Nəqliyyat vasitələrinin idarə edilməsi qanununa edilən dəyişiklik nə vəd edir - ARAŞDIRMA
"Azərbaycan İnzibati Xətalar Məcəlləsinə nəqliyyat vasitələrini idarəetmə zamanı qanun pozuntularına yol verilməsi ilə bağlı bəzi əlavə və dəyişikliklər təklif olunub. Dəyişikliklər 3 əsas məqsəd daşıyır. Birinci, həmin şəxsi islah etmək. İkincisi, onu tənbeh etməklə digərlərinə ibrət dərsi vermək, üçüncüsü, sosial ədalətin bərpasıdır". Bunu SİA-ya açıqlamasında Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Rafael Cəbrayılov bildirib. Onun sözlərinə görə, tətbiq edilən yeni dəyişikliklər sosial durumundan asılı olmayaraq bütün avtomobil sürücülərinə tətbiq ediləcək. Yeni qanuna əsasən Azərbaycanda sərxoş sürücünün müayinədən boyun qaçırmasına görə cərimənin iki dəfədən artıq artırılması təklif olunur.
Qanun layihəsində qeyd olunur ki, sərxoşluq vəziyyətinin yoxlanılması üçün nəqliyyat vasitəsini idarə edən şəxsin müayinədən boyun qaçırmasına görə cərimənin məbləği 70 manatdan 150 manatadək artırılır. Qanun layihəsində avtomobili texniki baxışdan keçirmədən idarə etməyə görə vəzifəli şəxslər üçün cərimənin minimum həddinin götürülməsi təklif olunur. Belə ki, nəqliyyat vasitələrinin sahibləri və ya sürücüləri tərəfindən müəyyən edilmiş qaydada və müddətdə nəqliyyat vasitəsini dövlət qeydiyyatından və ya texniki baxışdan keçirmədən idarə etməyə görə fiziki şəxslər otuz manat miqdarında, vəzifəli şəxslər 70 manat miqdarında cərimə olunacaqlar. Hazırda bu pozuntuya görə, vəzifəli şəxslər üçün cərimənin məbləği 40 manatdan 70 manatadək olan məbləğdədir. "Bu pozuntu ilə bağlı təklif olunan digər bir dəyişikliyə görə, şəxs nəqliyyat vasitəsini dövlət qeydiyyatından və ya texniki baxışdan keçirmədən idarə etməyə görə inzibati məsuliyyətə cəlb olunduqda 10 gün ərzində nəqliyyat vasitəsini dövlət qeydiyyatından və ya texniki baxışdan keçirməlidir. Bu müddət ərzində şəxs həmin əməlin törədilməsinə görə təkrarən inzibati məsuliyyətə cəlb olunmur. Lakin bu dəyişikliklə tam razı deyiləm. Çünki hüquqi baxımdan bir qədər abstraktdır. Çünki hər hansı bir şəxs avtomobilini texniki baxışdan keçirmədən idarə etməyib qarajda saxlayar. Bu zaman ona cərimə tətbiq edilməsi yolverilməzdir".
Digər bir təklifdə sürücülük vəsiqəsinin qəsdən korlanmasına, yararsız hala salınmasına və ya itirilməsinə görə cərimənin məbləği 40 manat müəyyən edilir. Millət vəkili hesab edir ki, əhalinin dincliyini nümayişkaranə şəkildə pozan səs siqnallarından istifadə edilməsinə görə cərimənin məbləğinin 80 manatdan 100 manatadək artırılması hazırkı dövrdə vacib hesab olunur. Çünki bir sıra gənclərin günün müxtəlif saatlarında şəhərin mərkəzi hissələrində səs siqnallarından və səsgücləndiricilərdən istifadə etməsi sakinlərin ciddi narahatlığına səbəb olur.
Qanun layihəsinin 159-1 maddəsinə ediləcək dəyişiklikdə isə, inzibati cəriməni cərimələnən şəxs 3 ay müddətində ödəməlidir. Əgər həmin şəxs cəriməni ödəməkdən imtina edərsə, 1 il müddətinə sürücülük hüququndan məhrum ediləcək. Əvvəllər isə bu cərimə müddəti 6 ay nəzərdə tutulurdu.
Digər bir maddədə isə deyilir ki, avtomobili idarə edərkən sürət həddini saatda 10 kmdən 30 kmdək aşmağa görə 20, saatda 30 kmdan 60km-ya kimi 100 manat, maksimum sürət həddini saatda 60 kmdan artıq aşmağa görə 150 manat cərimə tətbiq olunur. Beləliklə, bu maddə qanunda yumuşaldıcı xarakter daşıyır ki, bu da maksimum həddi 10 km aşmaya görə cərimə nəzərdə tutulmur.
Millət vəkilindən onu da öyrəndik ki, nəqliyyat vasitələrinin sürücülük hüququ olmadan idarə etməyə görə, sərxoş vəziyyətdə idarə etməsinə görə, avtomobil sahibi öz avtomobilini başqa şəxsə idarə etməyə verərsə, avtomabil sahibinin avtomabilini başqa sərxoş şəxs idarə edərsə, bu zaman müvafiq cərimələrində məbləği 80 faiz artırılıb. "Qeyd edək ki, qanun layihəsinə ediləcək dəyişikliklərdən biri də nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının görünüşünü çətinləşdirən örtüklərdən və ya qurğulardan istifadə olunmasına görə 80 manatdan 100 manatadək cərimə təklif olunur. Hazırda bu cərimə qırx manatdan altmış manatadəkdir. Avtomobili sərxoş vəziyyətdə idarə etdiyi halda sürücülərin tibbi müayinədən keçməkdən imtina etməsinə görə də cərimələr artırılıb. Əgər əvvəllər bu cərimələr 70 manat idisə, hazırda 150 manat ola bilər",-deyə millət vəkili Rəfael Cəbrayılov bildirdi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB