Rusiya Federasiya Şurasının sədri: “Dağlıq Qarabağ probleminin həll yolunu qısa zamanda tapmaq mümkün deyil”
Dağlıq Qarabağ probleminin həll yolunu qısa zamanda tapmaq mümkün deyil. SİA-nın xəbərinə görə, bunu Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko Milli Məclisin sədri Oqtay Əsədovla görüşündən sonra keçirilən brifinqdə deyib. O, Dağlıq Qarabağ münaqişəsinin çox mürəkkəb məsələ olduğunu vurğulayıb: "Lakin biz bu məsələdə BMT qətnamələri çərçivəsində hərəkət edir, beynəlxalq hüquq normalarını əsas tuturuq. Rusiya Dağlıq Qarabağ münaqişəsinin həll yolunun tapılması üçün bütün lazımi səyləri göstərir. Prezident Dmitri Medvedyevin təşəbbüsü ilə artıq Azərbaycan, Ermənistan və Rusiya prezidentlərinin bir neçə üçtərəfli görüşü keçirilib və bütün tərəfləri qane edəcək həll yolunun tapılması formatları müzakirə olunub. Prezidentlərin son Soçi görüşü çox səmərəli keçib. Üçtərəfli bəyanat imzalanıb, fikrimcə, bu bəyanat həll formatının axtarışını sürətləndirəcək".
Valentina Matviyenko qeyd edib ki, parlamentin bu işdə rolu başqa istiqamətdədir. Bunun parlament diplomatiyası olduğunu deyən Federasiya Şurasının sədri hesab edib ki, əsas diqqət ziyalıların, mədəniyyət xadimlərinin üçtərəfli görüşü üzərində cəmləşdirilməlidir.
"Etimad mühiti formalaşmadan bu problemin həll yolunu tapmaq çətindir. Mənə elə gəlir ki, bu məsələdə parlamentlərin rolu bundan ibarət olmalıdır. Biz mədəniyyət, elm xadimlərinə dəstək verməli, etimad mühiti formalaşdırmağa çalışmalıyıq", - deyə o əlavə edib.
Bu məsələdə ATƏT-in Minsk Qrupunun rolunu qiymətləndirən Federasiya Şurasının sədri vurğulayıb ki, bu qurumun potensialı tükənməyib: " ATƏT-in Minsk Qrupu bu problemin həll olunmasına öz köməkliyini göstərir. Rusiya bütün tərəfləri qane edəcək qərarların axtarılıb tapılmasında bir vasitəçi kimi aktiv mövqe tutub və tutmaqda davam edəcək. Hər iki tərəf xoş məram nümayiş etdirməli və sülh yolu ilə həll variantları tapmalıdır. Biz bu məsələdə beynəlxalq hüquqa, BMT qətnamələrinə, dövlətlərin ərazi bütövlüyü və güc tətbiq etməmək prinsiplərinə əsaslanırıq. Düşünürəm ki, bu prinsipdən çıxış etsək, həll yolunu hər halda tapacağıq, çünki bu məsələ təkcə iki ölkə qarşısında deyil, bütün regionun qarşısında sərt şəkildə durur".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB