Sabahdan etibarən Macarıstanda ASAIF Budapest forumu öz işinə başlayacaq. 27 ölkədən 250-dən çox gəncin qatılacağı forum, növbəti dəfə Azərbaycan gənclər tarixində mühüm yer tutacaq. ASAİF-dən SİA-ya verilən məlumat görə, forumun əsas məqsədlərindən bir neçəsi, xarici ölkələrdə təhsil alan gənclərimizin ortaq bir platformada birləşərək təcrübə müadiləsində iştirak etmək, dövlət rəsmiləri ilə bir başa ünsiyyət vasitəsi ilə onlarla fikir mübadiləsi aparmaq, müzakirələr və panellərdə mühüm mövzular ətrafında müzakirələr vasitəsi ilə Azərbaycanın xaricdə təmsil olunmasının yeni metodlarını öyrənməkdir.
Forumun ilk günü gənclərimiz Azərbaycanın Litva, Avstriya, Yunanıstan, Almaniya, Böyük Britaniya, İtaliya və digər ölkələrdə olan fövqəladə və səlahiyyətli səfirləri ilə görüşləri, fikir mübadiləsi və ASAİF-in gələcək planlarını müzakirə etməsi ilə başlayacaq. Qeyd edək ki, bu görüş zamanı paralel olaraq Azərbaycanda önəmli yerə malik gənclər təşkilatları rəhbərləri ilə Macarıstan gənclər təşkilatları rəhbərləri arasında iki tərəfli görüşlər keçiriləcək. Keçirilən görüşlər zamanı birgə layihələr, əməkdaşlıq perspektivləri müzakirə olunacaq. Görüş zamanı Macar gənclər ölkələrində olan bir sıra nüfuzlu universitetlərin təqdimatlarını edəcəklər. Günün ikinci yarısı Macarıstan Parlamentində ASAIF Budapeşt "Mən Gənc Səfirəm" adlı forumun rəsmi açılış mərasimi keçiriləcək.
Açılışda həm Macarıstan həm Azərbaycan tərəfdən bir sıra dövlət rəsmiləri çıxış edəcək. ASAIF sədri Orxan Əkbərov forum iştirakçılarını salamladıqdan sonra Azərbaycan Respublikasının Macarıstanda fövqəladə və səlahiyyətli səfiri cənab Vilayət Quliyev çıxış edəcək. Daha sonra Macarıstan Parlamentinin Vitse-spikeri Cənab İştvan Yakab, Azərbaycan Respublikasının gənclər və idman naziri cənab Azad Rəhimov, Macarıstan Milli Ehtiyatlar Nazirliyinin sosial təminat, ailə və gənclər üzrə dövlət katibi Cənab Mikloş Şoltes, Azərbaycan Respublikasının təhsil naziri Misir Mərdanov, Azərbaycan Prezidenti Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov, Azərbaycan Respublikası dövlət neft fondunun İcraçı direktoru Şahmar Mövsümov, Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin rəhbəri Səməd Seyidov çıxış edəcəklər.
Forumun ilk günü Azərbaycanın Macarıstanda mədəniyyət günü konsert proqramı ilə başa çatacaq. Konsert proqramında Nigar və Eldar, Tünzalə Ağayeva, Səbinə Babayeva, İlhamə Qasımova, Çingiz Mustafayev, Filarmoniya rəqs ansamblı və digər populyar sənət adamları səhnəyə çıxacaqlar. Forumun ikinci günü 4 mövzu üzrə panellərdə müzakirələr aparılacaq. Panellərin mövzuları "Xaricdə təhsil alan Azərbaycanlı Gənclərin təşkilatlanma, diaspora və lobbiçilik fəaliyyətlərinin formalaşdırılması; baxış və perspektivlər", "Ermənistan-Azərbaycan Dağlıq Qarabağ probleminin dünya ictimaiyyətinə çatdırılmasında gənclərin rolu", "Xaricdə Təhsil: İnsan kapitalının geri dönüşü və karyera imkanları", "Sosial şəbəkələr və KİV-in gənclərin ictimai-siyasi fəallıqlarının artırılmasındakı rolu" olaraq müəyyən edilib. Qeyd edək ki, panel müzakirələri zamanı yuxarıda adlarını qeyd etdiyimiz dövlət rəsmiləri ilə bərabər Azərbaycan Respublikası Gənclər və İdman Nazirinin müavini İntiqam Babayev, Azərbaycan Respublikası milli məclisinin üzvü Ceyhun Osmanlı, Azərbaycan Respublikası milli məclisinin üzvü Fuad Muradov, Azərbaycan Respublikası milli məclisinin üzvü Rasim Musabəyov, Azərbaycan Prezidenti Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinin sektor müdiri Fərhad Məmmədov, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi yanında gənclər fondunun icraçı direktoru Fərhad Hacıyev, Avropa Azərbaycan cəmiyyətinin təsisçisi və sədri Tale Heydərov, ZQAN Holdinqin direktorlar şurasının sədri Anar Məmmədov, TÜRKPA baş katibi Ramil Həsənov, Ümumrusiya Azərbaycanlılar Konqresinin baş katibinin müavini Nemət Nağdəliyev, Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsi, gənclərlə iş şöbəsinin müdiri Vaqif Seyidbəyli, NOVCO şirkətlər qrupunun prezidenti Fərid Novruzi, Antenn fm, Media fm və Yurd.tv-nin rəhbəri Rüstəm Əliyev, "İRƏLİ" gənclər təşkilatının baş katibi Rauf Mərdiyev, Dünya Azərbaycanlı Gənclər Birliyinin sədri Ramin Məmmədov, İTAR-TASS informasiya agentliyinin əməkdaşı, politoloq Səadət Kadırova, "Bakinskiy rabochiy" qəzetinin baş redaktoru, 1news.az, 1news.com.tr-in rəhbəri Rəhman Hacıyev, APA informasiya agentliyinin direktoru Vüsalə Mahirqızı kimi tanınmış ekspertlər iştirak edəcəklər. Müzakirələrin sonunda, nəticələr oxunduqdan sonra forumun təntənəli bağlanış mərasimi keçiriləcək.
Qeyd edək ki, mərasimdə təşkilatın fəaliyyətində və inkişafında xüsusi rolu olmuş insanlara və digər müxtəlif nominasiyalarda plaketlər və sertifikatlar təqdim ediləcəkdir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB