycandakı səfirinin məsləhətləşmələr üçün geri çağırıldığını deyərək bildirib ki, həmin səfir iki ölkə arasında sülh yaratmaq missiyası ilə seçilmir. O qeyd edib ki, Bakıda İranın səfirliyinin qarşısında yalnız "İranın səfirliyi" yazılıb və hansı ölkədə olduğu qeyd olunmayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə