MTN ötən il həyata keçirdiyi əməliyyatların statistikasını açıqlayıb

MTN ötən il həyata keçirdiyi əməliyyatların statistikasını açıqlayıb

"2011-ci il Milli Təhlükəsizlik Nazirliyi üçün də uğurlu olub. Ötən peşə bayramından keçən dövr ərzində Azərbaycanın siyasi, hərbi və iqtisadi maraqlarına qarşı yönələn təhdidlərə, terror-təxribat və kəşfiyyat-pozuculuq niyyətlərinə qarşı məqsədyönlü mübarizə aparılmış və önəmli nəticələr əldə edilib". SİA-nın məlumatına görə, bunu milli təhlükəsizlik naziri, general-leytenant Eldar Mahmudov rəsmi dövlət qəzeti olan \"Azərbaycan\" qəzetində dərc olunmuş yazısında bildirib. Onun sözlərinə görə, Azərbaycan Respublikası, o cümlədən onun Silahlı Qüvvələri əleyhinə xarici xüsusi xidmət orqanlarının kəşfiyyat və digər pozuculuq fəaliyyətinə qarşı bir sıra effektli preventiv əks-kəşfiyyat tədbirləri keçirilib: "Xarici xüsusi xidmət orqanlarının tapşırığı ilə Azərbaycan ərazisində kəşfiyyat-agentura fəaliyyəti ilə məşğul olan 2 nəfər hərbi qulluqçu barəsində Cinayət Məcəlləsinin \"Dövlətə xəyanət\" maddəsi ilə cinayət işləri başlanıb. Azərbaycanın suverenliyi və dövlət təhlükəsizliyi zərərinə olaraq casusluq etməklə dövlətə xəyanət, habelə terror aktına hazırlıq görən, külli miqdarda qanunsuz odlu silah, döyüş sursatı əldə etmiş və digər təhlükəli cinayətdə təqsirli bilinən, İran xüsusi xidmət orqanları tərəfindən əməkdaşlığa cəlb edilmiş 2 ayrı-ayrı qrup, bütövlükdə 24 nəfər ifşa olunaraq tutulub. Həyata keçirilən kompleks tədbirlər nəticəsində Pakistan-Əfqanıstan ərazilərində koalisiya qüvvələrinə qarşı silahlı birləşmələrdə iştirak etmiş və beynəlxalq axtarışda olan 2 nəfər tutulub".

Nazir bildirib ki, ötən il Milli Təhlükəsizlik Nazirliyi tərəfindən narkotik vasitələrin qaçaqmalçılığı, qeyri-leqal miqrasiya, insan ticarəti, \"çirkli pulların yuyulması\", kibercinayətlər və mütəşəkkil cinayətkarlıqla bağlı digər sahələrdə mübarizə ardıcıl davam etdirilib: "Ötən müddətdə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi ilə məşğul olan 30-a yaxın transmilli mütəşəkkil cinayətkar dəstə və qrup ifşa olunub, ümumilikdə 630 kiloqrama yaxın narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb. Həmin narkotik vasitələrdən 353 kiloqramı Rusiya, Ukrayna və Tükiyədən olan tərəfdaşlarla birgə keçirilmiş əməliyyat tədbirləri nəticəsində müsadirə olunub. Faktlarla bağlı 40 cinayət işi başlanıb, Azərbaycan, Ukrayna, Rusiya, İran və Gürcüstan vətəndaşlarından ibarət 137 nəfər istintaqa cəlb olunub. Qaçaqmalçılıqla mübarizə tədbirləri çərçivəsində təyinatına görə nüvə sənayesində istifadə edilən avadanlığın qaçaqmalçılığı ilə məşğul olan transmilli mütəşəkkil cinayətkar dəstə də zərərsizləşdirilib. Eləcə də dərman və dərman preparatlarının, külli miqdarda qiymətli daş-qaşın və qızıl məmulatlarının, spirtli içkilərin, radioaktiv və zəhərləyici maddələrin qaçaqmalçılığının qarşısı alınmış, ümumilikdə bu faktlar üzrə 8 cinayət işi başlanmış, 16 nəfər məsuliyyətə cəlb olunub".

İnsan alverinə qarşı mübarizə sahəsində Azərbaycan vətəndaşları olan qadınların cinsi istismar məqsədilə xarici ölkələrə göndərilməsinin qarşısı alınmış, faktla bağlı cinayət işi başlanıb. Belə ki, Milli Təhlükəsizlik Nazirliyinin materialları əsasında Baş Prokurorluq tərəfindən \"İnsan orqanlarının alqı-satqısı və onların transplantasiya məqsədi ilə götürülməsinə məcbur etmə\" maddəsi ilə başlanıb cinayət işi üzrə 2 nəfər Azərbaycan Respublikası vətəndaşı məsuliyyətə cəlb olunub. Nazir deyib ki, 2011-ci il ərzində Gədəbəy Qızıl-mis Emalı Zavodundan xam qızılın oğurlanması ilə məşğul olan Azərbaycan vətəndaşlarından ibarət mütəşəkkil cinayətkar dəstə ifşa olunaraq cinayət məsuliyyətinə cəlb edilib: "Həyata keçirilən əməliyyat tədbirləri nəticəsində kompyuter informasiyasına qanunsuz daxil olaraq müxtəlif bank hesablarından külli miqdarda pul vəsaitlərinin talanmasında təqsirli bilinən mütəşəkkil dəstə yaxalanıb. Bundan başqa, saxta sənədlər, o cümlədən saxta qiymətli kağızlar hazırlama, nəzarətdənkənar beynəlxalq rabitə xidmətinin təşkili, külli miqdarda vergi ödənişlərindən yayınma, insanların etibarını qazanmaqla külli miqdarda pul vəsaitini mənimsəmə və digər cinayətlər üzrə 27 cinayət işi başlanıb".

Bütün xəbərlər Facebook səhifəmizdə