Bu gün İstanbulda Dünya Siyasət Forumu öz işinə başlayır. Dünyanın müxtəlif ölkələrindən tanınmış siyasətçilərin, qeyri-hökumət təşkilatları və nüfuzlu KİV rəsmilərinin iştirak edəcəyi forumda Azərbaycandan millət vəkili Qənirə Paşayeva da iştirak edir. SİA-nın məlumatına görə, Qənirə Paşayeva "Ailəni geri qazanmaq üçün Mədəniyyətlər İttifaqı" mövzusundakı paneldə əsas çıxışlardan olacaq.
Forumda dünyanın siyasi və iqtisadi böhranlardan xilas olmasının yolları, münaqişələrin həlli, siyasi və iqtisadi münasibətlərin yeni müstəvidə tənzimlənməsi, enerji təhlükəsizliyi, dünyada baş verən proseslərin bölgəyə təsiri və digər məsələlər müzakirə olunacaq.
Forum çərçivəsində təşkil olunmuş panellərdə çoxtərəfli, ədalətli iqtisadi münasibətlərin, bəşəriyyəti birləşdirəcək mədəni əlaqələrin qurulması, dini, mədəni dəyərlər, gender məsələsi, enerji təhlükəsizliyi, beynəlxalq təşkilatların problemlərin həllindəki rolları ilə bağlı dövlət adamları, mütəxəssislər, alimlər və analitiklərin iştirakı ilə müzakirələr aparılacaq, diskussiyalar keçiriləcək.
Toplantıda həmçinin dünyanın iqtisadi böhrandan sonrakı mənzərəsi, inkişaf etməkdə olan ölkələrin iqtisadi və siyasi münasibətlərin yeni müstəvidə qurulmasındakı rolları da müzakirə mövzusu olacaq.
Forumda yeni və ədalətli dünya düzəninin qurulması yolları, "Ərəb baharı"nın dünyaya təsiri, ərəb ölkələrinə inqilablarla demokratiya gətirməyin mümkün olub-olmadığı, Suriyadakı durum, dünyada gözlənilən siyasi gəlişmələr, yeni müdafiə strategiyaları və NATO-nun gələcəyi, terrorla mübarizə strategiyaları və terrora qarşı turizm, İsrail və İran arasındakı soyuq savaşın qanlı müharibəyə çevrilmə perspektivləri, Çinin inkişaf edən yeni güc mərkəzi kimi dünya siyasətindəki rolu, problemlərin həlli üçün yeni beynəlxalq müstəvi axtarışı və s. mövzularda panellər təşkil olunacaq.
Həmçinin dünyadakı borc böhranının görünməyən tərəfləri, Rusiyanın Avropa Birliyinin enerji təchizatındakı rolu, Şimal və Cənub Axını layihələri, Afrikanın dünya iqtisadiyyatına təsiretmə yönündə apardığı mübarizə, yeni beynəlxalq maliyyə güclərinin yaranma perspektivləri, Qara dəniz bölgəsində iqtisadi iş birliyi potensialı, Qafqazın bölgə iqtisadiyyatındakı rolu və s. mövzularda iqtisadi polemikalar da aparılacaq.
Toplantıda sosial medianın dünyanı idarə edən yeni qüvvə kimi meydana çıxması, ekoloji tarazlıq, dinin birləşdirici ünsür kimi çıxış etmək imkanları, təhsil problemləri, bəşəriyyətin humanizm hissinin və aclığa baxışının Somali nümunəsi, qadının siyasətdə rolu, ailə modelinin qorunması üçün mədəniyyət ittifaqlarının qurulması yolları kimi mövzularda da panellər keçirilməsi nəzərdə tutulub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB