Türkiyə və türk dünyası arasında "erməni divarı"

Türkiyənin mediası Rusiya və İran müttəfiqliyinin Ankara üçün mənfi nəticələri barədə yazıb


Rusiya-İran müttəfiqliyinin mövcudluğu Türkiyənin Qafqazda aktiv siyasət yeritməsinə imkan verməyəcək və belə olduqda ölkə təsir dairəsi baxımından yalnız Anadolu ilə məhdudlaşacaq. Bu fikir Türkiyənin "haber 7" portalında gedən "Böyük oyun" adlı məqalədə yer alıb.


Məqalədə tarixə müraciət edilərək bildirilib ki, XX əsrin əvvəllərində Rusiya və İran arasındakı müttəfiqlik Türkiyəni türk dünyasından ayırdı və araya "erməni divarı" saldı: "Türkiyə və Naxçıvan arasına ermənilərin salınması ilə Ankara türk dünyasından ayrı düşdü. Əgər bu divar olmasaydı, Türkiyə və Azərbaycan avtomobil yolu ilə birləşər, beləcə Türkiyənin Xəzər dənizi vasitəsilə türk dünyasına çıxışı olardı. Ancaq Rusiya və İran birliyi bu planları heçə endirdi".


Məqalədə daha sonra vurğulanır ki, hazırda Türkiyəni türk dünyası ilə bağlayan yeganə yol Gürcüstandır. Lakin bu yol Moskva ilə Tbilisi arasındakı konflikt səbəbindən təhlükəsiz sayılmır. "Hazırda İran və Rusiya Türkiyəni Yaxın Şərqdən əhatəyə almaq, Suriya və İraqı ölkəyə qarşı qaldırmaq istəyir", - deyə əlavə edilib.


Məqalədə həmçinin bildirilib ki, əgər Türkiyə yaxın vaxtlarda Rusiya və İranın müttəfiqliyinə qarşı aktiv siyasət həyata keçirməsə, təkcə Qafqazda deyil, ümumilikdə Yaxın Şərqdə və İslam dünyasında inamını itirəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə