Robert Bratke: “Münaqişənin həll olunmaması həmsədrlərin formatı ilə əlaqəli deyil”

Robert Bratke: “Münaqişənin həll olunmaması həmsədrlərin formatı ilə əlaqəli deyil”

"Minsk qrupu 20 il ərzində üç əsas nəticə əldə edib. Münaqişə tərəfləri arasında gərginliyi azaldıb, tərəflər arasında təmas yaradıb, danışıqlar üçün ümumi bazis formalaşdırıb". SİA-nın xəbərinə görə, bunu ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Robert Bradtke "Azadlıq" radiosuna müsahibəsində deyib.

Həmsədr hesab edib ki, hər şeyi yeni formatla təzədən başlamaqdansa, bu formatda prosesə davam etmək lazımdır: \"Tərəflər də bu formatı qəbul etdiklərini və bu çərçivədə işləmək istədiklərini qeyd edirlər. Biz çərçivə sənədi hazırlanması üçün tərəflərlə ürəklə işləmişik. Lakin hələlik buna nail olmamışıq. Bununla belə, Azərbaycan və Ermənistan prezidentlərinin bu ilin yanvarında Soçidə verdiyi bəyanatda prezidentlər çərçivə sənədi üzərində işi sürətləndirməyə hazır olduqlarını bəyan etdilər. Mən əminəm ki, biz bu gün münaqişənin həllinə 20 il əvvəlkindən daha yaxınıq. Hesab edirəm ki, tərəflər nizamlanmanın əsas elementlərinin nədən ibarət olduğunu anlayır. Onlar həmin elementləri artıq ifadə ediblər. Biz də onlarla birlikdə Akvil, Muskok və Dovil sammitlərində verdiyimiz bəyanatlarda bu elementləri ifadə etmişik".

Diplomat həmçinin qoşunların təmas xəttində atəşkəsin pozulması hallarının araşdırılması mexanizminin hazırlanması məsələsinədə toxunub: "Bu istiqamətdə iş aparılır. Bu məsələ vasitəçilərin regiona son səfəri zamanı Bakı və İrəvanda müzakirə olunub. Həmsədrlər bununla bağlı tərəflərə müəyyən fikirlər verib, onların rəyini öyrəniblər. Eyni zamanda bu məsələ bu həftə Vyanada müzakirə olunacaq. Odur ki, biz hər iki tərəfin razılaşacağı ideya tapacağımıza ümid edirik. Həmçinin insanlar arasında dialoq və əlaqələrin yaradılması zəruridir. 20 il ərzində Azərbaycan və Ermənistanda heç vaxt bir yerdə yaşamayan nəsil yetişib. Odur ki, belə əlaqələr vacibdir".

R.Brtake həmçinin bildirib ki, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı hələ də sülh razılaşması əldə etməyin mümkün olmaması Minsk qrupunun, yaxud həmsədrlərin formatı ilə əlaqəli deyil: "Problem ondadır ki, bu, çox mürəkkəb məsələdir. Tərəflər arasında fikir ayrılığı çox dərindir və etimadsızlıq var. Formatın dəyişməsi bu məsələlərdən heç birini həll etməyəcək".

Bütün xəbərlər Facebook səhifəmizdə