Elşad Mirbəşiroğlu: “Ermənistan dövlətinə hər hansı bir vasitələrlə təzyiqlər göstərilməlidir”

Elşad Mirbəşiroğlu: “Ermənistan dövlətinə hər hansı bir vasitələrlə təzyiqlər göstərilməlidir”

\"Hər dəfə Ermənistan dövləti müxtəlif səpkidə paradlar təşkil edir. Amma ermənilərin bu dəfə Azərbaycanın əzəli, tarixi torpağı olan Şuşada bu kimi paradları təşkil etmələri işin ciddiliyindən xəbər verir\". Bunu SİA-ya açıqlamasında politoloq Elşad Mirbəşiroğlu deyib. Onun sözlərinə görə, Ermənistan prezidenti Serj Sarkisyanın da bu paradda iştirakı danışıqlar prosesinin nəticəsiz qalmasına işarədir: "Ermənistan dövləti bir tərəfdən münaqişənin tənzimlənməsi immitasiyası ilə məşğuldur, digər tərəfdən isə bu kimi tədbirlərin həyata keçirilməsinə çalışırlar. Azərbaycan ərazilərinin işğalı qələbə günü kimi qeyd edilirsə, bu Ermənistan tərəfinin öz istəyi ilə işğal edilmiş Azərbaycan torpaqlarını tərk etmək fikrində olmadığından xəbər verir".


Politoloq hesab edir ki, bu baxımdan beynəlxalq ictimaiyyət buna öz münasibətini mütləq bildirməlidir: \"Eləcə də münaqişənin tənzimlənməsi ilə məşğul olan ATƏT-in Minsk qrupunun həmsədr ölkələri birbaşa Ermənistan rəhbərliyinə məsələ ilə bağlı qəti etirazını bildirməlidir. Bu cür addımlar Azərbaycan qarşı yönəlmiş təxribat xarakteri daşıyır və sırf ədalətsizliyinin nümayişini özündə ehtiva edir. Ermənilərin bu kimi addımları danışıqlar prosesinin həllini şübhə altına qoyur.

Ermənistanın davranışları birmənalı şəkildə onu göstərir ki, adı çəkilən dövlətlə xoşluqla dil tapmaq elə də asan olmayacaq. Hesab edirəm ki, Ermənistan dövlətinə hər hansı bir vasitələrlə təzyiqlər göstərilməlidir. Artıq BMT Təhlükəsizlik Şurası səviyyəsində konkret qərar qəbul olunmalıdır\".

Bütün xəbərlər Facebook səhifəmizdə