Yaponiya parlamentində “Azərbaycan –Odlar yurdu” adlı təqdimat keçirilib

Yaponiya parlamentində “Azərbaycan –Odlar yurdu” adlı təqdimat keçirilib

Yaponiyanın Mərkəzi Asiya və Qafqaz Araşdırmalar İnstitutunun (MAQAİ) təşəbbüsü və Azərbaycanın Yaponiyadakı səfirliyinin təşkilatçılığı ilə bu gündoğar ölkənin parlamentində "Azərbaycan – Odlar yurdu" adlı təqdimat keçirilib.

Azərbaycan-Yaponiya əlaqələrinin yaranmasının 20-ci ildönümü çərçivəsində təşkil edilmiş tədbirdə Yaponiya parlamentinin üzvləri, diplomatlar, işgüzar dairələrin nümayəndələri və Qafqaz ölkələri üzrə tədqiqatçılar iştirak ediblər.

Təqdimatı açan MAQAİ-nin icraçı direktoru, professor Tetsugi Tanaka bildirib ki, ötən il dövlət müstəqilliyinin bərpasının 20 illiyini qeyd etmiş Azərbaycan Respublikasının əldə etdiyi uğurlar bir çox ölkələr kimi, Yaponiya ictimaiyyəti tərəfindən də maraqla izlənir. Bu günki tədbirin məqsədi isə son illər sürətlə inkişaf edərək regionun lider dövlətinə çevrilmiş Azərbaycan haqqında daha ətraflı məlumatların əldə edilməsidir.

Sonra Azərbaycanın Yaponiyadakı səfiri Gürsel İsmayılzadə müstəqilliyimizin bərpasından ötən 20 il ərzində ölkəmizin uğurları, siyasi və sosial-iqtisadi sahələrdə həyata keçirilən mütərəqqi islahatlar barədə iştirakçılara ətraflı məlumat verib. Səfir Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 1998-ci il fevralın 24-dən 28-dək Yaponiyaya ilk rəsmi səfərini xatırladıb, bunun ikitərəfli münasibətlərin inkişafına təkan verdiyini vurğulayıb. Prezident İlham Əliyevin 2006-ci il martın 6-dan 10-dək Yaponiyaya rəsmi səfərinin iki ölkə arasında əməkdaşlıqda yeni səhifələr açdığı qeyd edilib.

Azərbaycanda son illər aparılmış islahatlardan danışan səfir vurğulayıb ki, atılmış bu addımlar nəticəsində ölkəmiz sabit siyasi sistemə malik demokratik dövlətə çevrilib. Azərbaycan rəhbərliyinin həyata keçirdiyi uğurlu iqtisadi siyasət son illər ərzində ümumi daxili məhsulun bir neçə dəfə artmasına səbəb olub, ölkəyə sərmayə qoyuluşu üçün əlverişli mühit yaradılıb.

G.İsmayılzadə Azərbaycanın iqtisadiyyatı, enerji siyasəti, ölkəmizdə həyata keçirilən və gələcəkdə nəzərdə tutulan müxtəlif layihələr, son illərdə əldə olunmuş nailiyyətlər barədə də ətraflı danışıb. Ölkəmizin dünyanın enerji təhlükəsizliyinin təmin edilməsində oynadığı mühüm rol xüsusi qeyd olunub. Bundan əlavə, Azərbaycan hökumətinin qeyri-neft sektorunun inkişafına xüsusi diqqət yetirdiyi vurğulanıb, sənaye, turizm, kənd təsərrüfatı, alternativ və bərpa olunan enerji sahələrində geniş imkanların mövcud olduğu bildirilib.

Tədbirdə Azərbaycanın etibarlı tərəfdaş kimi beynəlxalq münasibətlər sistemində özünü doğrultduğu diqqətə çatdırılıb, ölkəmizin 2012-2013-cü illər üçün BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsinin bunun bariz nümunəsi olduğu vurğulanıb.

Səfir həmçinin, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü, respublikamızın 20 faiz torpaqlarının ermənilər tərəfindən işğal olunması, bunun nəticəsində bir milyondan çox azərbaycanlının qaçqın və məcburi köçkün vəziyyətinə düşməsi haqqında məlumat verib. Diplomat qeyd edib ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində Ermənistan qeyri-konstruktiv mövqe tutur. İşğalçı dövlət beynəlxalq təşkilatların, o cümlədən BMT-nin Təhlükəsizlik Şurasının qəbul etdiyi sənədlərə əhəmiyyət vermir.

Azərbaycanda aparılan quruculuq işlərindən, böyük infrastruktur layihələrdən danışan səfir, ölkəmizdə turizmin inkişafı üçün həyata keçirilən müxtəlif tədbirlər barədə də ətraflı məlumat verib.

Tədbirdə Azərbaycanın tarixini və mədəniyyətini, turizm potensialını əks etdirən videofilm nümayiş etdirilib.

Sonra səfir G.İsmayılzadə tədbir iştirakçılarının çoxsaylı suallarını ətraflı cavablandırıb.

Təqdimata yekun vuran MAQAİ-nin prezidenti, Yaponiya parlamentinin üzvü xanım Koike Yuriko müasir Azərbaycan Respublikası haqqında ətraflı və maraqlı məlumata görə səfirə minnətdarlığını bildirib. Xanım Koike Yuriko qeyd edib ki, Azərbaycan sosial-iqtisadi inkişaf göstəricilərinə görə regionun lider dövlətinə çevrilmişdir və bu uğur Azərbaycanı sevən hər bir yaponiyalı tərəfindən sevinclə qarşılanır.

Azərbaycanın dövlət müstəqilliyini cəmi 20 il bundan əvvəl bərpa etdiyini xatırladan xanım Koike Yuriko, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunub. Vurğulayıb ki, ağır müharibəyə, 20 faiz ərazi itkisinə, bir milyondan çox qaçqın və məcburi köçkünün olmasına baxmayaraq, Azərbaycan böyük uğurlara imza atmaqdadır. Azərbaycanın regionda Yaponiya üçün strateji tərəfdaşa çevrildiyini qeyd edən xanım Koike Yuriko əmin olduğunu bildirib ki, dost ölkənin rəhbərliyi və xalqı qarşıdakı illərdə daha böyük nailiyyətlər qazanacaqlar.


Vüqar Ağayev

Bütün xəbərlər Facebook səhifəmizdə