Zaqatala Fövqəladə Hallar Komissiyası haqlarında yazılan yanlış informasiyaları təkzib edib

Respublikanın bəzi kütləvi informasiya vasitələrində son günlər Zaqatala rayonunun zəlzələdən zərər çəkmiş kəndilərində əhalinin su, ərzaq, çadır və digər zəruri vasitələrlə təmin edilməməsi ilə əlaqədar məlumatlar yayılıb. Rayon Fövqəladə Hallar Komissiyasından SİA-ya bildirilib ki, yeraltı təkanlardan dərhal sonra komissiyanın iclası keçirilib, işçi qrupları yaradılmaqla vəziyyət öyrənilib, əhalinin su, qaz, enerji, rabitə xidmətləri ilə davamlı təmin edilməsi üçün tədbirlər görülüb. Zəlzələ baş verdiyi gün Fövqəladə Hallar Nazirliyinin rayonda qərargahı yaradılaraq rayona texnika, çadır və digər avadanlıqların gətirilməsinə başlanıb.

May ayının 9-da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin zəlzələnin daha çox zərər verdiyi ərazilərə səfər etməsi, əhali ilə görüşləri və müvafiq göstərişlərin verilməsi əhaliyə mənəvi dayaq olub, işlərin sürətini artırıb.

Qısa müddətdə zəlzələdən zərər çəkən ailələrə çadırların verilməsinə başlanıb və ərzaq yardımı göstərilib. Əhalinin yaşadığı çadır şəhərciklərinə istirahət üçün çadırlar quraşdırılaraq televizorlar, işıq generatorları verilib, su təchizatı üçün sudaşıyan avtomobillər ayrılıb. Zəlzələ bölgəsinə təcili yardım tibb briqadaları göndərilib, tibb məntəqələri yaradılıb. Daha çox dağıntıya məruz qalan Qımır, Gözbarax kəndlərində səyyar hamamlar quraşdırılıb.

Rayonun yaşayış məntəqələrinə dəymiş ziyanın müəyyən edilməsi məqsədi ilə mütəxəssislərdən ibarət baxış qrupları yaradılaraq fəaliyyət göstərir. Uçmuş evlərin yenidən tikilməsi üçün fərdi evlərin layihələri işlənilir və tikinti aparacaq şirkətlər tərəfindən tikinti materiallarının və texnikanın rayona daşınması surətlə davam edir.

Zaqatalalılar təbii fəlakəti səbr və təmkinlə qarşılayıblar və inanırlar ki, Azərbaycan dövləti tərəfindən zəlzələnin nəticələrinin aradan qaldırılması üçün lazım olan bütün tədbirlər vaxtında görüləcəkdir.

Ziyan çəkmiş kəndlərdə hər gün rayon rəhbərliyi və Fövqəladə Hallar Nazirliyinin nümayəndələri olmaqla vəziyyət daim nəzarətdə saxlanılır və qaldırılmış məsələlər Fövqəladə Hallar Nazirliyinin qərargahında operativ həll edilir.

Bildiririk ki, bəzi Kütləvi İnformasiya Vasitələrində zəlzələ bölgəsindəki vətəndaşlara diqqət və qayğının, eləcə də yardımların görtərilməməsi barədə yazılanlar tamamilə yalandır və həqiqəti əks etdirmir.

Bütün xəbərlər Facebook səhifəmizdə