Politoloq: \"Rusiya əlini-ətəyini Dağlıq Qarabağ məsələsindən çəksə, biz bu məsələni həll edə biləcək gücə sahibik\"-MÜSAHİBƏ
Uzun zamandan bəri Rusiya gündəmini məşğul edən prezident seçkiləri nəhayət, dünən başa çatdı. Rusiya ilə yanaşı dünyanın da müzakirə mövzusuna çevrilən seçkilərin ilkin nəticələrinə görə Vladimir Putin 69 faiz səs çoxluğu ilə prezident seçilib. Rusiyada hazırda cərəyan edən proseslər və müxalifətin seçkilərin nəticəsinə olan münasibəti ilə bağlı politoloq Mürtəza Həsənov SƏSTV-yə müsahibə verib:
- Dünən Rusiyada keçirilən prezident seçkilərinin nəticəsində 69 faiz səs çoxluğu ilə Vladimir Putinin öndə olduğu bildirilib. Seçkilərin ilkin nəticələri haqda nə deyə bilərsiniz?
-Hazırda dünyada çox təsirli hadisələr baş verir. Bu cür şəraitə əslində siyasi zəlzələ şəraiti də deyilir. \"Ərəb baharı\", qloballaşma kimi bir çox problemlər də bunun bariz nümunəsidir. Əslində Rusiyada keçirilən prezident seçkiləri ərəfəsində cəmiyyətin bir qrupunun küçələrə axışaraq vəziyyəti inkar etməsi öz növbəsində Rusiyada \"ərəb baharı\"nın yaşandığını düşündürürdü. Yəni bir çox politoloqlar vəziyyəti bu cür şərh edirdilər. Amma bu fikirlə razılaşmadığımı ilk olaraq diqqətə çatdırmaq istəyirəm. Rusiyada \"ərəb baharı\"nın yaşanması mümkün deyil. Çünki Rusiya diktator ölkəsi deyil və orada diktatura rejimi hökm sürmür. Rusiyada Orta Şərq ölkələrindəki vəziyyətlə yaxından uzaqdan əlaqəsi olmayan həyat tərzi mövcuddur. Yəni demokratiya və söz azadlığı Orta Şərqlə müzakirə olunmazdır. Putinin prezident seçilməsi məsələsinə gəldikdə isə, bu heç kimi o qədər də təəccübləndirmədi. Putininin nəyə görə seçilməsi məsələsini müzakirə etməli olsaq, tarixə baxış keçirməliyik. 1990-cı illərin əvvəllərinə nəzər salsaq görərik ki, o dövrdə sadəcə dağılmış, dünyada etibarı itmiş bir Rusiya mövcud olub. Vladimir Putinin iqtidara gəlməsi nəticəsində Rusiya qərb dövlətlərinin yanında nüfuzunu bərpa etmiş oldu. Eyni zamanda iqtisadi sahədə məhv olmuş Rusiyanın xarici borclarını da məhz Vladimir Putin sildi. Bütün bunları bacaran Putin digər yandan özünə təbii ki, kifayət qədər düşmən qazandı. Amma Putinin müxalifləri onun qarşısında çox zəif insanlardır. Yəni məlum və danılmaz bir həqiqətdir ki, bu gün Rusiyada Vladimir Putinə rəqib ola biləcək ikinci bir insan yoxdur.
- Mürtəza müəllim, Vladimir Putinin prezident seçiləcəyi təqdirdə Rusiyanın Azərbaycana qarşı yeritdiyi siyasətdə və ya Dağlıq Qarabağ məsələsinin həllində hansısa dəyişiklik ola bilər, sizcə?
-Müsbət istiqamətdə hansısa addımların atılmasına ümid bəsləmək bir az xoşniyyətli davranış olardı. Çünki Putin yeni lider deyil. O 8 il Rusiya Federasiyasında prezidentlik etmiş və ATƏT-in Minsk qrupunun həmsədr üzvlərindən biridir. Bu da Rusiyanın dərin siyasətinin bir hissəsidir. Bu gün Cənubi Qafqazda Gürcüstanı əlindən çıxaran Rusiyanın mövqeyi fərqli deyil. Dağlıq Qarabağ məsələsi ilə bağlı hansısa addımın atılmasından söhbət edərkən ilk olaraq Putinin əvvəlki dövrlərdə verdiyi mesajlara baxmaq lazımdır. Həm prezidentliyi, həm də baş nazirliyi dövründə dəfələrlə vasitəçilik rolunu oynayan Putinin cəhdləri heç bir nəticə verməyib. Rusiyanın siyasətində ermənipərstliyi görməmək mümkün deyil. Rusiya əlini-ətəyini Dağlıq Qarabağ məsələsindən çəkərsə, biz bu məsələni həll edə biləcək gücə və orduya sahibik.
- Dekabrda baş tutan parlament seçkilərindən sonra Rusiyada müxalifət çıxışları başladı. Bu çıxışlar prezident seçkilərindən əvvəl də özünü göstərdi. Nümayişçilər iddia edirdilər ki, seçkilərdə ədalətlilik prinsipi qorunmayacağı təqdirdə ciddi etirazlar olacaq. Sizcə, Rusiyanı belə bir təhlükə gözləyirmi?
-Bəli, hətta Rusiyada yeni \"ərəb baharı\"nın yaşanacağını iddia edənlər çoxdur. Amma bayaq da dediyim kimi, Rusiyada belə bir ifadə işlətmək doğru deyil. Çünki Rusiyada qərbdəki qədər olmasa da demokratiyanın mövcud olduğu məlumdur. Yəni, Rusiya bəlkə qərbə çatmır, amma əmin olun şərq qədər də deyil. Düzdür, Putin öz siyasətini yeritmək üçün bir çox müxalifət nümayəndələrini əzmiş ola bilər, amma bu gün Rusiya dünyada özünü isbat etmiş bir ölkə kimi bir çox şeyləri məhz Vladimir Putinə borcludur. Seçkilərdə bəzi saxtalaşdırılma tədbirləri isə bir çox ölkələrdə müxtəlif seçkilərdə qarşımıza çıxır. Amma bu demokratiyanın olmaması deyil, demokrtaik mədəniyyətin formalaşmamasıdır. Bu da o demək deyil ki, Rusiya Putini sevmir, Putin saxta yollarla özünü prezident seçdirdi. Bunun mümkün olmadığını həmin küçələrə axışanlar da yaxşı bilirlər. Bu bir reallıqdır ki, Rusiyada Putinin reytinqi yüksəkdir. Rusiya xalqı Putini sevir və bu seçkilər də bunun nəticəsidir.
- Son olaraq, bəs, bundan sonra Dmitri Medvedevin taleyi necə olacaq?
-Medvedev ümumiyyətlə siyasi fəaliyyəti boyunca Putinin himayəsindən çıxmayıb. Yəni onu o vəzifəyə də məhz Putin özü gətirmişdi. Çünki Putin Medvedevə çox inanır və güvənir. Medvedev də öz növbəsində prezident olduqdan sonra ona bəslənilən ümidləri və etibarı vəfalı siyasəti ilə doğrultdu. Bir şeyi unutmaq olmaz ki, siyasətdə sadiqlik önəmlidir və Medvedev bunu layiqincə göstərib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB