Prezident İlham Əliyev: “Ölkəmizin uğurlu inkişafı artıq reallıqdır”
Fevralın 28-də "Baku Expo"
Mərkəzində "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə
sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının üçüncü ilinin
yekunlarına həsr olunmuş konfrans keçirilib.
SİA-nın xəbərinə görə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev konfransda iştirak edib.
Mərkəzdə Dövlət Proqramın üçüncü ilinin yekunları ilə bağlı təqdimat olub. Təqdimatda
ölkəmizin son illərdə sosial-iqtisadi inkişaf sahəsində əldə etdiyi uğurlar əksini
tapıb.
Təqdimatda Heydər Əliyev Fondunun dəstəyi ilə ölkəmizdə inşa olunan təhsil və səhiyyə
müəssisələri haqqında da göstəricilər ətraflı şəkildə əks olunub.
Naxçıvan Muxtar Respublikasına həsr olunan bölmədə ötən il muxtar respublikada
sosial-iqtisadi sahədə əldə edilən uğurlardan söhbət açılır.
Sahibkarlığın inkişafına həsr olunan stendlərdə ümumi daxili məhsulun
artımında, müxtəlif istehsal və xidmət sahələrində özəl bölmənin payı barədə
statistik rəqəmlər yerləşdirilmişdir.
Təqdimatda ölkəmizdə və beynəlxalq səviyyədə keçirilən yarışlarda idmançılarımızın
qazandığı uğurlar, yeni idman komplekslərinin tikintisi, ümumiyyətlə idmanın
inkişafına olan dövlət qayğısı barədə məlumat verilir.
Ekoloji məsələlərə həsr olunan bölmədə isə Azərbaycanda həyata keçirilən meşə-bərpa
və digər ekoloji tədbirlər barədə məlumatlar əksini tapıb.
İnformasiya-kommunikasiya texnologiyalarının iqtisadiyyatın mühüm sahələrindən
birinə çevrilməsi bu mövzuya həsr olunan təqdimatda statistik rəqəmlər və
diaqramlarla nümayiş etdirilib.
Ötən il Azərbaycanın "Eurovision-2011"
müsabiqəsində qələbəsinə həsr olunan xüsusi guşənin yaradıldığı təqdimatda ölkəmizin
turizm potensialının inkişafı sahəsində görülən işlər də əksini tapıb.
Prezident İlham Əliyev konfransda giriş nitqi söyləyib.
Prezident İlham Əliyev bildirib
ki, ölkəmizin uğurlu inkişafı artıq reallıqdır. Bunu Azərbaycan əhalisi bilir və
görür. Dünya ictimaiyyəti də Azərbaycanın uğurları haqqında kifayət qədər
dolğun məlumat əldə edir. Uğurlarımızın təməlində düşünülmüş siyasət, ölkəmizdə
mövcud olan ictimai-siyasi sabitlik və uğurlu iqtisadi islahatlar
dayanır.
İctimai-siyasi sabitlik Azərbaycanda 1990-cı illərdə təmin edilmişdir. 1990-cı
illərin əvvəllərində ölkəmizdə hökm sürən xaos, anarxiya ölkəmizi uçuruma
aparırdı. Ölkəmiz üçün həlledici illərdə bütün xoşagəlməz hallara ulu öndər
Heydər Əliyevin rəhbərliyi altında son qoyuldu və Azərbaycanın uğurlu inkişafı
təmin edildi. Məhz o illərdə yaradılmış və bu gün daha da möhkəmlənən
ictimai-siyasi sabitlik ölkəmizə investisiyaların gətirilməsinə şərait
yaratmışdır və ölkəmizin uğurlu inkişafına imkan vermişdir. Eyni zamanda, bizim
əsas iqtisadi islahatlarımız da 1990-cı illərin ortalarında başlamışdır. Bu gün
bu islahatlar davam edir və keyfiyyətcə yeni mərhələyə qədəm qoyur.
Ölkəmizin müasir inkişaf dövrü də çox uğurludur. İnkişafımızın təməlində, bir
daha demək istəyirəm ki, siyasətimiz dayanır. Ölkəmizdə siyasət həm ictimai, həm
də iqtisadi sahədə bir məqsədi güdür: Azərbaycan xalqının maraqlarını təmin etmək,
ölkəmizi gücləndirmək, regionda mövqelərimizi möhkəmləndirmək! Bizim əsas
istiqamətimiz bundan ibarətdir.
Müasir dövrdə ölkəmizin sürətli inkişafına nail olmaq üçün kifayət qədər geniş
proqramlar icra edilir. Bu proqramların içində əlbəttə ki, ən önəmlisi və ən
vacibi 2004-cü ildə qəbul edilmiş regionların sosial-iqtisadi inkişafı Dövlət
Proqramıdır. Bu proqramın qəbul edilməsindən sonra ölkəmizin bölgələri çox sürətlə
inkişaf etməyə başlamışdır.
Proqramın qəbul edilməsi 2004-cü ilə təsadüf edir. Ancaq Proqram haqqında mən
ondan əvvəlki illərdə də fikirləşirdim və 2003-cü ilin prezident seçkiləri ərəfəsində
bildirmişdim ki, əgər xalq mənə etimad göstərərsə qəbul edilmiş proqramlar nəticəsində
beş il ərzində - yəni, 2008-ci ilə qədər ölkəmizdə 600 minə qədər yeni iş yeri
açılacaqdır. O vaxt bəziləri bu rəqəmlərə inanmırdı, bəziləri buna şübhə ilə
yanaşırdı. Ancaq mən bilirdim ki, bunu etmək mümkündür. Çox şadam ki, qısa müddət
ərzində - yəni, ondan da az dövrdə, təxminən dörd il ərzində 600 min yeni iş
yeri yaradılmışdır. Bütövlükdə 2004-2008-ci illərdə ölkəmizdə 760 min yeni iş
yeri açılmışdır ki, bu da həm işsizliyin aradan qaldırılması, həm də
yoxsulluğun aşağı salınması üçün xüsusi əhəmiyyət kəsb edir. Beləliklə, 2004-cü
ildə qəbul edilmiş Proqram bizim bütün iqtisadi inkişafımıza təkan
vermişdir.
Əlbəttə, iqtisadiyyatımızın böyük hissəsi neft-qaz sektorunda formalaşır. Ancaq
neft-qaz sektorunda böyük sayda iş yerlərinin yaradılması mümkün deyildir. Ona
görə bizim əsas istiqamətimiz qeyri-neft sektoruna yönəldilmişdir. Bu sektorun
inkişafı həm ölkə iqtisadiyyatının şaxələndirilməsinə, həm də işsizliyin aradan
qaldırılmasına yönəldilməli idi və belə də oldu.
Onu da qeyd etmək istəyirəm ki, bəzi hallarda bizim uğurlu iqtisadi
inkişafımızı yalnız neft-qaz amili ilə bağlayırlar. Əlbəttə ki, neft-az amili
mühüm rol oynayır və bundan sonra da oynayacaqdır. Ancaq demək istəyirəm ki,
bizim əsas neft ixrac kəmərimiz - Bakı-Tbilisi-Ceyhan neft kəməri yalnız
2006-cı ilin yayında istifadəyə verilmişdir. Proqram isə 2004-cü ildə qəbul
edilmişdir. Qəbul edildikdən dərhal sonra Proqram icra edilməyə başlanmışdır.
Bir sözlə, keçən dövr haqqında kifayət qədər məlumat vardır və bir də görülən
bütün bu işlər göz qabağındadır. 2009-cu ilin əvvəlində Proqramın yeni dövrü
başlamışdır. Artıq o proqram Dövlət İnkişaf Proqramı adlandırıldı. Ancaq bu
Proqramın əsas istiqaməti yenə bölgələrin inkişafına yönəldilmişdir. Artıq üç
ildir ki, ikinci Dövlət Proqramı icra edilir. Deyə bilərəm ki, bütün vəzifələr
artıqlaması ilə icra edilir. Birinci Proqrama gəldikdə, orada nəzərdə tutulmuş
məsələlər, təbii ki, öz həllini tapmışdır. Onda əlavə tədbirlər də görülmüşdür.
İndi də məhz belə mənzərə müşahidə olunur. Biz bu Proqramı daha da böyük həcmdə
icra edirik və beləliklə, inkişafımıza davam edirik.
Birinci mərhələdə əsas istiqamət biznes imkanlarının genişlənməsinə, sənaye
potensialının formalaşmasına yönəldilmişdi. Bu məqsədlə ilk növbədə elektrik
enerjisi məsələləri öz həllini tapmalı idi. Ona görə biz bu məsələni prioritet
kimi nəzərə almışdıq və qısa müddət ərzində enerji təhlükəsizliyimizi təmin edə
bilmişdik. Çünki əvvəlki dövrdə bizdə istehsal olunan elektrik enerjisi tələbatımızı
ödəmirdi. İndi biz elə güclü sistem yaratmışıq ki, nəinki öz tələbatımızı ödəyirik,
eyni zamanda, bütün qonşu ölkələrə elektrik enerjisini ixrac edirik.
Ondan sonrakı mərhələdə infrastruktur layihələrinin icrası prosesi başlamışdır.
Bu da çox geniş bir istiqamətdir. Biz infrastruktur deyəndə hər şeyi nəzərdə
tuturuq. Həm yollar, həm elektrik enerjisi, qazlaşdırma, su ilə təchizat,
sosial infrastruktur məsələləri də çox vacibdir. Proqramımızda yəni, indiki
proqramda bütün bu məsələlər öz əksini tapır. Burada əlbəttə ki, istiqamətlərin
biri infrastruktur layihələri ilə bağlıdır. Biz bu sahəni dövlət tərəfindən
qoyulan vəsait hesabına inkişaf etdirə bilmişik. Digər istiqamət sosial
infrastruktur ilə bağlıdır. Birinci Proqram qəbul olunandan sonra ölkəmizdə
2300-dən çox yeni məktəb tikilmişdir. Keçən il 200-dən çox məktəb tikilmiş və təmir
edilmişdir. Bu il isə 400-dən çox məktəb tikiləcək və əsaslı təmir ediləcəkdir.
Səhiyyə infrastrukturunun yaradılması böyük əhəmiyyətə malik olan bir məsələdir.
Azərbaycanda 400-dən artıq müasir tibb ocağı yaradılmışdır. Magistral yolların
inkişafı böyük əhəmiyyətə malik idi. Çünki yollarımız çox bərbad vəziyyətdə
idi. Yol olmadan inkişaf ola bilməz. Heç bir müəssisə, heç bir turizm obyekti
tikilə bilməz. Biznesin inkişafı üçün yol, elektrik enerjisi əsasdır.
İnsanların rahat yaşaması üçün isə sosial infrastrukturun yaradılması prosesi
sürətlə gedir və hazırda biz bu layihələri daha da sürətlə inkişaf etdiririk.
Hazırda böyük su-kanalizasiya layihələri icra olunur ki, bu, bütün ölkəmizi əhatə
edir. Bu layihə sırf sosialyönümlüdür. Əgər elektrik enerjisinin təchizatı ilə
bağlı verilən göstərişlər həm sosialyönümlü, həm biznesyönümlüdürsə, su layihələri
sırf sosial məna daşıyır. İndi imkanımız var ki, sosial infrastrukturun
yaradılmasına daha da böyük həcmdə vəsait qoyaq. Əlbəttə, bu imkanları biz
özümüz əldə etmişik.
Dünyada neftlə zəngin olan kifayət qədər çox ölkələr vardır. Bizdən qat-qat çox
neft, qaz hasil edən, ixrac edən ölkələr vardır. Ancaq heç də hər bir ölkədə
iqtisadi inkişaf bizdəki kimi sürətli deyildir. Ona görə, mən bir daha demək
istəyirəm ki, uğurlarımızın təməlində düşünülmüş iqtisadi siyasətdir, iqtisadi
islahatlardır. Bu islahatlar dünya birliyi tərəfindən qiymətləndirilir.
Dünyanın aparıcı iqtisadi qurumları Azərbaycanda gedən prosesləri dəstəkləyir,
qiymətləndirir və bəzi hallarda bizdə gedən prosesləri heyranlıqla müşahidə
edir. Böyük reytinq agentlikləri inkişaf etmiş ölkələrin kredit reytinqlərini
aşağı salırlar, Azərbaycanın kredit reytinqlərini qaldırırlar. Böhranlı illərdə
ən aparıcı beynəlxalq maliyyə qurumları Azərbaycanda gedən islahatları yüksək
qiymətləndirirlər. Yəni, bu da çox vacibdir. Əlbəttə, bizim üçün ən vacib olan
məsələ odur ki, bildiyimizi edək, iqtisadi inkişafımızı, insanların yaxşı
yaşamasını təmin edək. Ancaq görəndə ki, uğurlarımız mötəbər beynəlxalq
qurumlar tərəfindən qeyd edilir, əlbəttə ki, bu, bizi daha da sevindirir.
2011-ci il də ölkəmizin inkişafı üçün uğurlu il olmuşdur. 2011-ci ilin xüsusiyyətlərindən
biri də ondan ibarətdir ki, Azərbaycanda qeyri-neft sektoru sürətlə artmışdır.
Əgər ümumi iqtisadi inkişaf təqribən 1 faiz ətrafında, bəlkə ondan da az idi,
qeyri-neft iqtisadiyyatımızın inkişafı isə 10 faizdən çox olmuşdur.
Bax, budur bizim vaxtilə qəbul etdiyimiz proqramların nəticəsi. Bizim məqsədimiz
məhz bundan ibarətdir. Qeyri-neft sektorunun, qeyri-neft sənayesinin inkişafı.
İndi bu ilin birinci ayının yekunları da onu göstərir - qeyri-neft sənayesi 10
faizdən çox artmışdır. Çox güclü sənayeləşmə prosesi gedir. Mən bu məsələ ilə
bağlı bir neçə il əvvəl danışmışdım. Demişdim ki, Azərbaycanda sənayeləşmə
prosesi sürətlə getməlidir və biz bunu görürük.
Yaradılan və yaradılmaqda olan yeni sənaye müəssisələri bizim uzunmüddətli
inkişaf strategiyamızı müəyyən edəcəkdir. Azərbaycan dövləti öz üzərinə düşən
bütün vəzifələri icra edir və artıqlaması ilə icra edir. Azərbaycandakı kimi özəl
sektora dəstək bəlkə heç bir ölkədə yoxdur. Bu dəstək, ilk növbədə siyasi dəstəkdir.
Sahibkarlarla mənim təkcə Bakıda deyil, bölgələrdə də mütəmadi görüşlərim olur.
Mənim iştirakımla bölgələrdə 500-ə qədər sənaye müəssisəsi açılmışdır. Ancaq mənim
iştirakım olmadan çoxlu müəssisələr açılmışdır. Bütövlükdə 40 mindən çox yeni
müəssisə yaradılmışdır. Müəssisə yaradılması iş yerləridir, maaşdır, yerli
istehsaldır, idxalı əvəzləmək üçün imkanlardır, ölkəmizin inkişafıdır,
canlanmasıdır.
Azərbaycan dövləti sahibkarlara siyasi dəstəkdən başqa, iqtisadi dəstək də verir.
Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə bu günə qədər, əgər 2012-ci ili də
nəzərə alsaq, güzəştli şərtlərlə 900 milyon manat kredit verilmişdir. Onların
mütləq əksəriyyəti bölgələrə və demək olar ki, hamısı iqtisadiyyatın real
sektoruna yönəldilib. Beləliklə, bu kreditlərin hesabına böyük işlər görülür və
mən çox şadam ki, sahibkarlar da dövlətin bu dəstəyinə çox böyük məsuliyyətlə
yanaşırlar. Kreditlərin hamısı vaxtında qaytarılır və hazırda bu il üçün nəzərdə
tutulmuş 200 milyon manat kreditin böyük hissəsini əvvəlki illərdə verilən və
qaytarılan kreditlər təşkil edir. Yəni, bu, artıq böyük bir məbləğdir. Əlbəttə
ki, sahibkarlara veriləcək kreditlərin həcmi ildən-ilə artacaq və hər bir
sahibkara daha da böyük məbləğdə kreditin verilməsi mümkündür.
Uğurlarımızın təməlində bir daha demək istəyirəm ki, həm iqtisadi siyasət,
islahatlar, eyni zamanda, ölkədə mövcud olan ictimai-siyasi sabitlik, icra
strukturlarındakı güclü nizam-intizam dayanır. Nizam-intizam olmadan, biz
uğurlara nail ola bilməzdik. Mən bütün icra orqanlarının rəhbərlərinə demişdim,
bu gün də deyirəm ki, sahibkarlarla bir yerdə olun, onlara kömək edin, onların
işinə qarışmayın, onlara maneçilik törətməyin. Ölkəmizin inkişafı sahibkarlığın
inkişafından asılıdır. Biz bu istiqaməti seçmişik və bu istiqamət bizə uğurlar
gətirir. Ancaq bununla bərabər, indi böhran içində çabalayan inkişaf etmiş ölkələrin
təcrübəsini öyrənərək və görərək bir daha yəqin edirik ki, sırf bazar
iqtisadiyyatı prinsipləri bəzi hallarda işləmir. Avropada biz nəyi görürük?
Dövlət öz üzərinə böyük öhdəliklər götürür. Bankları, böyük müəssisələri
müflisləşmədən xilas etmək üçün dövlət tərəfindən vəsait qoyulur. Biz bu siyasəti
2004-cü ildən başlamışıq. Xatırlayıram, o vaxt biz bəzi hallarda daha çox beynəlxalq
maliyyə qurumlarının kreditlərindən asılı idik. Bizə məsləhətlər, tövsiyələr
verilirdi ki, dövlət bu işlərə qarışmasın, özəl sektor özü inkişaf etsin, dövlət
kənarda dayansın. Necə ola bilər? Bu, bizim ölkəmizdir. İstər dövlət, istər özəl
şirkət olsun, bu, Azərbaycan şirkətidir. Necə ola bilər ki, biz ona kömək etməyək?!
Ona görə bizim dəstəyimiz vacibdir. Həm siyasi sahədə, həm ümumiyyətlə Azərbaycanda
hökm sürən gözəl ictimai ab-hava bu dəstəyi gücləndirdi.
Maliyyə dəstəyi, kreditlərin verilməsi və eyni zamanda, xüsusilə kiçik
sahibkarlar üçün biznes planların hazırlanması da artıq dövlət işi olmuşdur.
İqtisadi İnkişaf Nazirliyi çox dəqiq tövsiyə planları hazırlamışdır. Onlar
sahibkarların imkanları ilə bağlı olan planlardır. Kimin nəyə imkanı çatır, o həcmdə
də özü üçün biznes qura bilər. Yəni, biz buna da razıyıq, təki inkişaf olsun.
Eyni zamanda, sahibkarlar yaxşı bilirlər ki, nə qədər güzəştlər verilir.
Sahibkarlar kənd təsərrüfatında bütün vergilərdən, - torpaq vergisi istisna
olmaqla, - azaddırlar.
Bu qərar 1990-cı illərdə o vaxt kənd təsərrüfatını stimullaşdırmaq üçün
verilmişdi. İndi kənd təsərrüfatını stimullaşdırmaq üçün o qədər də böyük
ehtiyac yoxdur. Ancaq bu qərar qüvvədədir, biz onu ləğv etmirik ki,
sahibkarlara kömək edək.
Gübrələr, yanacaq güzəştli şərtlərlə verilir. Hər hektar taxıl əkini üçün vəsait
verilir. Yəni, biz bunu edirik və etməliyik. Sahibkarlar da öz tərəfindən öz
işi ilə həm özlərinə, həm də dövlətə qulluq etməlidirlər. Mənim sahibkarlardan
tələblərim bundan ibarətdir ki, yaşadıqları bölgələrdə və fəaliyyət göstərdikləri
sahələrdə yaxşı işləsinlər, vergiləri vaxtında versinlər. Dövlət qarşısında
onların heç bir borcu olmasın. İş yerləri yaratsınlar, bizneslərini daha da
genişləndirsinlər, daha da yaxşı yaşasınlar, daha da zəngin olsunlar. Mən hesab
edirəm ki, bu fikirlə sahibkarların fikirləri arasında heç bir fərq ola bilməz.
Əlbəttə ki, sahibkarlar müxtəlif sosial layihələrə qoşulduqda bu, mənim onlara,
necə deyərlər, münasibətimi daha da yaxşılaşdırır. Mən deyə bilərəm ki, son illərdə
sahibkarlar bu sahədə də məsuliyyət göstərirlər və sosialyönümlü layihələri
icra edirlər. Bölgələrdə, xüsusilə məktəb tikintisinə, sosialyönümlü tədbirlərə,
yardımlar edirlər. Mən bunu dəstəkləyirəm. Ancaq yenə də demək istəyirəm ki,
belə bir tələb sahibkarlar qarşısında qoyulmur. Bu, könüllü məsələdir. Etsələr,
sağ olsunlar. Etməsələr, edənlərə baxıb onlar da çalışsınlar, bu işlərə öz dəstəklərini
versinlər...
Azərbaycan dövləti bundan sonra da ölkəmizin hərtərəfli inkişafı üçün əlindən gələni
edəcəkdir. Bizim düşünülmüş proqramımız, siyasətimiz vardır. 2013-cü ilə qədər
ikinci Dövlət Proqramı icra ediləcəkdir. Mən əminəm ki, 2009-cu ildə qəbul
edilmiş Proqram artıqlaması ilə icra ediləcəkdir. Beləliklə, 2013-cü ilin
sonuna qədər ölkəmizdə əsas infrastruktur məsələləri öz həllini tapmalıdır və
tapacaq. Çünki icrası davam edən və bitmək üzrə olan böyük infrastruktur layihələri
artıq bu inamı yaradır. Əlbəttə, mən hesab edirəm ki, gələcək 2 il ərzində biz
hamımız çox fəal işləməliyik ki, Dövlət Proqramını vaxtından əvvəl və böyük həcmdə
icra edək, ölkəmizin uğurlu inkişafını təmin edək.
Azərbaycana böyük həcmdə investisiya qoyulur. Bu, çox müsbət haldır. Biz xarici
investisiyaları alqışlayırıq. Bizim uğurlu iqtisadi inkişafımız məhz xaricdən gələn
investisiyalar hesabına başlamışdır. "Əsrin kontraktı"nın imzalanması Azərbaycanı
dünyaya tanıtdırdı və birinci dövrdə əlbəttə ki, xarici şirkətlər qeyri-neft
sektoruna vəsait qoymaq istəmirdilər. Onları məcbur etmək də mümkün deyildi.
Ancaq biz neftin satışından əldə edilən gəlirləri qeyri-neft sektoruna istiqamətləndirdik
və beləliklə, dövlət investisiya yükünü öz üzərinə götürmüşdür. Əgər neft-qaz
sektorunda bu vaxta qədər əsas investisiyalar xaricdən gəlirdisə, - halbuki
indi bu balans da dəyişilir, - qeyri-neft sektorunda əsas yük Azərbaycan dövlətinin
üzərindədir. Keçən il ölkəmizə 20 milyard dollardan çox investisiya qoyulmuşdur
və onlardan 13 milyardı daxili investisiyalardır. Builki Dövlət İnvestisiya
Proqramı da çox böyükdür. Ümumiyyətlə, ancaq dövlət xətti ilə bu il ölkə
iqtisadiyyatına 7 milyard manat investisiya qoyuluşu gözlənilir. Onlardan 5,7
milyard manatı Dövlət İnvestisiya Proqramı, yəni büdcə hesabına 1,3 milyard
dövlət zəmanətli kreditlər hesabına qoyulacaqdır. Bu, çox böyük məbləğdir. Bu məbləğ
bizə imkan verəcək ki, 2012-ci ildə iqtisadi inkişafımızı, xüsusilə qeyri-neft
sektorunun inkişafını yüksək templərlə təmin edə və daha da böyük işlər görə
bilək. Mən ümid edirəm ki, bu il özəl sektorda təxminən o səviyyədə sərmayə
qoyulmalıdır.
Bunun üçün imkanlar vardır. İcrada olan və yeni başlayan layihələr belə
imkanları yaradır. Mən hesab edirəm ki, bu il də ölkə iqtisadiyyatına qoyulacaq
investisiya 20 milyard dollardan aşağı olmamalıdır. Beləliklə, biz bu
investisiyaların nəticəsində ölkəmizin hərtərəfli inkişafını daha da sürətlə təmin
edəcəyik. Proqramın icrası və əslində ölkəmizin inkişafı daha da uğurlu
olacaqdır.
Bir daha demək istəyirəm ki, bütövlükdə ölkə qarşısında iqtisadi sahədə mən heç
bir problem görmürəm. Biz dünya maliyyə və iqtisadi böhranı illərində -
2008-2009-cu illərdə də uğurlu inkişafımızı təmin edə bilmişik. Azərbaycan əhalisi
demək olar ki, o böhranın fəsadlarını hiss etməmişdir. İndi böhranın ikinci mərhələsi
haqqında dünyada müzakirələr gedir. Ancaq Azərbaycanda bu da hiss olunmur. Nəyə
görə?! Çünki bizim siyasətimiz düşünülmüş siyasətdir, ağıllı siyasətdir. Biz
imkanlarımıza görə öz proqramlarımızı icra edirik. Bizə lazımdır ki, bax belə vəziyyətdə,
belə şəraitdə, sakit şəraitdə Azərbaycan inkişaf etsin.
Mən dəfələrlə demişəm, bu gün də demək istəyirəm ki, hədəfimiz inkişaf etmiş
ölkələrin sırasına daxil olmaqdır. Əgər bir neçə il bundan əvvəl mən bu sözləri
deyəndə ola bilər, bəziləri buna şübhə ilə yanaşırdı. İndi mən əminəm, hamı
görür ki, bu, mümkündür. Ölkəmizin siyasi çəkisi artır. Biz dünya işlərində həlledici
sözə malik oluruq. Bizi dünya ictimaiyyəti dəstəkləyir. Biz BMT Təhlükəsizlik
Şurasına üzv olmuşuq. Regionda imkanlarımız genişlənir. Bizimlə əməkdaşlıq etmək
istəyənlərin sayı artır. İndi Azərbaycan investisiyalarını öz ölkələrinə cəlb
etmək üçün başqa ölkələrdə müəyyən dərəcədə işlər gedir. Biz indi öz sərmayəmizlə,
öz şirkətlərimizlə xarici bazarlara çıxırıq. Bu barədə hələ mən danışacağam,
biz öz şirkətlərimizi nəinki Azərbaycanda, xaricdə də dəstəkləməliyik. Bizim
Dövlət Neft Şirkəti beynəlxalq enerji şirkətinə, böyük nüfuza, böyük biznes
imkanlarına malik olan şirkətə çevrilibdir. Avropada, başqa qitələrdə SOCAR-ın
fəaliyyət dairəsi genişlənir. Bəzi ölkələrin yanacaq balansında Azərbaycanın
rolu 20–30 faizə çatıbdır. Biz enerji təhlükəsizliyi məsələlərini uğurla həll
edirik. Bugünkü toplantı əlbəttə ki, qeyri-neft sektorunun inkişafına həsr
edilibdir. Ancaq biz yaxşı bilirik ki, əgər enerji siyasətində hər hansı
birimiz səhv buraxsaydıq, bugünkü uğurlardan danışmaq mümkün olmazdı.
Bizim enerji siyasətimiz qüsursuzdur. Neft strategiyamızın təməlini ulu öndər
1990-cı illərin əvvəllərində qoymuşdur və bu strategiya davam edir. Əlbəttə ki,
indi yeni məsələlər, yeni çağırışlar ortaya çıxır. Azərbaycan həm neft, həm qaz
ixrac edən ölkəyə çevrilir və dünya üçün qaz ixrac edən ölkə kimi bəlkə daha da
önəmlidir. Biz bu məsuliyyətə hazırıq. Biz ölkə daxilində və bizim strateji tərəfdaşlarımızla
birlikdə elə təşəbbüslər irəli sürürük ki, bu təşəbbüslər yalnız və yalnız Azərbaycana
uğur gətirəcəkdir. Biz heç bir mövqeyimizi əldən verməmişik, əksinə mövqelərimizi
möhkəmləndirə, iradəmizi müdafiə edə bilmişik.
Bu gün Azərbaycanın qaz resursları Avropanın enerji təhlükəsizliyinin təmin
edilməsi üçün vacib rol oynayır. Gələcək illərdə bu rol daha da artacaqdır. Biz
bunu bilirik. Onu da bilirik ki, qaz bərpa olunan enerji növü deyildir.
Avropanı qazla təchiz edən bəzi ölkələrin qaz ehtiyatları tükənir. Avropada
qaza tələbat getdikcə artacaqdır. Bunu da biz bilirik ki, nə dərəcədə artacaqdır.
Nəzərə alsaq ki, Yaponiyada baş vermiş dəhşətli qəza nəticəsində bəzi Avropa
ölkələrində nüvə enerjisinə qadağa qoyulur, qaza olan tələbat daha da
artacaqdır. Belə olan halda, Azərbaycan qazına tələbat daha da böyük dərəcədə
artacaqdır.
Bizim enerji siyasətimiz ondan ibarətdir ki, çoxşaxəli ixrac imkanları yaradaq
və əslində yaratmışıq. Bizim dörd qaz kəmərimiz vardır. Hazırda əksər qonşulara
Azərbaycan qazı nəql edilir. Gələcəkdə daha da böyük həcmdə nəql olunacaqdır.
Bu sahədə əlbəttə ki, biz qazın sahibi və ixracatçısı kimi öz siyasətimizi
müdafiə edirik. Bizim siyasətimiz istehlakçıların maraqlarına da
uyğundur.
Biz indi böyük transmilli layihələr üzərində işləyirik. Bu layihələr həyata
keçirilərsə ölkəmizin uzunmüddətli uğurlu inkişafı təmin ediləcəkdir. Onsuz da
təmin ediləcəkdir, amma bu layihələrlə Azərbaycan daha da güclü dövlətə çevriləcəkdir.
Azərbaycanın sözü daha da əhəmiyyətli olacaqdır. Həm regionda, həm dünyada
mövqelərimiz daha da təsirli olacaqdır. Mən bunu istəyirəm. Biz güclü dövlət
yaradırıq. Güclü iqtisadiyyat və güclü siyasət əsasında güclü dövlət
yaradırıq.
Bizim iqtisadi potensialımız, şaxələndirilmiş iqtisadiyyat, neft-qaz amili,
tranzit imkanlarımız, - hansı ki, biz özümüz yaratmışıq, - çox böyük dəyərlərdir.
Biz, yenə də deyirəm ki, öz gücümüzü bilirik. Sadəcə olaraq, bəzi hallarda bunu
göstərmək istəmirik. Amma lazım gəldikdə göstəririk. Biz özümüzə çox arxayınıq.
Azərbaycanın güclü olması, mən hesab edirəm ki, bölgə üçün, dünya üçün çox
vacib olan məsələdir. Çünki bizim siyasətimiz xoşniyyətlidir. Bizim siyasətimiz
əməkdaşlığa yönəldilibdir. Bizim enerji siyasətimiz də düşmənçiliyə yox,
dostluğa yönəldilibdir. Biz enerji siyasətində də bir çox hallarda dostlarımıza
kömək göstəririk. Çünki əvvəla, buna onların ehtiyacı vardır. İkincisi, ona görə
ki, bizim fəlsəfəmiz belədir. Üçüncüsü isə, dostluq münasibətləri bizim biznes
maraqlarımızı daha da böyük dərəcədə təmin edəcəkdir. Biz görürük ki, bu gün
enerji sahəsində Azərbaycan ilə işləmək istəyənlərin sayı artır. Azərbaycanı,
SOCAR-ı özəlləşdirmə layihələrinə dəvət edirlər. Yəni, bizə inanırlar, güvənirlər
və bizimlə hesablaşırlar.
Biz bundan sonra da bütün istiqamətlər üzrə müstəqil siyasətimizi davam etdirəcəyik.
Azərbaycan bu gün artıq regional müstəvidən çıxıbdır, dünya müstəvisindədir.
Biz artıq "Böyük iyirmilik"in toplantılarında iştirak edirik. Bu yaxınlarda
Meksikada keçirilmiş "Böyük iyirmilik"in xarici işlər nazirlərinin yığıncağında
bizim xarici işlər naziri iştirak etmişdir. Oraya cəmi 10, yəni "iyirmiliyə"
daxil olmayan ölkələr dəvət edilmişdi. Onlardan biri Azərbaycan idi. Reallıq
bundan ibarətdir.
Ölkəmizi daha da sürətlə inkişaf etdirmək üçün, mən bir daha qayıdıram bizim əsas
mövzumuza. Biznes şəraitinin yaxşılaşdırılması davam etdirilməlidir,
sahibkarlığa daha da yaxşı şərait yaradılmalıdır. Dövlət öz üzərinə düşən vəzifəni
icra edir. Eyni zamanda, ölkədə hələ də mövcud olan xoşagəlməz hallara qarşı
ciddi mübarizə aparılır. Korrupsiyaya, rüşvətxorluğa qarşı mübarizə bir gün də
dayanmır. Bu mübarizənin artıq yaxşı nəticələri var, daha da yaxşı nəticələri
olacaqdır. Biz bu böyük bəlanı ölkəmizdən yığışdırmalıyıq, təmizləməliyik. Elə
etməliyik ki, Azərbaycan hər sahədə - həm siyasi, həm iqtisadi, həm
korrupsiyaya, rüşvətxorluğa qarşı mübarizə sahəsində nümunə olsun və olacaqdır.
Beləliklə, bugünkü toplantının keçirilməsi, mən hesab edirəm ki, proqramın
icrasına yeni təkan verəcəkdir. Bugünkü iclasda həm sahibkarlar, həm yerli icra
orqanlarının rəhbərləri iştirak edirlər. Bu format artıq ənənəvi xarakter
daşıyır. Bu gün aparılan müzakirələr və bundan sonra veriləcək qərarlar 2012-ci
ildə Dövlət Proqramının icrası üçün yeni imkanlar yaradacaqdır.
Bütün xəbərlər Facebook səhifəmizdə
Digər xəbərlər
Xəbər lenti
Müharibə bizim seçimimiz olmayıb - MƏQALƏ
Siyasət 14:40Doqquz ayda Azərbaycanda kənd təsərrüfatı məhsulu üzrə istehsal artıb
İqtisadiyyat 14:18Siyəzəndə vətəndaşların müraciətləri dinləniləcək
Sosial 13:23Sabah Azərbaycanda 31 dərəcə isti olacaq
Sosial 13:15“Tarın Paqaninisi” Yakutiyada Azərbaycan musiqisinin sehrini yaşatdı
Mədəniyyət 10:52Biz beynəlxalq arenada fəal əməkdaşlıq edirik - MƏQALƏ
Siyasət 10:09Hesablama Palatasının strukturu dəyişir
İqtisadiyyat 10:08Azərbaycan XİN Pakistana başsağlığı verib
Siyasət 09:47İnfantino bu planına görə ÜZR İSTƏDİ
İdman 03:22Azərbaycanlı blogerin keçmiş əri alimentə görə həbs edildi
Şou-Biznes 02:02Bakı–Şamaxı yolunda avtomobil aşıb
Hadisə 00:22"Yenidən ana olmaq istəyirəm" - Hadisədən AÇIQLAMA
Şou-Biznes 15 Oktyabr 23:19Sudanda təyyarə qəzası olub - 5 uşaq həlak olub
Dünya 15 Oktyabr 23:02"Sabah"ın qapıçısı Çempionlar Liqasının rəmzi komandasında!
İdman 15 Oktyabr 22:31Rusiya Baş Konsulluğu azərbaycanəsilli repçinin həbsinə görə Qazaxıstan XİN-ə nota göndərib
Dünya 15 Oktyabr 22:19Şavkat Mirziyoyevin Azərbaycana işgüzar səfəri başa çatıb - MƏLUMAT
Siyasət 15 Oktyabr 22:03Tanya Samburska yeni STIMMA kolleksiyasının siması oldu…
Dəb 15 Oktyabr 21:52Alimlər ilk olaraq hansı heyvanlarla danışacağımızı söylədilər...
Maraqlı 15 Oktyabr 21:28Təqaüdçülərə rənglərin parlaqlığını qaytaracaq ağıllı işıq yaradılıb...
Səhiyyə 15 Oktyabr 21:06Jeep Avropanı azad edən əfsanəni canlandıracaq...
Texnologiya 15 Oktyabr 20:49Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilib...
Siyasət 15 Oktyabr 20:43Gənc çinlilər kommunizmdən üz döndərirlər...
Dünya 15 Oktyabr 20:27Alsu yenidən ana olmağa qarşı deyil...
Şou-Biznes 15 Oktyabr 20:05Ölümcül yük altında yatmaq...
Sosial 15 Oktyabr 19:51İran ordusu: Hörmüz boğazının şərqində daha bir tanker yanıb
Dünya 15 Oktyabr 19:37ABŞ-da ara seçkilər haqqında əsas faktlar...
Dünya 15 Oktyabr 19:28Putinin diplomatik marafonu uğursuz oldu...
Dünya 15 Oktyabr 19:06Tramp prezidentlikdən qazanc əldə edir..?
Dünya 15 Oktyabr 18:49Prezidentin sosial media hesablarında videoçarx paylaşılıb
Siyasət 15 Oktyabr 18:31İnsanı inandırmağın yeddi yolu..?
Sosial 15 Oktyabr 18:27“Müharibəyə çevrilmə” mərhələsi...
Dünya 15 Oktyabr 18:06Dağıstan Respublikasına yeni rəhbər seçilib
Dünya 15 Oktyabr 17:52Prezident İlham Əliyev Qətər Əmiri ilə görüşüb - YENİLƏNİB
Siyasət 15 Oktyabr 17:42Özəl xəbərlər
Digər xəbərlər
Redaktorun seçimi
Tanya Samburska yeni STIMMA kolleksiyasının siması oldu…
15 Oktyabr 21:52
Alimlər ilk olaraq hansı heyvanlarla danışacağımızı söylədilər...
15 Oktyabr 21:28
Köşə yazıları
Bir kilo ətin qiymətində bir ailənin hesabı -KÖŞƏ
29 Sentyabr 13:41
İnsanlar niyə özlərini başqalarının gözlərində axtarır? -KÖŞƏ
23 Sentyabr 11:41
Populyar
Valyuta məzənnəsi
-
USD
1,7000
0,00%
-
EUR
1,9090
+0,12%
-
GBP
2,2616
+0,45%
-
RUB
2,0290
+0,70%
Sizin reklam yeriniz

2008-2026. Səs İnformasiya Agentliyi, Bütün hüquqlar qorunur. Məlumatlardan istifadə etdikdə istinad mütləqdir.
İfadə olunan fikirlərə sayt məsuliyyət daşımır.
Ünvan: Üzeyir Hacıbəyli küçəsi, 66; Bakı, Azərbaycan.
Email: [email protected] Tel.: (+994 12) 598-33-90; Faks: (+994 12) 493-11-62;



