Cümşüd Nuriyev: “Müxalifətin 9 milyonluq Azərbaycan xalqı adından çıxış etməsi məntiqsizdir” - MÖVQE

Azərbaycanda baş verənlər bizim daxili işimizdir. Bunun xarici ölkələrdə, beynəlxalq arenada hallandırılması ziyalıya yaraşan iş deyil. Hər bir Azərbaycan vətəndaşı kimi, özünü ziyalı sayan Rüstəm İbrahimbəyov da öz fikrini bildirməli idi. Daxili işimizi dünya səviyyəsinə çıxararaq bundan reytinq qazanmaq cəhdi ziyalıya yaraşmaz. Bunu SİA-ya açıqlamasında politoloq Cümşüd Nuriyev bildirib.

Onun sözlərinə görə, əlində diplomu olan hər kəsə ziyalı deməkdə olmaz: "Həmin diplomları istənilən yolla, istənilən formada almaq mümkündür. Amma əsl ziyalı olmaq hər insana nəsib olmur. Eyforiyadan tək Rüstəm İbrahimbəyovun deyil, digərlərinin də psixologiyasında çatışmazlıqlar yaranıb".


Müxalifətin keçirdiyi mitinqlərə gəlincə, C.Nuriyev hesab edir ki, bu İctimai Palatanın zəifliyindən doğan bir məsələdir: "Burada almaniyalı sifarişçilər xüsusi rol oynayır. Onların əsas məqsədi ondan ibarətdir ki, beynəlxalq musiqi yarışması - "Avroviziya" ərəfəsində Azərbaycan daha çox biabır olsun. Həm də xarici dövlətlərin Azərbaycandakı maraqlarını təmin etsinlər".


Politoloq deyib ki, Azərbaycanın hüquq-mühafizə orqanları qeyri-qanuni fəaliyyət göstərən İctimai Palata haqqında hələ də ölçü götürmür: "Çünki qeydiyyatı olmayan qeyri-hökumət təşkilatları (QHT) haqqında Azərbaycan respublikasının qanunu var. Bu konkret olaraq Ədliyyə Nazirliyinin işidir. Qurum bir növ bununla məşğul olmalıdır. Müxalifətin 9 milyonluq Azərbaycan xalqı adından çıxış etmələri məntiqsizdir, yersizdir".

Bütün xəbərlər Facebook səhifəmizdə