Milli Məclisin plenar iclası öz işinə başlayıb

Milli Məclisin plenar iclası öz işinə başlayıb

Bu gün Milli Məclisin plenar iclası öz işinə başlayıb. SİA-nın xəbərinə görə, iclasın gündəliyinə 14 məsələ daxil edilib. Bunlara "Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında" qanun (üçüncü oxunuş), "Əqli mülkiyyət hüquqlarının təminatı və piratçılığa qarşı mübarizə haqqında" qanun (ikinci oxunuş), "Dövlət rüsumu haqqında", "Prokurorluq haqqında", "Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət müdafiəsi" haqqında "Konstitusiya Məhkəməsi haqqında" qanuna dəyişikliklər barədə qanun layihələri daxil edilib.

Bundan əlavə, "Gəncə şəhərinin Kəpəz rayonunun Nətavan qəsəbəsinin adının dəyişdirilməsi haqqında", "Bələdiyyələrin statusu haqqında", "Bələdiyyənin nümunəvi nizamnaməsinin təsdiq edilməsi haqqında" qanunlara dəyişikliklər haqqında, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" qanuna əlavə edilmiş "Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı"nda dəyişiklik edilməsi barədə qanununun layihəsi də plenar iclasda müzakirəyə çıxarılacaq.

Parlament "Azərbaycan Respublikası Hökuməti və Albaniya Respublikası Nazirlər Şurası arasında sərmayələrin təşviqi və qarşılıqlı qorunması haqqında", "Azərbaycan Respublikası və Xorvatiya Respublikası arasında gəlirlərə və əmlaka görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında", "Azərbaycan Respublikası Hökuməti və Xorvatiya Respublikası Hökuməti arasında diplomatik və xidməti pasportlara malik şəxslərin viza tələbindən azad edilməsi haqqında" sazişlərin təsdiq edilməsi barədə qanun layihələri də iclasın gündəliyinə daxil edilib.


Qeyd edək ki, Milli Məclis Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Birinci Zirvə Toplantısının Bəyannaməsinin təsdiq edilməsi haqqında qanunun layihəsini də müzakirəyə çıxaracaq.

Bütün xəbərlər Facebook səhifəmizdə