“Eurovizion” öncəsi söz azadlığı müzakirə olundu - YENİLƏNİB (FOTOLAR)
Bu gün İnsan Hüquqları Klubu, o cümlədən Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun təşkilatçılığı ilə "Demokratiya naminə oxuyaq" adlı beynəlxalq konfransa keçirilib. SİA-nın verdiyi məlumata görə, Konfransda ölkənin media qurumlarının və müxtəlif jurnalist təşkilatlarının rəhbərləri Azərbaycan mətbuatında olan problemləri müzakirə ediblər.
Tədbiri "Demokratiya naminə musiqi" kampaniyasının koordinatoru Rəsul Cəfərov açıb. İlk paneldə "İfadə azadlığı, jurnalist təhlükəsizliyi və yayım şəffaflığı: Azərbaycanda hazırkı durum necədir? Bu prinsiplər demokratik inkişafa necə yardım göstərir?" mövzusunda olub.
Demokratik Jurnalistika Məktəbindən Rövşən Hacıbəylinin moderatorluğu ilə keçən ilk hissədə "Turan"ın direktoru Mehman Əliyev "Azərbaycan mediasının əsas problemlərinin qısa xülasəsi" mövzusunda, daha sonra \"Diffamasiya – media azadlığına təhlükəlimi\" mövzusunda media eksperti Ələsgər Məmmədli çıxış edib. "Araşdırma materialları və tənqid: jurnalistlərin təhlükəsizliyi üçün problemlərin səbəbləri kimi" məruzəsi isə araşdırmaçı jurnalist Xədicə İsmayılovanın təqdimatında tədbir iştirakçılarına təqdim edilib.
"Dünyanın heç bir yerində "Eurovizion" musiqi yarışmasının siyasiləşdirilməsinə rast gəlinməyib. Müsabiqə bir mədəniyyət tədbiridir. Amma bundan istifadə edərək ölkəmizlə əlaqədar mənfi imic formalaşdırmaq niyyətləri yolverilməzdir". Bunu isə konfransda çıxışı zamanı Prezident Administrasiyanın ictimai-siyasi məsələlər şöbəsinin sektor müdiri Vüqar Əliyev deyib.
"İddia olunur ki, guya 60 min insanın mülkiyyət hüququ pozulub. Bu təbliğatı aparan müxalifət düşərgəsi keçirdikləri mitində yalnız bir nəfərin iştirakını təşkil edə bilmişdilər. Çünki o xanımdan başqa kimsə yoxdur. Əgər onların dediyi sayda narazı insanlar varsa, müxalifət mitinqə niyə 2 mindən artıq insan toplaya bilmədi?", - deyən Administrasiya rəsmisi ölkəmizdə insan haqlarının qorunduğunu, söz və mətbuat azadlığının mövcudluğunu qeyd edib.
"Azadlıq" Radiosunun əməkdaşı Xədicə İsmayılovanın söz və ifadə azadlığına məhdudiyyət qoyulması ilə bağlı ittihamlarını cavablandırarkən sektor müdiri: "Əgər Azərbaycanda söz və mətbuat azadlığı olmasaydı, siz belə yazılar yaza bilməzdiniz", - deyə bildirib.
Prezident Administrasiyanın sektor müdiri "jurnalistlər"in həbsinə münasibət bildirərkən qeyd edib ki, bu rəqəm şişirdilmiş formada dünya ictimaiyyətinə çatdırılır: "Məsələn, Azərbaycanda fəaliyyəti qanunsuz olan İranın "Səhər" kanalının sürücüsü Azərbaycanın dövlətçiliyinə qarşı təxribatçı əməllər göstərdiyi üçün həbs olunub. Amma onu jurnalist kimi təqdim edirlər".
Vüqar Əliyev eyni zamanda Avropa insan və mətbuat azadlıqları təşkilatlarının Azərbaycan əlehinə çalışdığını da deyib. Onun sözlərinə görə, beynəlxalq təşkilatlar "Avroviziya" mahnı müsabiqəsindən istifadə edib ölkəmizə qarşı sərt mövqe nümyiş etdirir. Azərbaycandakı bəzi şəxslər isə bu fürsətdən istifadə edib özləri üçün qrant mənbəyi təşkil edirlər: "Tarixdən məlumdur ki, bəzi ölkələrdə insan haqları kritik durumda olduğu halda belə bu mahnı müsabiqəsi siyasiləşdirilməyib və həmin ölkəyə təzyiq vastəsi kimi istifadə edilməyib. Mən açıq danışacağam, mətbuatdan gördüyüm, eşitdiyim, oxuduğum məlumatlara əsasən deyə bilərəm ki, bu tədbir kimlər üçün siyasi ambissiyalarını realaşdırmaq üçün fürsət oldu".
V.Əliyevin sözlərinə görə, Böyük Britaniyada və Fransada jurnalist dövlətçilik maraqlarına çıxdığı halda həbs olunur, ancaq Avropa ictimaiyyəti buna heç bir sərt reaksiya nümayiş etdirmir. Az qalır ki, Bakı küçələrində sahibsiz itlərin yığışdırılmasını da bir kampaniyaya çevirsinlər. Azərbaycana qarşı təzyiq vastəsi kimi irəli sürsünlər. Dünən mətbuatda qeyd olunur ki, seksual azlıqları yığıb harasa aparıblar, heç kəsin xəbəri yoxdur. Bu birbaşa dövlətə qarşı təxribatdır. Halbuki, Daxili İşlər Nazirliyi də açıqlama vermək məcburiyyətində qaldı ki, belə bir əməliyyat ümumiyyətlə, keçirilməyib. Bakıdan uzaq yerlərdə aparılan abadlıq və quruculuqla bağlı söküntü işləri də "Avroviziya" ilə əlaqələndirildi".
Sərhədsiz Repartiyorlar Birliyinin Almaniya təmsilçisi İngo Petz isə qeyd edib ki, Azərbaycan hökuməti onun təmsilçisi olduğu təşkilatın ölkəmizə qarşı neqativ mövqe nümayiş etdiyini düşünür, lakin məsələ düşünülən kimi deyil. Onun sözlərinə görə, analoji tədbirlər Avropada da baş verir. Məsələn, Ukraynada Futbol üzrə Avropa Çempionatı ərəfəsində də Sərhədsiz Repartiyorlar Birliyi etiraz bəyanatları verib.
İngo Petz həmçinin əlavə edib ki, yalnız "Avroviziya"dan səhnə kimi istifadə olunaraq bu cür çıxışlar edilir. "Gərək xarici jurnalistlər buradakı problemləri yox, Azərbyacanın maraqlı bir ölkə olması ilə bağlı reportajlar hazırlasın".
Mətbuat Şurasının sədri Əflatun Amaşov isə qeyd edib ki, Azərbaycanda söz və mətbuat azadlığının olmadığını deyən insanlar yanılır. Çünki istənilən şəxs istədiyi formada qəzet və digər mətbuat orqanı yaradıb işlədə bilir. Bundan başqa Əflatun Amaşov bildirib ki, bu ilin oktyabrında "Diffamasiya haqqında" qanun qəbul olunacaq.
Tədbirin ən maraqlı hissəsi X.İsmayılova ilə iqtidar mətbuatının rəhbərləri arasında baş verib. Jurnalist onunla bağlı "şantajda iştirak edən" "Yeni Azərbaycan", "İki Sahil" və "Səs" qəzetlərinin rəhbərlərini çıxışının əvvəlində salamlayıb və daha sonra Azərbaycanda azad mediaya qarşı basqılarla bağlı nümunələri sadalayıb. O, həmçinin Respublika Prokurorluğunun onunla bağlı həyata keçirilən şantajın araşdırılmasında operativ və səmərəli iş görmədiyini deyib.
X.İsmayılovanın və ümumiyyətlə, daha əvvəlki çıxışçıların Azərbaycan hakimiyyətinin media siyasətinə yönəlik fikirlərinə öncə Prezident Administrasiyası rəsmisi Vüqar Əliyev cavab verib. O bildirib ki, hakimiyyət medianın durumunu yaxşılaşdırmaq üçün əlindən gələni edir. O, "Avroiziya" tədbirlərinin kimin üçünsə qrant, kimin üçünsə siyasi piar məqsədi daşıdığını deyib.
""Yeni Azərbaycan" qəzetinin baş redaktoru Hikmət Babaoğlu isə X.İsmayılovanın onları "şantajçı" deməklə təhqir etdiyini bildirib. Onun sözlərinə görə, bu halda onun araşdırmaçı adlandırılması doğru deyil: "Güman ki, bizim barəmizdə işlətdiyi sözlərə görə Xədicə xanım üzr istəyəcək. Çünki biz onu şantaj etməmişik, barəsində fikirlərimizi bildirmişik".
"Səs" qəzetinin baş redaktoru Bəhruz Quliyev isə X.İsmayılova ilə bağlı məsələnin xalqa şərəf gətirmədiyini deyib. Dövlətin buna qarşı mövqeyini ortaya qoyduğunu deyən baş redaktor: "Azərbaycan mentalitetində bir xanımın nikahsız, siğəsiz kiminsə "pastel"inə girməsi şərəf gətirən şey deyil. Bunun əvəzində xanım jurnalist deyir bu mənəm, kimlərsə şantajçıdır", deyə bildirib.
X.İsmayılova isə B.Quliyevə sərt cavab verib: "Bəhruz bəy, mənim şəxsi həyatım sizin işiniz deyil. Şəxsən mənim işimdir. Buna şərh vermək haqqını sizə tanımamışam. Azyaşlı deyiləm, bu olayla bağlı şərh vermək sizin borcunuz deyil. Bu hadisə göstərdi ki, Azərbaycan cəmiyyəti əxlaq və liberal dəyərləri baxımdan hökumətdən bir addım öndədir. Çünki bu təhqirlər qarşısında cəmiyyətdən dəstək gördüm".
Vüqar Əliyev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB