Əli Həsənov: \"Dağlıq Qarabağ münaqişəsinin həllində Rusiyadan çox şey gözləyirik\"
\"Rusiya kimi böyük bir qonşu dövlətin xarici işlər nazirinin Azərbaycana səfəri sıradan bir hadisə deyil, növbəti illər üçün münasibətlərimizin qarşısında duran prioritetlərin müəyyən olunması istiqamətində, qarşılıqlı şəkildə maraqlara daxil olan məsələlərin çərçivəsinin müəyyən olunmasında mühüm bir addım kimi dəyərləndirilməlidir\". SİA-nın verdiyi xəbər görə, bunu jurnalistlərə açıqlamasında Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov deyib.
\"Rusiya ilə Azərbaycan arasında çox geniş spektrli məsələlər var ki, bunlar qarşılıqlı şəkildə müzakirə olunur, qərarlar qəbul olunur və həyata keçirilir\", - deyə Ə. Həsənov əlavə edib.
PA rəsmisi bildirib ki, Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində Rusiyadan çox şey gözləyir.
\"Bu münaqişənin həllində dünyada Rusiyadan daha güclü təsirə malik olan dövlət yoxdur. Biz həm regional məsələlərdə, həm Dağlıq Qarabağ məsələsinə yanaşmada, həm də Ermənistan üzərindəki mövcud təsirini nəzərə alaraq bu bəyanatı veririk. Rusiyanın Ermənistan üzərində olan təsiri dünyada analoqu olmayan bir təsirdir. Bu dövləti istənilən məsələdə, istədiyi istiqamətə və konstruktivliyə yönəldə bilər. Bu anlamda Rusiyadan çox şey gözləyirik. Rusiya tərəfindən təşəbbüslər var, Putin və Medvedev tərəfindən bu istiqamətdə səylər nümayiş etdirilib. İnanırıq ki, bu səylər bundan sonra da davam etdiriləcək və bu il ciddi bir irəliləyiş olacaq\", - deyə Ə. Həsənov qeyd edib.
Məlumat üçün bildirək ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov aprelin 3-4-də Azərbaycana rəsmi səfər edəcək.
Könül Kamilqızı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB