Mirkazım Seyidov: \"İcmaların görüşü Dağlıq Qarabağ probleminin həllində heç bir rol oynaya bilməz\" - MÜSAHİBƏ (Səstv)

Mirkazım Seyidov: \"İcmaların görüşü Dağlıq Qarabağ probleminin həllində heç bir rol oynaya bilməz\" - MÜSAHİBƏ (Səstv)

Heydər Əliyev adına Beynəlxalq Azərbaycan Forumunun Azərbaycandakı nümayəndəliyinin rəhbəri, politoloq Mirkazım Seyidov fevral ayının 21-də Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin sərəncamı ilə \"Vətənə xidmətə görə\" 3-cü dərəcəli Ordenlə mükafatlandırılıb. Disapor sahəsində uzun illərdir xidmət göstərən Mirkazım Seyidov öz sevincini bizimlə paylaşdı. Bununla yanaşı politoloq regional siyasətlə bağlı suallarımızı da cavablandırıb. Müsahibə çərçivəsində Mirkazım Seyidov Xocalı soyqırımının 20-ci ildönümü ilə bağlı görülən tədbirlər haqda da məlumat verib. Müsahibəni diqqətinizə çatdırırıq:


- Fevral ayının 21-də dövlət başçısı tərəfindən \"Vətənə xidmətə görə\" 3-cü dərəcəli Ordenlə mükafatlandırılmısınız. Hansı hissləri keçirirsiniz?

- Televiziya vasitəsilə dövlət başçısı İlham Əliyevin sərəncamı ilə \"Vətənə xidmətə görə\" 3-cü dərəcəli Ordenlə mükafatlandırıldığımı eşidəndə elə bir sevinc keçirdim ki, o gündən sonra özümü bəlkə də dünyanın ən xoşbəxt insanı hiss edirəm. Bu Orden bir tərəfdən ölkə rəhbərinin ziyalılara göstərdiyi qayğıdırsa, digər tərəfdən diaspor təşkilatlarına göstərilən qayğının bariz nümunəsidir. Sərəncamda diaspor quruculuğundakı fəaliyyətimin qeyd olunması da məhz bütün proseslərin ölkə prezidentinin diqqətində olduğunu göstərdi. Mən bu diqqəti uzun illərdir mənim əməyimə verilən dəyər kimi qiymətləndirirəm. Fürsətdən istifadə edərək Ali Baş Komandanımıza, ölkə başçısına minnətdarlığımı bildirir, çətin siyasət yolunda uğurlar arzulayıram. Aldığım mükafatla keçirdiyim qürur hissini paylaşmaq çox sevinc verir. Eyni zamanda qeyd etməliyəm ki, bu hadisə mənim məsuliyyət hissimi daha da artırdı. Bundan sonra görüləcək bütün işlərimdə mənə göstərilən bu etimadı doğrultmağa çalışacam. Bu isə birmənalı şəkildə ölkə Prezidentinin siyasi xəttinin inkişafında, azərbaycançılıq ideologiyasının yeridilməsində və digər işlərdə göstəriləcək köməkdən ibarətdir.


- Mirkazım müəllim, Moskvada Dağlıq Qarabağın azərbaycanlı və erməni icmaları arasında görüş keçirildi. Sizcə, siyasilərin təşəbbüslərindən heç bir nəticə görülməyən Dağlıq Qarabağ münaqişəsinin həllində bu yeni formatın hansısa təsiri ola bilərmi?

- İlk olaraq qısa formada və qəti şəkildə deyə bilərəm ki, bu münaqişənin həllində bu cür görüşlərin keçirilməsi heç bir rol oynaya bilməz. Çünki biz dəfələrlə Azərbaycan ziyalılarının Ermənistana səfərinin şahidi olmuşuq. Lakin bu və ya digər formada Ermənistan danışıqlar prosesini həmişə pozub. Bütün məsələlər həll məqamına çatdıqda Ermənistan həmişə öz bəhanələrini, təxribat yönümlü fikirlərini ortaya atıb və münaqişənin həlli istiqamətində görülən işləri uzadaraq istəklərinə nail olublar. Digər tərəfdən icmalar arsındakı görüşün məhz Rusiyada keçirilməsi məhz Rusiyanın dövlət orqanlarının təsiri nəticəsindədir. Lakin bütün konkret addımların nəticəsində istənilən nəticələri görə bilmirik. Çünki bizim düşmənlərimiz mənfur, hər an kiməsə böhtan ata biləcək ermənilərdir. Ermənilərin tam şəkildə ruslara güvəndiyini də qeyd etməliyik. Yəni bu məlum məsələdir ki, ermənilər gücü Rusiyadan alırlar. Ona görə də, hesab edirəm ki, bu cür görüşlərin keçirilməsi ilə əlaqədar təkliflər Rusiyanın müəyyən dairələrinin tapşırığı və buyruğudur. Biz Dağlıq Qarabağ probleminin həllini belə görüşlərdə axtarmalı deyilik. Bu problemin həlli üsuluna yalnız Azərbaycan Respublikasının Ali Baş Komandanı, dövlət başçısı İlham Əliyevin son qərarı təsir edə bilər.


- Bu görüşü Rusiyanın müəyyən dairələri tərəfindən tapşırıq kimi qiymətləndirdiniz. Rusiya konkret şəkildə dünyaya öz icazəsi və nəzarəti olmadan bu münaqişənin həll edilə bilməyəcəyinimi bəyan edir?

- İlk növbədə, Rusiyanın Qafqazda maraqlı olduğunu bilirik. Qafqaz bölgəsində Ermənistanı özünün təmsilçisi kimi tanıdan Rusiya onlara həm silah-sursat, həm texniki, həm də hərbi cəhətdən müxtəlif yardımlar edir. Rusiya istədiyi hər addımı Ermənistanda ata bilir. Yəni bəli, Rusiya bütün dünyaya bəyan etmək istəyir ki, Dağlıq Qarabağ probleminin həlli məhz Moskvanın əlindədir. Azərbaycanın milli sərvətləri həmişə böyük dövlətlərin diqqət mərkəzində olub. Dövlətimizin nefti, qazı, milli sərvətləri həmişə öz başına bəla açıb. Əgər ulu öndər Heydər Əliyev böyük Sovet imperiyası ilə təkbaşına vuruşub müstəqilliyimizi qoruyurdusa, bu gün ölkə prezidenti İlham Əliyev 3 böyük imperiyanın qarşısında müstəqilliyimizi qoruyur. Bunlardan biri Azərbaycanın ərazi bütövlüyünü heç zaman təqdir etməyən, hətta ölkəmizə ərazi iddiası ilə çıxış edən fars rejimi, yəni İran, biri Rusiya imperiyası, sonuncusu isə Azərbaycanın bütün sərvətlərini və maraqlarını özününkiləşdirmək istəyən Amerikadır. Məhz geopolitik mövqeyi Azərbaycanı bu baxımdan həmişə böyük dövlətlərin diqqət mərkəzində saxlayıb. Ona görə də Azərbaycanın Dağlıq Qarabağ problemi bu qədər siyasiləşdirilib. Hətta problem o qədər siyasiləşdirilib ki, bu gün Azərbaycan və Ermənistan öz aralarında danışıqlar yolu ilə hansısa razılığa gələ bilsələr də, böyük dövlətlər buna birmənalı şəkildə mane olurlar. Bu gün Azərbaycanda aparılan balanslı siyasət nəticəsində ölkəmizə beynəlxalq aləmdə heç bir dövlət hansısa irad tutmur. Ona görə də Azərbaycanla diplomatik əlaqələrin qurulmasında bütün ölkələr maraqlıdır.


- Xocalı faciəsi ilə bağlı hansı təbliğat xarakterli tədbirlər həyata keçirirsiniz?

- Fevral ayının 25-də Novosibirskdə Xocalı soyqırımı ilə bağlı sərgi keçirilməsi nəzərdə tutulub. Bu sərgilərdə diplomatik korpus nümayəndəlikləri, diaspora təşkilatlarının rəhbərləri iştirak edəcəklər. Sərgilər çərçivəsində dünyanın önəmli təşkilatlarına və Rusiya hakimiyyətinə müraciətlər qəbul olunacaq. Bu cür tədbirlərin keçirilməsi çox əhəmiyyətlidir. Çünki, məhz bu cür tədbirlərin nəticəsidir ki, dünyada artıq Meksika və Pakistan kimi bir neçə dövlət Xocalını soyqırımı kimi qəbul etmək barədə öz parlamentlərində qərar qəbul ediblər. Bu da xalq diplomatiyasının gücünün və gördüyü işlərin öz bəhrəsini verdiyi anlamına gəlir. Dövlətimizin planlı proqramını həyata keçirməklə mən inanıram ki, dünya ictimaiyyəti bu soyqırımını qəbul edəcək. Təşəbbüslərimiz nəticəsində bir gün bütün dünya ictimaiyyəti Xocalı faciəsinin həqiqətən də əsrin soyqırımı olduğunu və ermənilərin vəhşiliklərini anlayacaqlar.

Bütün xəbərlər Facebook səhifəmizdə