İran səfirliyindən bəyanat
İran İslam Respublikasının Azərbaycan Respublikasındakı səfirliyi bəyanatla çıxış edib.
SİA-nın "Media forum" saytına istinadən verdiyi məlumata görə, bəyanatda deyilir: "İran İslam Respublikası son günlər Azərbaycan Respublikasının kütləvi informasiya vasitələrində yayılan yalan və həqiqətdən uzaq xəbərləri nəzərə alaraq, Azərbaycan Respublikasında ictimai rəyi aydınlaşdırmaq və düzgün istiqamətə yönəltmək üçün aşağıdakı məqamları bildirməyi zəruri hesab edir.


1. Azərbaycan Respublikasındakı terror aktlarında İran İslam Respublikasının əli olması barədə bəzi informasiya vasitələri tərəfindən bir çox xəbərlər yayılıb. Bu ssenari sionist rejimi və onların havadarlarının casusları tərəfindən İranın nüvə alimlərinin terror edilməsi faktının ört-basdır edilməsi məqsədilə həyata keçirilir. Azərbaycan Respublikasının şərəfli xalqı bilir ki, sözügedən xəbərlər əslində İran İslam Respublikasını mənfi simada götərmək və beynəlxalq səviyyəli terror aktlarının törədilməsi və Fələstin xalqının kütləvi şəkildə qətlə yetirilməsi işində ad qazanmış sionistlərə məzlum donu geydirmək və onlara xidmət etməyə yönələn səylərdir.

Ötən üç onillikdə, başda Amerika və sionizm olmaqla dünya hegemonları ilə mübarizə aparan İran İslam Respublikası dəfələrlə Amerika və İsrail tərəfindən törədilmiş terror aktlarının qurbanı olub. Təəccüb doğuran məqam bundan ibarətdir ki, Azərbaycan Respublikasının bəzi informasiya vasitələri özləri də bilmədən köhnə ssenariləri gündəmə gətirməklə, İran İslam Respublikasının nüvə alimlərinin sionistlər tərəfindən terror edilməsi məsələsində ictimai rəyin azdırılması, hegemon qüvvələrin qonşu ölkəyə qarşı (İran İslam Respublikası) mənfi media məqsədlərinin həyata keçməsi istiqamətində addım atmış olurlar.

2. Azərbaycan Respublikasının bəzi informasiya vasitələri xarici amillərin və ölkə daxilində onlara bağlı olanların təsiri altında İran İslam Respublikasından Azərbaycan Respublikasına narkotik ötürülməsi barədə geniş təbliğat kampaniyası yaratmaqla ikitərəfli münasibətlərə xələl vurmağa çalışır. Bir halda ki, narkotik maddələrin qaçaqmalçılığı ilə mübarizədə İran İslam Respublikasının misilsiz rola malik olması və bu yolda 20 min şəhid verməsi hamıya bəllidir. Birləşmiş Millətlər Təşkilatının baş katibi və bəzi aidiyyəti rəsmiləri təşkilatın xüsusi toplantısında və digər rəsmi iclaslarında narkotik maddələrin tranzit və qaçaqmalçılığı ilə mübarizə istiqamətində effektli tədbirlərinə görə İran İslam Respublikasına təşəkkürlərini bildiriblər.

Azərbaycan Respublikasının informasiya vasitələri yaxşı olardı ki, narkotik maddələrin yayılmasının əsas köklərini Əfqanıstanın işğalına yönəlmiş məqsədlərdə, eləcə də müsəlman ölkəsi olan və NATO-nun uçuşları marşrutu istiqamətində yerləşən Əfqanıstanda NATO qüvvələri çərçivəsində xaşxaş əkinlərini qoruyanların əməllərində axtarsınlar.

3. İran İslam Respublikasının səfirliyi İranın Radio və Televiziya Təşkilatının Azərbaycan Respublikasındakı nümayəndəliyinin yerli əməkdaşlarının həbs edilməsiylə əlaqədar təəssüf və narahatlığını bildirərək, bu addımı hər iki tərəfin informasiya və media vasitələrinin əməkdaşlığına maneə yaradılması, xüsusilə Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri cənab Əli Həsənovun Tehrana səfəri zamanı əldə olunan razılaşmalara xələl vurmaq istiqamətində atılan addım kimi qiymətləndirir. Belə ki, infomasiya vasitələri və media sahəsində əməkdaşlıq, eləcə də informasiya vasitələri üzrə Müştərək Komitənin yaradılması barədə razılaşmanın əldə olunması istiqamətində iki ölkə tərəfindən atılan son addımlardan az sonra İranın Radio və Televiziya Təşkilatının Bakı ofisinin əməkdaşlarının həbsi məsələsi başadüşüləndir və iki ölkə arasındakı münasibətlərin inkişaf etməsini, eləcə də mövcud olan anlaşılmazlıqların aradan qaldırılmasını istəməyən dairələrin fəaliyyətinin güclənməsindən xəbər verir.

İran İslam Respublikasının Azərbaycan Respublikasındakı səfirliyinin kütləvi informasiya vasitələrindən gəzləntisi budur ki, onlar iki ölkə arasındakı münasibətlərin əhəmiyyətini nəzərə alaraq, İran İslam Respublikasının mənfi simada göstərilməsinə yönələn addımlardan çəkinməklə, həqiqətlərin söylənilməsi və iki ölkə arasındakı münasibətlərin inkişaf edərək genişlənməsi istiqamətində addım atsınlar".


Bütün xəbərlər Facebook səhifəmizdə