Qənirə Paşayeva Dağlıq Qarabağ münaqişəsindən danışıb

Milli Məclisin Azərbaycan-Türkiyə parlamentlərarası dostluq qrupunun üzvü, "Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu" İctimai Birliyinin sədri, siyasi elmlər üzrə fəlsəfə doktoru Qənirə Paşayeva Avropada yayımlanan türk kanallarında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı geniş çıxışlar edib. SİA-nın məlumatına görə, "Kanal Avropa"nın efirində Q.Paşayeva Ermənistanın işğal etdiyi Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik rayonlarda törətdiyi vandalizm aktlarından danışıb.

Deputat çıxışlarında Azərbaycanın 20 faiz torpaqlarının 20 ildir Ermənistanın işğalı altında qalmasının sadəcə ölkəmizin deyil, bütün türk dünyasının ortaq məsələsi olduğunu vurğulayıb. Q.Paşayeva deyib ki, Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vəhşiliklərə dünya laqeyd yanaşır. Amma biz bunun belə davam etməsinə imkan verməməliyik və verməyəcəyik. BMT, Avropa Parlamentinin və digər beynəlxalq təşkilatların Dağlıq Qarabağın Ermənistan tərəfindən işğalı ilə əlaqədar qəbul etdikləri qərarları vardır. Lakin Ermənistan bu qərarların heç birinə əhəmiyyət vermir. Buna baxmayaraq, Ermənistana qarşı təzyiq göstərilmir. Deputat Xocalı soyqırımı, Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktları, bir milyondan çox azərbaycanlının 20 ildən artıqdır ki, doğma yurd-yuvalarına qayıda bilməmələri barədə ətraflı məlumat verib. Bildirilib ki, harada doğulmasından və yaşamasından asılı olmayaraq hər bir türk Xocalı soyqırımının, Qarabağ həqiqətlərinin dünyaya çatdırılması, bu qanlı cinayəti törədənlərin layiqli cəzalarını alması üçün çalışmalıdır. Xocalı soyqırımı, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi tək Azərbaycanın deyil, bütün türk dünyasının problemidir.

Bütün xəbərlər Facebook səhifəmizdə