Gənclər İran səfirliyi qarşısında etiraz aksiyası keçirib - FOTOLAR (YENİLƏNİB)
Bu gün Azərbaycanda fəaliyyət göstərən gənclər təşkilatlarının fəalları İran İslam Respublikasının Azərbaycandakı səfirliyi qarşısında etiraz aksiyası keçirib. Etirazçılar əvvəlcə Axundov bağının yaxınlığına toplaşıb və oradan səfirliyin önünə yürüş ediblər. SİA-nın verdiyi məlumata görə, 500-600 gəncin iştirak etdiyi aksiya zamanı "İran, murdar ermənini qucağından burax!", "Azərbaycan var olsun, İrana ar olsun!", "Homoseksualist İran mollarına Azərbaycanda yer yoxdur!", "Şuşanı ermənilərə İran hakimiyyəti satıb!", \"Əhmednejad 40 milyonluq Cənubi Azərbaycanlının adına qara ləkədir!\", \"İran bəsdir, Azərbaycana terrorist, ekstremist və narkotik göndərdin!\" və s. şüarlar səsləndiriblər.
Gənclər təşkilatının nümayəndəsi Sərraf Hüseynov çıxış edərək bildirib ki, Azərbaycan gənclərini İranın Azərbaycandakı səfirliyinin qarşısında keçirilən aksiyaya qoşulmasına səbəb 9 may tarixində Azərbaycanın Təbrizdəki Konsulluğunun qarşısında iran mollalarının təşkil etdiyi etiraz aksiyasına cavabdır. Gənc fəal qeyd edib ki, bu gün İrandakı fars rejimi anti-Azərbaycan siyasəti həyata keçirir: "Bunun nəticəsidir ki, İran rəsmi dairələrinin birbaşa diqtəsi ilə müxtəlif vaxtlarda Azərbaycanın diplomatik korpusunun yerləşdiyi binaların, mənzil-qərargahların önündə aksiyalar təşkil olunub. Ayın 9-da Təbrizdəki konsulluğumuz qarşısında keçirilən aksiyanın məqsədi isə yalnız mollalara bəlli olub. Amma bu aksiyaların arxasında nələrin və kimlərin dayandığından bizim də xəbərimiz var. Məlum məsələdir ki, İran tərəfinin bu addımı \"Avroviziya\" öncəsi ölkəmizdə sabitliyi pozmağa, xarici vətəndaşların ölkəmiz haqda fikirlərində dəyişiklik aparmağa, bir sözlə Azərbaycanın son vaxtlar yüksələn imicinə zərbə vurmağa hesablanıb. Biz mollaların bu addımını daxili işimizə qarışmaq kimi qiymətləndiririk. Biz səfirliyin əməkdaşlarına, İran dövlətinə demək istəyirik ki, bu gün Azərbaycan gəncliyi Azərbaycan dövləti tərəfindən atılan bütün addımları dəstəkləyir. Xarici dövlətlərin, təşkilatların, fərdlərin məsləhətinə Azərbaycanın ehtiyacı yoxdur. Biz bunu qəbul etmirik\".
Aksiyada iştirak edən gənclər təşkilatının üzvü Sahil Hacıyev isə çıxışında bildirib ki, İrandakı mövcud rejimindən Azərbaycana, ölkəmizin müstəqilliyinə qarşı təxribatçı hərəkətlər həyata keçirilməkdədir: \"Biz də Azərbaycanın gənc fəalları olaraq İranın Azərbaycandakı səfirliyinə etirazımızı bildirmək üçün bura toplaşmışıq. Bizim bir milyondan artıq vətəndaşımız Ermənistan dövlətinin yürütdüyü işğalçı siyasət nəticəsində qaçqın həyatı yaşayır və torpaqlarımızın 20 faizi erməni ordusunun işğalı altındadır. Bu azmış kimi, İran müsəlman ölkəsi olsa da bizlərə üzdə qardaş deyir, amma arxada ermənilərə dəstək olur, sarkisyanları, nalbandyanları bağrına basır. Məlum məsələdir ki, İran və Ermənistan prezidentləri arasında baş tutan görüşlərdə Azərbaycan haqda müzakirələr aparılsa da, prioritet məsələ iki ölkə arasında gün-gündən genişlənən əlaqələr, iqtisadi əməkdaşlıqdır. Hər iki ölkə Azərbaycanın inkişafını, müstəqil siyasətini qəbul etmir. Siyasi rəhbərlər Azərbaycana qarşı bir növ birləşib iş aparırlar. Biz də bir gənc olaraq buna imkan verməməyə çalışırıq. Azərbaycan gəncliyi, Azərbaycan insanı buna yol verməyəcəyik\".
Qafqaz Müsəlmanları İdarəsinin Qərb bölgəsi üzrə səlahiyətli nümayəndəsi Hacı Tahir isə jurnalistlərə açıqlamasında deyib ki, Azərbaycanın Təbrizdəki Baş Konsulluğu qarşısında Azərbaycan dövlətinə qarşı səbəbsiz yerə piket təşkil olunmuşdur. Azərbaycanı istəməyən bəzi insanlar İranla Azərbaycan arasında dostluğu pozur, iki qardaş arasında təfriqə yaradır: "Məhz bununla əlaqədar olaraq, biz İran səfirliyi qarşısında öz sözümüzü demək üçün bura toplaşmışıq. Onlara birmənalı şəkildə demək istəyirik ki, İran-Azərbaycan dostluğuna xələl gətirməsinlər. Azərbaycanın dövlət atiributları ölkəmizin Təbrizdəki baş konsulluğu qarşısında təhqir olunmuşdur. Bəzi riyakar insanlar Azərbaycan dövlətini, dövlətçiliyimizi və xalqımızı təhqir etmişdir. Biz səfirliyin qarşısına buna cavab almaq üçün gəlmişik. Biz gözləmirdik ki, bizim din qardaşımız olan İranda Azərbaycan dövlətçiliyinə qarşı təxribat olunsun, qanımız bahasına əldə etdiyimiz müstəqilliyinə ləkə yaxılsın, xor baxılsın. Gərək Azərbaycanın parlaqlığı bizim qonşularımızı da sevindirsin, eləcə də, qardaş və dost dövləti. Din qardaşı deyilən xalqdır, amma onlar xalq deyil. Yəni İran xalqı deyil. Onlar bir qrup araqarışdıran insanlardır ki, onların tapılıb cəzalandırılmasını tələb edəcəyik. Azərbaycan dövlətini təhqir edənlər Azərbaycanın konsulluğu qarşısında bəzi nalayiq sözlər işlədən iranlı müsəlman ola bilməz\".
Məlumat üçün bildirək ki, mayın 8-də Güney Azərbaycanın Təbriz şəhərində, Azərbaycanın Təbrizdəki konsulluğu qarşısında keçirilən etiraz aksiyası ilə bağlı şok faktlar ortaya çıxıb.
Güney azərbaycanlılardan daxil olan məlumata görə, Bakıda "gey parad" keçirilməsi iddiası ilə Azərbaycan iqtidarı və bütövlükdə ölkəmiz hədəf alınan aksiyada Təbriz əhalisi iştirak etməyib:
\"İranda hamı mollaların Təbrizdəki düzməcə aksiyanın necə hazırlandığını bilir. Bu mitinqdə təbrizlilər deyil, İranın digər vilayətlərindən gətirilmiş yoxsul kəndlilər, dövlətə bağlı "Bəsici"lər iştirak ediblər. Onlara bu mitinqə iştirak etmək üçün pul verilib və ərzaq paylanıb. Faktı təsdiqləyən video görüntüləri redaksiyanıza təqdim edirik. Qoy hamı həqiqəti bilsin". – deyə soydaşlarımız bildiriblər.
Daha sonra aksiya iştirakçıları İran səfirinə ünvanladıqları qətnaməni oxuyublar.
Həmin qətnamədə deyilir: \"Biz bu etiraz aksiyasını keçirməklə İran rəhbərliyinə demək istəyirik ki, qardaş, dost dediyimiz bir dövlətdə belə bir hadisənin olması bizi çox üzmüşdür. İranın Azərbaycana qarşı qərəzli mövqe göstərməsi, Ermənistanla dostluq əlaqələri qurması, İranda yaşayan 30 milyonluq azərbaycanlıya qarşı mədəni soyqırımı həyata keçirilməsidir. İran hakimiyyəti Azərbaycanın əldə etdiyi uğurları görmək istəmir. İndiyə qədər bir dəfə də olsun Qarabağda ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırımı dilinə gətirməyən İran İslam Respublikasının prezidenti Mahmud Əhmədinejat Ermənistana səfəri zamanı qondarma erməni soyqırımı abidəsinin qarşısına əklil qoyur. Biz Azərbaycan gəncləri ölkəmizdə İranın təxribatlarına yol verməyəcəyik\".
Sonda aksiyaçılar polislər tərəfindən İran səfirliyi qarşısından uzaqlaşdırılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB