Mübariz Qurbanlı: \"İslam adını daşıyan ölkə müsəlmanların qanını içən Ermənistanla dostluq etməməli idi” - MÖVQE
Bu gün Milli Məclisin növbəti iclası öz işinə başlayıb. SİA-nın verdiyi xəbərə görə, Milli Məclisin spikeri Oqtay Əsədov iclası açıq elan edəndən sonra cari məsələlər müzakirə olunub.
Deputat Mübariz Qurbanlı Bakıda keçirilən "Eurovision" mahnı müsabiqəsi mövzusuna toxunaraq bildirib ki, İranın Ermənistanın "Eurovision" Mahnı Müsabiqəsi əleyhinə çıxışlarına dəstək verməsi anlaşılmır.
"İranda anti-Azərbaycan mitinqi təşkil edənləri pisləyirəm. İslam adını daşıyan ölkə müsəlmanların qanını içən Ermənistanla dostluq etməməli idi".
M.Qurbanlı həmçinin qeyd edib ki, çox təəssüf ki, bu gün işğalçı ölkə ilə həmkar olan İran bölgənin təhlükəsizliyini tamamilə təhlükə altına alıb. "Tehranın bu hərəkəti İranla imzaladığımız sənədlərə də ziddir", - deyə o bildirib.
Bununla yanaşı millət vəkili qeyd edib ki, bu gün İranın elədikləri azmış kimi, Azərbaycandakı səfirini də geri çağırır: "Səfirin bu şəkildə geri çağırılması da münasibətlərimiz üçün xoşa gələn deyil".
Millət vəkili Qənirə Paşayeva isə bildirib ki, İran tərəfi Azərbaycanın daxili işlərinə qarışmağa davam edir. İranda "Eurovision" mahnı müsabiqəsinin İslam dini əleyhinə olmasını deyənlər Şuşanın ermənilər tərəfindən işğal olunmasının 20 illiyi ilə bağlı heç reaksiya bildirmədilər. Q.Paşayeva qeyd edib ki, din pərdəsi arxasında bəyanat verənlərdən Şuşada müsəlmanların qətlə yetirilməsi, islam mədəniyyətinin məhv edilməsi ilə bağlı heç bir bəyanat verilmədi: "Heç bir dövlərtin Azərbaycanın daxili işlərinə qarışmaq hüququ yoxdur".
Xanım parlamentari həmçinin İranda iki gənc azərbaycanlı şairin həbs olunması barədə açıqlama belə verilmədiyini qeyd edib. Paşayeva İrana müalicəyə gedən insanların girov götürülərək narkotik qaçaqmalçıları ilə dəyişdirilməsindən hiddətləndiyini də bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB