Türkiyə hakimiyyəti İsrailin mayda Çikaqoda keçiriləcək NATO sammitində iştirakına veto qoyacaq. Amma bu vəziyyət aradan qalxa da bilər. Əgər rəsmi Tel-Əviv "Mavi Mərmərə" dənizində baş vermiş hərbi insidentə səbəbindən Ankaradan üzr istəsə. Bu fikirlər Türkiyənin xarici işlər naziri Əhməd Davudoğluna məxsusdur.
Dünya mediasına istinadən xəbər verilir ki, bir sıra aparıcı ölkələr Türkiyəni qərarından döndərmək istəyirlər. Ə.Davudoğlu bildirir ki, Tel-Əvivlə Ankara arasında münasibətlərin normallaşmasını arzulayan qüvvələr birincinin üzrxahlığına nail olmalıdırlar. Türkiyə XİN rəhbərinin bu mövqeyini tənqidə məruz qoyanların fikrincə isə, NATO-nun maraqları ilə İsraillə diplomatik böhranı qarşılaşdırmaq düzgün deyil.
Qeyd edək ki, Türkiyə 2010-cu ildə yaşanmış "Mavi Mərmərə" böhranından sonra İsrailin Şimali Atlantika Alyansının sammitlərində iştirakını əvvəllər də boykot edib. Həmin vaxt sözügedən gəmidə İsrail desantları ilə fələstinli fəallar arasında baş verən qarşıdurmada 8 Türkiyə vətəndaşı və türk mənşəli amerikalı həyatını itirib. Tel-Əviv öldürülənləri terrorçu adlandıraraq onlara görə üzr istəməkdən və təzminat ödəməkdən boyun qaçırır.
Yeri gəlmişkən, Ə.Davudoğlu İsrailin ünvanına daha bir mənfi fikir səsləndirib. Amma o, adı çəkilən ölkə ilə yanaşı, Ermənistanı və Suriyanı da qınayıb. Türkiyənin "Milliyyət" qəzetinin yazdığına görə, Ə.Davudoğlu Ankaranın qonşuları ilə problemsiz siyasət həyata keçirdiyi vurğulayıb. Onun sözlərinə görə, mövcud kurs öz nəticələrini verir. Türkiyə Azərbaycan, Gürcüstan, Rusiya və Ukrayna ilə çox gözəl münasibətlərə malikdir. Ermənistan, İsrail və Suriyaya gəldikdə isə, Davudoğlunun fikrincə, bu ölkələrin yeritdikləri siyasət təkcə öz xalqlarına deyil, bütövlükdə bəşəriyyətə qarşı cinayətdir. Ankaranın onlarla sabit əlaqələr saxlaması çox çətindir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB