Avrasiya Zirvəsi və Azərbaycan-TƏHLİL

Avrasiya Zirvəsi və Azərbaycan-TƏHLİL

Avrasiyaçılıq baxış tərzi Asiya və Şərqi Avropa ölkələrini yəni, Avropa və Amerikanın təşkil etdikləri hakim güc xaricində qalan dövlətləri birləşdirməyə səy göstərən iqtisadi-geopolitik cərəyandır. Lev Qumilyov və Aleksandr Duqin fərqli Avrasiyaçılıq görüşləri ilə hazırda dünyada bu cərəyanın əsas fikirlərinin istinad edildiyi mütəfəkkirlərdəndir. Türkiyədə isə Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu Osmanlı düşüncəsi üzərindən Türkiyənin də Avrasiyada önəmli bir ölkə olduğunu geopolitik mənada müdafiə etməkdədir. Belə ki, Əhməd Davudoğlunun "Strateji Dərinlik" kitabı bu istiqamətdə və mahiyyətdə qələmə alınıb. Məhz bu kontekstdə qeyd olunmalıdır ki, 11 apreldə İstanbuldakı Lütfi Kırdar Konqres Mərkəzində Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin təşkilatçılığı ilə XV Avrasiya İqtisadi Zirvə Toplantısının keçirilməsi əhəmiyyətli bir hadisə olub. Digər tərəfdən Azərbaycan nümayəndə heyətinin tədbirdə iştirak etməsi və Azərbaycan Respublikası Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovun Azərbaycan Prezidenti, Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin fəxri sədri İlham Əliyevin Zirvə Toplantısının iştirakçılarına müraciətini oxuması Azərbaycanın Avrasiya iqtisadi zonasına və geopoloitik düşüncəsinə önəm verdiyinin bariz nümunəsidir. Məhz professor Əli Həsənovun zirvə çərçivəsində bildirdiyinə görə, 2001-ci ildən Azərbaycanın 15 il əvvəl 7 ölkənin iştirakı ilə başlayan, indi isə iştirakçı dövlətlərin sayı 48-ə çatan bu Zirvə Toplantısında fəal iştirakı, Azərbaycanın ümummilli lideri Heydər Əliyevin Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin fəxri sədri olması və Prezident İlham Əliyevin də keçən il bu vəqfin fəxri sədri seçilməsi Azərbaycanın Avrasiyada təsirli dövlət olma istiqamətində atdığı strateji addımlardan biri olaraq qiymətləndirilməlidir. Bu baxımdan zirvə çərçivəsində "Azərbaycan gecəsi"-nin keçirilməsi, ölkəmizin zirvə toplantılarında təkcə iştirakçı deyil, eyni zamanda, təşkilatçı da olması, respublikamızın bölgədə həyata keçirdiyi transmilli layihələri gündəmə gətirməkdədir.

Digər tərəfdən toplantı çərçivəsində Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadənin Zirvənin mədəniyyətlərarası dialoq toplantısında sədrlik etməsi və ümummilli lider Heydər Əliyev və Prezident İlham Əliyevin islam dininin dəyərlərinə böyük diqqət yetirdiklərini vurğulaması və beynəlxalq təşkilatlar tərəfindən Azərbaycanın ən tolerant ölkələrdən biri kimi göstərilməsindən bəhs etməsi, Avrasiyada mədəniyyətlərarası dialoqun möhkəmlənməsi baxımından aktuallıq kəsb edir.


Azərbaycan Avrasiyada nüfuzlu dövlətdir


Azərbaycanın Avrasiyadakı iqtisadi-geopolitik yerini və funksional rola malik mövqeyini anlamaq üçün bu ilin yanvarın 27-də Davosda "Avrasiyanın gələcəyi" adlı keçirilən sessiyanı xatırlamağımız kifayətdir. Belə ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sessiyada iştirak edərək çoxşaxəli çıxış etməsi geosiyasi, iqtisadi və mədəniyyətlərarası dialoq aspektindən Avrasiyaçılıq düşüncəsi kontekstində əhəmiyyət kəsb edir. Çünki Avrasiyaçılıq düşüncəsi iqtisadi cəhətdən olduğu kimi siyasi cəhətdən də beynəlxalq münasibətlər kontekstində böyük rola malikdir. Mövzu ilə bağlı cənab prezident öz çıxışında yüksək analitik təhlil qabiliyyəti ilə ontoloji mənada tarixi yaddaşımızı da dəyərləndirərək Azərbaycanın Avrasiyanın gələcəyində oynadığı yerə işarə etmişdir. Məhz coğrafi mövqe baxımından Azərbaycanın İpək yolunun üstündə Avropa ilə Asiyanın kəsişməsində çox əlverişli məkanda yerləşməsi də Avrasiya iqtisadi-geopolitik düşüncəsi kontekstində önəmlidir. Bu mənada hörmətli prezidentin XV-ci Avrasiya Zirvə toplantısı iştirakçılarına göndərdiyi məktub da əhəmiyyətli siyasi bir sənəddir: "Sizi səmimi qəlbdən salamlayır və XV Avrasiya Zirvə toplantısının işə başlaması münasibəti ilə təbrik edirəm. Müasir dünyada sülhün və əmin-amanlığın qorunmasına, sosial-iqtisadi tərəqqiyə öz əməli töhfəsini verən Türkiyə Cümhuriyyətində hər il Mərmərə Vəqfinin təşkilatçılığı ilə keçirilən Zirvə görüşləri regional və beynəlxalq əməkdaşlığın genişləndirilməsi, Avrasiya bölgəsində xalqlar və dövlətlərarası siyasi və mədəni əlaqələrin möhkəmləndirilməsi işinə müsbət təsir göstərir. Sonuncu Zirvə toplantısından ötən müddət ərzində region ölkələri arasında iqtisadi, siyasi və humanitar əlaqələr daha da güclənmiş, genişmiqyaslı yeni-yeni transmilli layihələrin əsası qoyulmuşdur. Azərbaycan həmişə olduğu kimi, bu layihələrin reallaşdırılmasında, iqtisadi əməkdaşlığın dərinləşdirilməsində, Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında yaxından iştirak edir. Son illərdə intensiv həyata keçirilən və inşası başa çatmaqda olan Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi, Azərbaycan Respublikası və Türkiyə Cümhuriyyəti arasında imzalanmış "Trans-Anadolu" qaz xəttinin tikintisinə dair anlaşma memorandumu da bu məqsədə xidmət edir. Dünyada cərəyan edən mürəkkəb proseslər, geosiyasi, geoiqtisadi və strateji maraqların mübarizəsi, ekoloji vəziyyət bir sıra təhlükəli meyillərin meydana çıxmasına, iqtisadi böhranların və sosial gərginliyin yaranmasına yol açır, sülhün və təhlükəsizliyin qorunmasını çətinləşdirir. Qlobal inkişafın yeni çağırışlarına cavab verilməsi üçün dünyanın görkəmli ictimai-siyasi, elm və mədəniyyət xadimlərinin, iş adamlarının və aparıcı beyin mərkəzlərinin müxtəlif formatlarda müzakirələr aparmasına və adekvat qərarlar çıxarmasına ehtiyac duyulur. Bu baxımdan, çoxsaylı ölkələri və beynəlxalq təşkilatları təmsil edən mötəbər nümayəndə heyətlərinin iştirak etdiyi Avrasiya Zirvə toplantılarının səmərəli fəaliyyəti gözlənilən ümidləri doğruldur.

İnanıram ki, bugünkü yığıncaqda hamımızı düşündürən regional problemlərin həllinə, dövlətlərarası iqtisadi, siyasi və mədəni əlaqələrin inkişafına təkan verən, xalqlarımızın mənafelərinə xidmət edən yeni ideyalar irəli sürüləcək və qərarlar qəbul olunacaq. Bu yolda hər birinizə uğurlar arzulayıram."

Cənab prezidentin yuxarıda toplantı iştirakçılarına ünvanladığı məktubu təhlil etdiyimizdə mətində bir neçə istiqamətdə strateji fikirlərin ifadə edildiyini görürük. Belə ki, Avrasiya Zirvə toplantısının keçirilməsi iqtisadi gəlirlərin insan kapitalına çevrilməsi, qlobal inkişafın sürətləndirilməsi, ekoloji vəziyyətin düzəldilməsi, regionda sülhün bərqərar olması və s. prioritet mövzularda təkana səbəb olacaq.

Nəticədə XV Avrasiya Zirvə toplantısı, enerji mənbələri başda olmaqla təbii qaynaqların çox olduğu bir region olması ilə region ölkə və xalqlarının bunun şüurunda olmasının vacibliyini bir daha göstərdi. Məhz İpək Yolunun yenidən canlandırılması, region ölkələri arasında vizasız gediş-gəlişlərin təşkil edilməsi, qarşılıqlı turizm və ticarət həcminin yüksəldilməsinin regionun müştərək mənfəətlərinə müvafiq olduğunu bir daha vurğulanıb. Bu kontekstdə Azərbaycan Avropa və Asiyanın kəsişmə nöqtəsində yerləşdiyinə görə Avrasiya üçün iqtisadi və geopolitik baxımdan açar ölkə olaraq əhəmiyyətini mühafizə etməkdədir.



Rəşad İlyasov

Fəlsəfə doktoru


Bütün xəbərlər Facebook səhifəmizdə