Argentinanın Açıq İnteramerikan Universitetinin radiosunun proqramı bütünlükdə Azərbaycana həsr olunub
Argentinanın Açıq İnteramerikan Universitetinin (Universidad Abierta İnteramericana) "Conexion Abierta" radiosunun "İmpulso Cultural" proqramının aprelin 19-da yayımlanmış buraxılışı bütünlükdə Azərbaycana həsr edilib. Azərbaycanın Argentinadakı səfirliyindən SİA-ya verilən məlumata görə, "İmpulso Cultural" proqramı qeyd olunan universitetlə Argentinanın "Equilibrium Globol" qeyri-hökumət təşkilatının birgə layihəsidir və bu proqram müxtəlif ölkələrin tarixi, mədəniyyəti və musiqisinə həsr olunur.
Bir saatlıq veriliş canlı olaraq səfirliyin əməkdaşı Ruslan Rzayevlə müsahibə şəklində yayımlanıb. Müsahibədə Ruslan Rzayev Azərbaycanın qədim və zəngin tarixi, mədəniyyəti, incəsənəti, musiqisi, ənənələri və mətbəxi haqqında məlumat verərək ölkənin çoxmədəniyyətli ölkə olması və sivilizasiyalararası dialoqun təşviqindəki rolu barədə danışıb. O, diqqəti əsas etibarilə Azərbaycanın tarixi-mədəni mərkəzlərindən olan Qarabağ bölgəsinə yönəldərək Qarabağ muğamı, xalçaçılıq və zərgərlik məktəbi, habelə bu bölgədən çıxmış tanınmış Azərbaycan mədəniyyət xadimləri barədə məlumat verib.
Proqramda "Eurovision" mahnı müsabiqəsinə də toxunularaq Azərbaycanın ötən il bu müsabiqədə qalib gəldiyi və bu səbəbdən həmin müsabiqənin bu il Azərbaycanda keçiriləcəyi qeyd edilib. Proqramda ötən il "Eurovision" müsabiqəsində Azərbaycana qələbə qazandıran mahnı və bu il "Eruovision"da Azərbaycan təmsilçisinin ifa edəcəyi mahnı səsləndirilib. Əlixan Səmədovun ifasında "Sarı gəlin" və Akif İslamzadənin ifasında "Qaragilə" musiqi nömrələri də dinləyicilərə təqdim olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB