Bu gün Azərbaycan Dillər Universitetində (ADU) 8 mart-Beynəlxalq Qadınlar Gününə həsr edilmiş tədbir keçirilib. SİA-nın məlumatına görə, Universitetin Tərbiyə işləri üzrə prorektoru Ələddin Əliyev universitet rəhbərliyi adından ADU-da çalışan xanım əməkdaşları, eləcə də zərif cinsin nümayəndələri olan tələbələri təbrik etdi. İstər cəmiyyətdə, istərsə də universitetdə xanımların özünəməxsus yeri olduğu söyləyən prorektor onlara istər iş, istərsə də şəxsi həyatda uğur və müvəffəqiyyətlər dilədi.
Ə. Əliyev həmçinin nəzərə çatdırdı ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə mükafatlandırılan xanımlar arasında ADU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru Jalə Qəribova da var. Bundan əlavə, Ə. Əliyev qeyd etdi ki, universitetin rektoru, millət vəkili, professor Səməd Seyidovun əmri ilə universitet həyatında fəal iştiraklarına görə fakültə və şöbələrdə çalışan bir qrup qadın əməkdaşa təşəkkür elan edilib.
ADU Müəllim Azad Həmkarlar Təşkilatının sədri Misgər Məmmədov da öz növbəsində universitetin qadın əməkdaşlarını bayram münasibətilə təbrik edərək onlara xoşbəxtlik və ruzi-bərəkət arzuladı. Qeyd etdi ki, rəhbərlik etdiyi təşkilat adından kafedra və strukturlarda çalışan qadınların bir qrupu pul mükafatı ilə təltif olunublar.
Məlumat üçün bildirək ki, Beynəlxalq Qadınlar Gününə həsr edilmiş bayram tədbiri daha sonra tanınmış müğənnilərin, eləcə də universitet tələbələrinin iştirakı ilə konsert proqramı ilə yekunlaşdı.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB