İƏT-ə üzv ölkələrin “beyin mərkəzləri”nin III forumu bu gün öz işini davam etdirib
Bakıda İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin "beyin mərkəzləri"nin "İƏT ölkələrində dəyişikliklər və transformasiya" mövzusunda III forumu bu gün öz işini davam etdirib. SİA-nın məlumatına görə, forumun bugünkü plenar iclasında Malayziyanın keçmiş baş naziri Mahathir Məhəmmədi "Dövlət quruculuğunda gələcəyə baxışın inkişaf etdirilməsi" mövzusunda məruzə etdi.
Ölkəsində 22 il baş nazir postunu tutmuş Məhəmmədi Malayziyanın inkişaf modeli haqqında forum iştirakçılarına ətraflı məlumat verdi. O, vəzifəsinin icrasına başladığı ilk dövrlərdə ölkədəki iqtisadi vəziyyətin, əhalinin sosial vəziyyətinin çox aşağı səviyyədə olduğunu diqqətə çatdırdı: "Bizim ilk hədəfimiz ölkədə işsizliyi aradan qaldırmaq, insanların rifahını yaxşılaşdırmaq idi. Bunun üçün ilk növbədə vergi güzəştləri tətbiq etdik. Bu isə ilk növbədə sahibkarlar üçün stimul yaratdı. Elektron malların idxalında rüsumları azaltdıq. Artıq xaricdən bu malları almaq üçün bizim ölkəyə axın başladı. Bu da dövlət büdcəsinə gəlirlər gətirdi. Bütün bunlar isə turizmin inkişafına təkan verdi. Restoran, otel biznesi, idman xarakterli turizm növləri inkişaf etməyə başladı".
Keçmiş baş nazir ölkəsinin ümumi inkişafına təkan verən digər amilin xarici sərmayədarlara yaradılan imkan, verilən imtiyazlar olduğunu dedi: "Bizim kapitalımız, resurslarımız, ixrac imkanlarımız çox zəif idi. Bunun üçün xarici iş adamlarına şərait yaradıldı və onlar Malayziyaya sərmayələr yatırmağa başladılar. Yeni iş yerləri açıldı, bu isə insanları sevindirdi. Bu gün hətta ölkəmizdə xaricdən olan 2 milyon 500 min işçi qüvvəsi çalışır".
Ərəb ölkələrində baş verən hadisələrə münasibət bildirən Məhəmmədi bunun əsas səbəbinin insanlarının sosial rifahının yaxşı olmaması ilə əlaqələndirib.
Daha sonra Mahathir Məhəmmədi ona ünvanlanan sualları cavablandırıb.
Qeyd edək ki, Forumun yekununda bir sıra sənədlər, o cümlədən Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi ilə Misir, Pakistan, Tacikistan, Qazaxıstan və Qırğızıstanın müvafiq qurumları arasında əməkdaşlıq haqqında memorandumlar imzalanacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB