ATƏT-in Minsk Qrupunun yaradılmasından 20 il ötür

ATƏT-in Minsk Qrupunun yaradılmasından 20 il ötür

1992 - ATƏM (1995-ci ildən ATƏT) Şurasının Helsinkidə keçirilən toplantısında Qarabağ münaqişəsinin nizamlanması üzrə Minskdə konfrans keçirmək barədə qərar qəbul edilib. Ermənistanın təcavüzkarlığı nəticəsində Minsk konfransı baş tutmadı və həmin dövlətlərin vasitəçilik cəhdlərini davam etdirməsi ilə formalaşan qurum Minsk qrupu adlandırılmağa başladı. Beləcə Minsk konfransı ilə bağlı Azərbaycan, Ermənistan, evsahibi ölkə Belarus, habelə Çexoslovakiya (1993-dən Çexiya və Slovakiya), Fransa, Almaniya, İtaliya, Rusiya, İsveç, Türkiyə və ABŞ-ın (cəmisi 12 ölkə) iştirakı ilə işçi format - Minsk qrupu yarandı. Sonrakı müddətdə Minsk konfransı çağırılmasa da, Minsk qrupu Qarabağ münaqişəsində vasitəçilik təsisatı kimi formalaşdı. ATƏM-in 5-6 dekabr 1994-cü il Budapeşt zirvə görüşünün qərarı ilə Minsk qrupunun həmsədrlik institutu yaradılıb. Bu, qrupa bir ölkənin deyil, bir neçəsinin rəhbərlik etməsini nəzərdə tuturdu. İlk həmsədr ölkələr Rusiya və İsveç, daha sonra Rusiya və Finlandiya olub. 1997-ci ildən qrupda ABŞ, Rusiya və Fransanın iştirakı ilə üçlü həmsədrlik institutu fəaliyyət göstərir.


Minsk qrupunun tərəflərə təqdim etdiyi və mətbuatda rəsmi dərc olunmuş münaqişəni tənzimləmə variantlarından ikisi-paket və mərhələli üsullar Ermənistan, biri isə Azərbaycan tərəfindən rədd edilib. Azərbaycana təqdim olunan üçüncü, şərti adı "ümumi dövlət" prinsipinə əsaslanan həll variantı ölkənin suverenliyi və ərazi bütövlüyünə zidd olduğu üçün qəbul olunmayıb. Minsk qrupunun vasitəçilik cəhdləri həmsədrlərin tərəflərlə görüşlər, müzakirələr keçirməsi və Azərbaycan və Ermənistanın dövlət rəhbərlərinin görüşlərini təşkil etmək formasında davam edir.


1990 - Erməni silahlı dəstələri Qazax rayonunun həmsərhəd kəndlərinə hücum ediblər. Basqın nəticəsində rayonun Yuxarı Əskipara, Aşağı Əskipara, Məzəm, Daş Salahlı və s. kəndlərində onlarla dinc sakin öldürülüb və yaralanıb.


1988 - Sov.İKP MK və SSRİ Nazirlər Soveti "1988-1995-ci illərdə Azərbaycan SSR Dağlıq Qarabağ Muxtar Vilayətinin sosial-iqtisadi inkişafını sürətləndirmək tədbirləri haqqında" qərar qəbul edib. Qərara əsasən, Dağlıq Qarabağın sosial-iqtisadi məsələləri Azərbaycanın səlahiyyətindən alınaraq ittifaq hökumətinə verilib. O vaxtkı respublika rəhbərliyi isə buna nəinki etiraz etməmiş, əksinə, qərarı təqdirlə qarşılamışdı.

Bütün xəbərlər Facebook səhifəmizdə