Tovuz sakini erməni gülləsinə tuş gəlib

Tovuz sakini erməni gülləsinə tuş gəlib

Bu gün günorta saatlarında Tovuz rayonunun Azallı kənd sakini erməni snayperinin gülləsinə tuş gəlib. SİA-nın verdiyi məlumata görə, mülki şəxs 1991-ci il təvəllüdlü Quliyev Vüsal Vəli oğlu Əlibəyli kəndində əkin sahəsində şum apararkən erməni snayperi tərəfindən vurulub.

Xəstə dərhal Tovuz rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Xəstəxananın travmatologiya şöbəsinin həkimi Fəxrəddin Qasımovun sözlərinə görə, güllə onun sol bud nahiyyəsinə dəyib: "Keçirilən əməliyyat nəticəsində güllə yaralının sol bud nahiyyəsindən çıxarılıb. Ancaq xəstənin vəziyyəti orta-ağır olaraq qiymətləndirilir".

Ekspertiziya ilkin araşdırmalar nəticəsində müəyyən edib ki, ermənilər tərəfindən atılan güllə 5.5 kalibrli snayperdən olub.


Qeyd edək ki, ermənilərin dinc sakinləri mütəmadi olaraq atəşə tutması Beynəlxalq normalara ziddiyyət təşkil edir.

İlham MƏMMƏDOV

Bütün xəbərlər Facebook səhifəmizdə