\"Azərbaycan 2020: inkişafın yeni hədəfləri” mövzusunda konfrans keçirilir

\"Azərbaycan 2020: inkişafın yeni hədəfləri” mövzusunda konfrans keçirilir

Bu gün Yeni Azərbaycan Partiyası "Gülüstan" sarayında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 89-cu ildönümünə həsr edilmiş "Azərbaycan 2020: inkişafın yeni hədəfləri" mövzusunda konfrans keçirir. SİA-nın xəbərinə görə, konfrans öncəsi iştirakçılar Fəxri Xiyabana gedərək Ulu öndərin abidəsini ziyarət edib, məzarı önünə əklil və gül dəstələri qoyublar. Daha sonra onlar akademik, görkəmli oftalmoloq Zərifə Əliyevanın məzarını ziyarət ediblər.

Ziyarət zamanı hakim Yeni Azərbaycan Partiyasının (YAP)sədr müavini-icra katibi Əli Əhmədov jurnalistlərə verdiyi açıqlamasında bildirib ki, hər il ənənəvi olaraq Ulu öndər Heydər Əliyevin doğum günü ərəfəsində müxtəlif tədbirlər və konfranslar keçirilir: \"Bu isə ümummilli liderin şəxsiyyətinə və onun Azərbaycan xalqı üçün göstərdiyi xidmətə olan qiymətdir\".


Qeyd edək ki, konfransın plenar iclasında Azərbaycan Respublikası Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin "Azərbaycan 2020: inkişafın yeni hədəfləri" mövzusunda məruzəsi dinləniləcək. Konfrans daha sonra öz işini bölmə iclasları ilə davam etdirəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə