“ATƏT-Azərbaycan: prioritetlər və əsas fəaliyyət sahələri” mövzusunda dəyirmi masa keçirilib

“ATƏT-Azərbaycan: prioritetlər və əsas fəaliyyət sahələri” mövzusunda dəyirmi masa keçirilib
Bu gün ATƏT-in Bakı ofisi və Azərbaycan Diplomatik Akademiyasının (ADA) birgə təşkilatçılığı ilə "ATƏT-Azərbaycan: prioritetlər və əsas fəaliyyət sahələri" mövzusunda dəyirmi masa keçirilib. Tədbirin keçirilməsində əsas məqsəd, Azərbaycanın akademik dairələrini ATƏT-in və qurumun Bakı ofisinin fəaliyyəti haqqında məlumatlandırmaq və bu mövzuda fikir mübadiləsi aparmaqdır. Tədbirdə çıxış edən ATƏT-in Bakı ofisinin rəhbəri, səfir Koray Tarqay bunları dedi: "Ofisimiz Azərbaycan hökuməti, eləcə də siyasi partiyalar, KİV və vətəndaş cəmiyyətinin digər təmsilçiləri ilə əməkdaşlıq edərək ATƏT prinsipləri və öhdəliklərini təşviq edir. Hesab edirik ki, bu işdə akademik təşkilatların da rolu əvəzsizdir. Bu baxımdan, bu cür tədbirləri bundan sonra da davam etdirmək niyyətindəyik". Daha sonra səfir Koray Tarqay və ADA-nın prorektoru Fariz İsmayılzadənin çıxışından sonra ATƏT-in Bakı ofisinin Siyasi-hərbi şöbəsinin təmsilçisi Təranə Bağırova, İqtisadiyyat və Ətraf mühit şöbəsinin nümayəndəsi Laura Kondemi, Qanunun aliliyi şöbəsinin rəhbəri Monika Martinez və Demokratikləşmə şöbəsinin rəhbəri Nikolas Deç təşkilatın Azərbaycanda həyata keçirdiyi layihələr barədə tədbir iştirakçılarına məlumat verib.

Qeyd edək ki, dəyirmi masa Azərbaycanın ATƏT-ə qoşulmasının 20-ci ildönümü ilə bağlı keçirilən silsilə tədbirlər çərçivəsində təşkil olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə