Prezident: \"Azərbaycan qarşıdurma arenasına çevrilməyəcək\"

Prezident: \"Azərbaycan qarşıdurma arenasına çevrilməyəcək\"
\"Azərbaycanın müstəqillik siyasətini qəbul etməyən qüvvələr var\". SİA-nın məlumatına görə, Prezident İlham Əliyev Nazirlər Kabinetinin iclasında belə deyib. Onun sözlərinə görə, ölkəmizin siyasəti belə qüvvələri qıcıqlandırır: "Onlar çalışırlar ki, yeni imkanlardan istifadə edib informasiya təxribatları ilə məşğul olsunlar, yalan, böhtan xarakterli məlumatları ötürsünlər. Mətbuat hazırda, nəinki informasiya mənbəyidir, eyni zamanda, təxribat mənbəyidir. Əfsuslar olsun ki, bu, belədir. Biz isə öz növbəmizdə buna hazır olmalıyıq. Biz hazırıq. Hər bir əsassız hücuma biz cavab verməliyik, veririk və verəcəyik. Bir daha demək istəyirəm ki, Azərbaycan öz yolu ilə gedir. Bizə qarşı informasiya təxribatları əfsuslar olsun ki, dediyim faktlarla məhdudlaşmır. Elə qüvvələr var ki, bölgədə vəziyyəti qarışdırmaq istəyirlər. Elə qüvvələr vardır ki, Azərbaycanı öz qonşuları ilə üz-üzə qoymaq istəyirlər. Burada da informasiya təxribatlarından istifadə edilir. Başqa necə istifadə edə bilərlər?! Mümkün deyil. Çünki qonşularımızla əlaqələrimiz tarixi köklərə söykənir. Biz bütün qonşularla, - Ermənistan təbii ki, istisna olmaqla, - normal, yaxşı dostluq münasibətləri yaratmışıq və bu dostluq münasibətlərini gücləndiririk, gücləndirəcəyik. Heç bir qonşumuzla problemimiz yoxdur".

Prezident bəyan edib ki, Azərbaycan heç vaxt başqa ölkələrin planlarında iştirak etməyəcək: "Mən bunu dəfələrlə demişəm. Hələ prezidentlik dövrümün əvvəlində demişəm. Azərbaycan qarşıdurma arenasına çevrilməyəcək. Kim istəyir Azərbaycanı qarşıdurma arenasına çevirsin, getsin özü üçün başqa yer axtarsın. Biz heç vaxt imkan verə bilmərik ki, ərazimizdən qonşulara qarşı hansısa mənfi planlarda istifadə edilsin və bunu hamı bilir. Belə olan halda yenə gəlir informasiya təxribatı məsələləri. Mötəbər, dünya səviyyəli mətbu orqanlarda çirkin yalanlar dərc edilir. Sonra bu yalanları təsir altında olan digər mətbu orqanlar yayır. Beləliklə, rəy formalaşır. Yaxud da ki, formalaşdırmağa çalışırlar ki, Azərbaycan bölgədə hansısa başqa planlara malikdir. Bizim bir istəyimiz var ki, bölgədə sülh, sabitlik, əmin-amanlıq olsun. Qonşularla münasibətlər prioritet xarakter daşıyır. Biz bu bölgədə yaşayırıq və yaşayacağıq. Mən qonşulardan da Azərbaycana ancaq müsbət münasibət görürəm və buna çox şadam. Ona görə, biz bunu bilməliyik, bu barədə açıq deməliyik və buna qarşı biz öz prinsipial mövqeyimizi qoymalıyıq və qoyuruq".

Bütün xəbərlər Facebook səhifəmizdə