Həmsədrlər bəyanatla çıxış edib

ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popov (Rusiya), Robert Bradtke (ABŞ), Jak For (Fransa) və ATƏT-in hazırkı sədrinin xüsusi nümayəndəsi Anji Kaspşik mayın 11-14-də regiona səfərləri çərçivəsində Yerevan və Bakıda olduqları zaman Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə son səyləri müzakirə etmək üçün prezidentlər İlham Əliyev və Serj Sarkisyanla görüşüblər. SİA-nın ATƏT-in syatına istinadən verdiyi xəbərə görə, bu barədə xəbərATƏT-in Minsk Qrupunun həmsədrlərinin regiona son səfərlərinin yekunlarına dair birgə bəyanatında yer alıb.

Bəyanatda bildirilir: \"Həmsədrlər tərəflərlə prezidentlər Əliyev və Sərkisyanın yanvarın 23-də Soçidə qəbul etdikləri öhdəliklərin reallaşması, o cümlədən münaqişənin sülh yolu ilə nizamlanmasının əsas prinsiplər üzrə razılaşmanın əldə edilməsi prosesini sürətləndirmək, atəşkəs rejiminin pozulmasının qarşısını almaq mexanizmləri üzərində işləmək, humanitar əlaqələri inkişaf etdirmək kimi məsələlərlə bağlı müzakirələr aparıblar. Həmsədrlər qoşunların təmas xəttində baş verən son insidentlərlə bağlı narahatlığını bildirib və tərəfləri təmkinli davranmağa və qisasçılıqdan çəkinməyə çağırıblar. Həmsədrlər tərəflərin münaqişənin sülh yolu ilə həllinə sadiq qalmasını alqışlayırlar.
Vasitəçilər tərəflərlə 1994-cü ildə əldə olunmuş atəşkəs haqqında razılaşmanın möhkəmləndirilməsi və qarşılıqlı inamın gücləndirilməsi üçün hərbi və humanitar sahələrlə qarşılıqlı etimad mühitinin formalaşdırılması məsələlərini müzakirə ediblər. Bundan başqa həmsədrlər münaqişə həllini tapana kimi risk zonasında yerləşən, Azərbaycan və Ermənistana məxsus mədəni və tarixi irsin mühafizə olunmasının vacibliyi ilə bağlı fikir mübadiləsi aparıblar.
Bəyanatda qeyd olunur ki, vasitəçilər hər iki ölkənin xarici işlər nazirləri ilə müzakirələri yaxın gələcəkdə davam etdirməyi planlaşdırırlar.

Bütün xəbərlər Facebook səhifəmizdə