Azyaşlı Fariz Bədəlovun qətli QİƏT-in iclasında müzakirə ediləcək

Azyaşlı Fariz Bədəlovun qətli QİƏT-in iclasında müzakirə ediləcək

Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (QİƏT) növbəti 39-cu iclasında iştirak etmək üçün Azərbaycan Parlamentinin bir qrup nümayəndə heyəti bu gün İrəvana yola düşüb. SİA-ya verilən məlumata görə, nümayəndə heyətinə Asəf Hacıyev rəhbərlik edəcək.

3 gün davam edəcək toplantıya sabah start veriləcək. İlk olaraq Parlament Assambleyasının iclası keçiriləcək. Ümumi keçiriləcək iclasdan sonra komitələrin toplantısı olacaq. Millət vəkilləri özlərinə aid komitələrdə məruzələrlə çıxış edəcək. Ermənistanın təşkilata sədrliyindən sonra beynəlxalq quruma payız aylarında Azərbaycan sədrlik edəcək.

Ermənistana səfər edən nümayəndə heyətinin üzvü millət vəkili Jalə Əliyevanın SİA verdiyi açıqlamaya görə, beynəlxaq təşkilatın iclasında Dağlıq Qarabağ həqiqətləri ilə bağlı iştirakçı dövlətlərin parlamentarilərinə məlumat veriləcək. Jalə Əliyevanın sözlərinə görə, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assambleyası yarandığı gündən iqtisadi və sosial məsələlərin müzakirəsi ilə məşqul olsa da Azərbaycan nümayəndə heyəti daim üzv ölkələr qarşısında Dağlıq Qarabağ həqiqətlərini müzakirə edib. Millət vəkili qeyd edib ki, təşkilatda hər hansı siyasi məsələnin gündəmə gətirilməsi nizamnaməyə görə qadağandır. Lakin dəfələrlə gündəlikləri izləsəniz görərsiniz ki, bu təşkilat yarandığı gündən bəri Azərbaycan nümayəndə heyəti hər fürsətdə ölkəmizin ən böyük problemi olan Dağlıq Qarabağı parlamentarilərini diqqətinə çatdırır.

Məsələn, ekologiyanın pozulmasından, təbiətin mühafizəsindən söhbət gedirsə, biz işğal olunmuş ərazilərimizdə meşələrin yandırılmasıından, çaylara zəhərli suların axıdılmasından danışmışıq. İclasın gündəliyi qadınların hüquqlarının pozulmasında və yaxud da zorakılığa qalmasından gedirsə biz məcburi köçkün qadınlarından danışırıq.

Jalə Əliyevanın sözlərinə görə, QİƏT Parlament Assambleyasının Ermənistandakı iclasında uşaq hüquqları müzakirə olunacaq. Qeyd edək ki, Azərbaycan nümayəndə heyəti müharibənin uşaqlara vurduğu ziyan barədə tədbir iştirakçılarını məlumatlandıracaq. Məsələn, ötən il evinin həyətində oynuyarkən snayperlə vurulan Fariz Bədəlov iclasın müzakirəsinə çıxarılacaq.


Vüqar Əliyev

Bütün xəbərlər Facebook səhifəmizdə