Əli Əhmədov: \"Müxalifətin keçirdiyi mitinqə az sayda adam gəlirsə, bunda Azərbaycan hökumətinin günahı yoxdur”
"Azərbaycan hökuməti ölkədə sərbəst toplaşmaq hüququnun təmin edilməsi üçün lazım olan bütün işləri görüb. Müxalifətçilər mitinqlərini keçirmək istəyəndə keçirirlər, tərəfdarlarını toplayırlar, onların qarşısında çıxışlar edirlər. Əgər onların keçirdiyi mitinqə az sayda adam gəlirsə, hesab edirəm ki, bunda Azərbaycan hökumətinin bir günahı yoxdur". SİA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında hakim Yeni Azərbaycan Partiyasının (YAP) icra katibi-sədr müavini Əli Əhmədov deyib. O bildirib ki, mitinqlərin harada keçirilməsilə bağlı müvafiq icra hakimiyyətinin qəbul etdiyi qərar var: "Hesab edirəm ki, mərkəzdə mitinq keçirmək söhbəti ilə əslində mitinqlərinin uğursuzluğa düçar olunduğunu gizlətməyə çalışırlar. Mitinqin harada keçirilməsi yox, onun insanlar tərəfindən nə qədər dəstəklənməsi əhəmiyyətlidir. Azərbaycan müxalifətinin 35-40 təşkilatı mitinq təşkil edir. Orada 1000-1500 nəfər yığılır. Təsəvvür edin ki, hər təşkilatdan 30-40 nəfər gedir. Elə hər təşkilat təmsilçilərinin ailə üzvləri yığılanda 2000 nəfər olur. Bu isə o deməkdir ki, Azərbaycan cəmiyyəti müxalifətin təşkil etdiyi mitinqdə iştirak etmək istəmir. Yəni onların ictimai dəstəyi, sosial bazası yoxdur. Əslində onların mərkəzdə yer istəməklə bağlı bəyanatlarını keçirdikləri mitinqlərin iflasa uğradığının üstünün örtülməsi kimi qiymətləndirirəm" ,-deyə icra katibi sözlərinə əlavə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB