Ermənistanda əsgərləri ya öldürür, ya da intihar həddinə çatdırırlar

Ermənistanda əsgərləri ya öldürür, ya da intihar həddinə çatdırırlar

Yerevanda Ermənistan Milli Konqresinin növbəti seçkiqabağı mitinqi keçirilib. Erməni mətbuatına istinadən xəbər verilir ki, aksiyada çıxış edən Demokrat Partiyasının lideri Stepan Dəmirçiyan Ermənistan hakimiyyətini kəskin tənqid edərək ölkənin böhrana düşdüyünü bildirib. Onun sözlərinə görə, Ermənistanın səfalətə yuvarlanmasına, emiqrantların sayının artamsına səbəb hökumət və onun yarıtmaz siyasətidir. İqtidarın bir neçə nəfər üçün olduğunu söyləyən DP sədri bunun dözülməz olduğunu bəyan edib: "Nə qədər ki, bunlar orda oturub, mənəvi durğunluğumuz da artacaq, emiqrantların sayı daha da çoxalacaq. Biz buna daha dözə bilmərik. Biz demokratik ölkədə yaşamaq istəyirik. Biz bu hakimiyyəti əvəz etməliyik".


Daha sonra mitinqdə çıxış edən Ermənistan Milli Konqresinin sədri, keçmiş prezident Levon Ter-Petrosyan da Serj Sarkisyan hakimiyyətini kəskin tənqid edib. Onun sözlərinə görə, əgər ölkənin gəlirləri büdcəyə daxil olsaydı, pensiyaları və maaşları artırmaq mümkün idi. "Öz ölkəsini talayan bu insanlar Azərbaycana qalib gəlmək istəyir?", deyə Ter-Petrosyan sual edib.


Eks-prezidentin sözlərinə görə, Serj Sarkisyan hakimiyyətinin bir cinayəti də ondan ibarətdir ki, ölkənin vətəndaşları müdafiəsizdir. EMK sədri bildirib ki, insanların problemi yarananda onlar polisə və məhkəmələrə müraciət etməkdən imtina edirlər. Çünki polis də, məhkəmə də cinayətkarlarla əlbirdi və sonda şikayət edənin özünü həbsxanaya atırlar.


Levon Ter-Petrosyan ordudakı əsgərlərin müdafiə olunmaması məsələsinə də toxunub. Bildirib ki, orduda əsgərləri ya öldürür, ya da onları intihar həddinə çatdırırlar.

Bütün xəbərlər Facebook səhifəmizdə