Azərbaycanın İtaliyadakı səfiri Udine və Pordenone şəhərlərində işgüzar səfərdə olub

Azərbaycanın İtaliyadakı səfiri Udine və Pordenone şəhərlərində işgüzar səfərdə olub

Azərbaycanın İtaliyadakı səfiri Vaqif Sadıqov İtaliyanın şimal-qərbində yerləşən, iqtisadi potensialına və maddi rifah səviyyəsinə görə ölkənin ən qabaqcıl regionlardan biri olan Friuli-Venetsiya-Culiya regionunun Udine və Pordenone şəhərlərinə işgüzar səfər edib. Səfirlikdən SİA-ya verilən məlumata görə, səfərin əsas məqsədi Friuli-Venetsiya-Culiya regionunun inzibati qurumları və işgüzar dairələri ilə əməkdaşlıq əlaqələrinin yaradılması və inkişaf etdirilməsi olub.

Səfər zamanı, səfir V.Sadıqov əvvəl Udinenin Ticarət Palatasının prezidenti Covanni Da Podzo ilə görüşüb. Sonra Udinenin meri Furio Honsell, C.Da Podzo və regionun işgüzar və akademik dairələrinin 30-dək nümayəndəsinin iştirak etdiyi dəyirmi masa ətrafında görüş keçirilib. Görüş zamanı V. Sadıqov Azərbaycanın biznes və investisiya imkanlarını əks etdirən geniş təqdimatla çıxış edib.

O, Azərbaycanla Friuli-Venetsiya-Culiya arasında indiyədək bir sıra işgüzar əlaqələrin qurulduğunu, bununla belə bu əlaqələrin dərinləşdirilməsi və yeni əməkdaşlıqların qurulması üçün geniş imkanlardan yararlanmağın məqsədəuyğunluğunu vurğulayıb. Bu xüsusda, Azərbaycanla region arasında ticarət əlaqələri ilə yanaşı, qarşılıqlı investisiya qoyuluşu imkanlarının təhlil edilməsi təklif edilib. Daha sonra iştirakçıların sualları cavablandırılıb. Görüşün nəticəsi olaraq, qarşılıqlı maraq doğuran sahələr üzrə regionun iş adamlarından ibarət heyətin Azərbaycana səfərinin təşkil edilməsinə və iki tərəfin işgüzar dairələri arasında əməkdaşlıq əlaqələrinin yaradılmasına dair razılıq əldə edilib.

Səfir Udinedə, həmçinin Udine və Pordenone Həmkarlar İttifaqları Fondunun prezidenti, tanınmış mesenat Lionello De Aqostini ilə görüşüb.

Daha sonra, V.Sadıqov Pordenone şəhərinə səfər edib. Səfirlə Pordenonenin Sənayeçilər İttifaqının prezidenti Mauritsio Çini və regionun 25-dək iş adamının iştirak etdiyi dəyirmi masa müzakirələri təşkil edilib. Görüşdə V.Sadıqov Azərbaycanın biznes və investisiya mühitinə dair geniş nitq söyləyib.

Daha sonra Pordenonenin meri Sercio Boltsanello, tanınmış sahibkar Mikelancelo Aqrusti və regionun iş adamlarının iştirakı ilə geniş formatda görüş keçirilib.

Pordenonedə yerləşən və Azərbaycanla əməkdaşlığa maraq göstərən bir neçə şirkətin iqamətgahına səfər təşkil edilib, şirkətlərin təqdimatları dinlənilib.

Bütün xəbərlər Facebook səhifəmizdə