Bahar Muradova: \"Nə Azərbaycan, nə də Almaniya dövləti məsələnin bu dərəcədə şişirdilməsində maraqlı deyil”

"İstər Almaniyada, istərsə də bəzi Qərb ölkələrində Azərbaycanın qazandığı uğurlar, nailiyyətlər fonunda bu nailiyyətləri görməməzliyə vuran, onu başqa səbəblərə bağlayan yazıların meydana gəlməsinin şahidi oluruq. Bu da Azərbaycanı istəməyən dairələrin, ilk növbədə erməni lobbisinin maliyyəsi, köməyi ilə həyata keçirilir". SİA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Milli Məclisin vitse-spkeri Bahar Muradova deyib. B. Muradova qərəzli materialları bütövlükdə Almaniya siyasətinin, Almaniya dövlətinin, alman xalqının mövqeyi kimi qəbul etməyin tərəfdarı olmadığını vurğulayıb: "Bunu bu şəkildə qələmə verənləri də Alman-Azərbaycan dostluğuna xələl gətirən insanlar kimi dəyərləndirirəm. Hesab edirəm ki, bu nigarançılıqda aradan qalxacaq. Çünki nə Azərbaycan dövləti, nə də Almaniya dövləti məsələnin bu dərəcədə şişirdilməsində maraqlı deyil".

Bahar Muradova həmçinin Azərbaycan BMT Təhlükəsizlik Şurasına sədrlik etdiyi dövrdə Dağlıq Qarabağla bağlı yeni bir qətnamənin qəbulu ilə bağlı münasibət bildirib: "Mən bu haqda fikir söyləyə bilmərəm. Bildiyiniz kimi, Xarici İşlər Nazirliyi tərəfindən Azərbaycanın BMT TŞ-yə sədrlik edəcəyi dövrdə hansı məsələlərə diqqət yetiriləcəyi barədə bəyanat olub. Hesab edirəm ki bu konteksdə Dağlıq Qarabağ məsələsinin də müzakirə predmeti ola biləcəyini düşünmək olar".

Bütün xəbərlər Facebook səhifəmizdə