Avstriyada fəaliyyət göstərən Azərbaycan Akademik Birliyi (Aserbaidschaischer Akademischer Verein, ASAV) "Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi: ATƏT-in Minsk prosesinin 20 illik ildönümü" mövzusunda konfrans keçirib.
Vyanada fəaliyyət göstərən Vebster Universitetində təşkil olunmuş konfrans ATƏT-də akkreditə olunmuş diplomatlar və Avstriyada təhsil alan xarici və azərbaycanlı tələbələr iştirak edib.
Konfransda çıxış edən ASAV-ın nümayəndəsi bildirib ki, Azərbaycan son zamanlar böyük inkişaf yolu keçib və etibarlı tərəfdaş statusunu qazanıb, regionda yüksəlişə səbəb olub. Lakin Ermənistan ilə davam edən münaqişə Cənubi Qafqaza və Avropada sülhə və təhlükəsizliyə təhdid törətməkdədir. Azərbaycanlı gənclər Minsk qrupu çərçivəsində 20 il ərzində uğursuz davam edən nizamlama ilə məmnun olmadıqlarını bildirilib. Qeyd olunub ki, nizamlamada yalnız beynəlxalq təşkilatların təşəbbüsünə arxayın olmaq düzgün deyildir. Xaricdə təhsil alan azərbaycanlı və erməni gəncləri arasında münaqişənin müxtəlif aspektləri ilə bağlı dialoqun aparılmasına hazır olduqlarını bildiriblər.
Konfransda ABŞ-Azərbaycan Şurasının rəhbəri Cavid Hüseynov, siyasi şərhçi Vüqar Seyidov və Avstriyanın tanınmış hüquqşünası Gabriel Lansky spiker qismində çıxış ediblər. Konfransda moderatoluğu Vebster Universitetinin beynəlxalq münasibətlər departamentinin rəhbəri Samuel R. Schubert edib.
Konfransda üç əsas mövzu - Ermənistan-Azərbaycan münaqişəsinə beynəlxalq ictimaiyyətinin cavabı, Minsk prosesinin yaranması, inkişafı və hazırkı fəaliyyəti, münaqişənin həlli üçün Avropada mövcud olan muxtariyyətlərin müsbət təcrübəsi üzərində müzakirələr aparılıb.
Natiqlər münaqişənin tarixi, başlanması, BMT Təhlükəsizlik Şurasının qətnamələri, Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin erməni icması ilə bərabər eyni hüquqlara malik azərbaycanlı icmasının olması və bunun müxtəlif sənədlərdə artıq əks etdirilməsi, məcburi köçkünlərin öz evlərinə qayıtmaq hüquqları və beynəlxalq təşkilatların bu istiqamətdə əməkdaşlıq imkanları məsələlərinə toxunmuş və həmçinin Avropa dövlətlərində mövcud olan muxtariyyətləri nizamlamada model kimi nəzərdən keçiriblər.
Tədbirdə münaqişənin həll olunmadığı və müharibənin yenidən başlanmasına dair ehtimalların mövcudluğu fonunda, Minsk qrupu həmsədrlərinin hazırkı fəaliyyətinin münaqişənin dondurulmasına xidmət edə biləcəyinə dair narahatlıq ifadə olunub. Status-kvonun dəyişdirilməsində Azərbaycanın yeganə maraqlı tərəf olduğu qeyd edilib. Bu baxımdan, danışıqlarda ab-havanın yaxşılaşdırılması və yaranmış dalan vəziyyətdən çıxmağa yardımçı olmaq üçün Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin erməni və azərbaycanlı icmaları arasında görüşlərin keçirilməsi təklif olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB