Natiq Əliyev: \"Ənənəvi yanacaq növünün ehtiyatları tükənmək üzrədir\"
\"Ənənəvi yanacaq növünün ehtiyatları tükənmək üzrədir\". SİA-nın verdiyi xəbərə görə, bu sözləri Avronest PA-nın Bakıda keçirilən II sessiyası çərçivəsində Enerji təhlükəsizliyi komitəsinin iclasında Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyev söyləyib.
Onun sözlərinə görə, bu gün dünya əhalisi üçün həyəcanverici siqnal odur ki, 3 milyon insan isitmə imkanından məhrumdur. "Ənənəvi yanacaq növünün ehtiyatları tükənmək üzrədir. Bərpa olunan enerji növləri daha çox təhlükəsiz enerji mühitinin qurulması üçün çox vacibdir. Biz bu gün dünyada enerji problemlərinin çözümü ilə rastlaşırıq. Maliyyə böhranı, həmçinin Şimali Afrikada və Yaxın Şərqdəki siyasi hadisələr dünya bazarında neftin qiymətlərinə təsir göstərir. Biz karbohidrogenlərin istifadə edilməsini, xüsusən neftdən daha effektiv istifadəni diqqətdə saxlamalıyıq, daha çox bərpa olunan və alternativ enerji ehtiyatlarından istifadə etmək lazımdır"-, deyə Natiq Əliyev vurğulayıb.
Bakı sessiyasında Avronest PA-nın Avropa İttifaqı komponentindən olan 60 nəfərlik heyəti, Şərq Tərəfdaşlığı ölkələri -Ukrayna, Gürcüstan, Moldova və Ermənistanın milli nümayəndə heyətləri tam tərkibdə, hər heyətdə 10 nəfər olmaqla iştirak edirlər. İlk dəfə olaraq qurumun Bakı sessiya zamanı elektron səsvermədən istifadə ediləcək. Bunun üçün səsvermədə iştirak edəcək Avropa Parlamenti üzvləri və Şərq Tərəfdaşlığı ölkələrinin nümayəndə heyətlərinin üzvləri xüsusi kartlarla təmin ediliblər.
Məlumat üçün bildirək ki, iclaslarda Ermənistandan olan deputatlar da iştirak edir.
Könül Kamilqızı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB