\"Xocalı faciəsi nəsildən nəslə ötürülməklə qan yaddaşımıza yazılmalıdır\" - TƏDBİR - FOTO

\"Xocalı faciəsi nəsildən nəslə ötürülməklə qan yaddaşımıza yazılmalıdır\" - TƏDBİR - FOTO

Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) Qaradağ rayon təşkilatının və "Səs" qəzetinin təşkilatçılığı ilə Xocalı soyqırımının 20-ci ildönümünə həsr olunmuş dəyirmi masa keçirilib. SİA-nın verdiyi məlumata görə, tədbirdə Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov, "Səs" qəzetinin baş redaktoru, "Səs" İnformasiya Agentliyinin baş direktoru Bəhruz Quliyev, YAP Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov, Xocalı şəhərindən olan gənclər, media mənsubları iştirak edib.


Tədbir "Səs" qəzetinin sifarişi ilə "SəsTV"-də Xocalı soyqırımının 20-ci ildönümü ilə bağlı hazırlanan "Xocalı soyqırımını unutma" filminin nümayişi ilə başlayıb.


Sonra Xocalıda vəhşicəsinə qətlə yetirilən soydaşlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad olunub.


Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov Xocalı soyqırımının bəşər tarixində baş verən ən ağır cinayət olduğunu bildirib: "Xocalıda törədilən qətlyam XX əsrin ən böyük vəhşiliklərindən biridir və ən ağır cinayətdir. Artıq bu faciə Azərbaycanda soyqırımı kimi tanınıb. Biz çalışmalıyıq ki, "Xocalıya ədalət" kompaniyasında hamımız fəal iştirak edək və bu soyqırımı dünyada tanınsın ki, erməni vəhşiliyinin hər kəs bilsin".


"Səs" qəzetinin baş redaktoru, "Səs" İnformasiya Agentliyinin baş direktoru Bəhruz Quliyev isə bildirib ki, Xocalı faciəsinin dünyada tanıtmasında gənclər də fəal iştirak etməlidir: "Xocalı faciəsi xalqımızın ağrılı yeridir. Biz bu faciəni daima qan yaddaşımıza həkk etməli, nəsildən-nəslə ötürməliyik ki, bundən sonrakı nəsillər də düşmənimizi tanısın. Xocalıda baş verən soyqırımı hadisəsini hər bir vətəndaş beynəlxalq ictimaiyyətə çatdırılmalı, bu faciənin tanınması və hüquqi qiymət verilməsinə çalışmalıdır".


YAP Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov çıxış edərək bildirib ki, 20 il bundan əvvəl baş verən bu qanlı hadisəni gənclər görməsə də, Xocalıda baş verənlərin nəsildən nəsilə ötürülməsinə çalışmalıdır. Bunun üçün müasir dövrün texniki imkanlarından yararlanmalı, xalqımızın başına gətirilən müsibətləri dünya ictimaiyyətinə çatdırmaqla Azərbaycan həqiqətlərini yaymalıdır: "Gənc nəslin hər bir üzvü Azərbaycan tarixinin həm şanlı, həm də qanlı səhifələrini daim vərəqləməli ki, həm xalqımızın başına gətirilən müsibətləri bilsin, həm də onun qəhrəmanlığından xəbər tutsun".


Dəyirmi masada çıxış edənlər ermənilərin zaman-zaman Azərbaycan xalqına qarşı yürütdüyü soyqırımı siyasətindən, o cümlədən bəşəriyyətə və insanlığa qarşı yönəlmiş Xocalı soyqırımının dəhşətlərindən bəhs ediblər.


Tədbirdə iştirak edən Xocalı gəncləri doğma yurdlarında yaşanan faciəni gözləri ilə görməsələr də, bu faciənin onların həyatında buraxdığı dərin izlərdən danışıblar. Bildiriblər ki, ölkə başçısı İlham Əliyevin məqsədyönlü siyasəti nəticəsində Dağlıq Qarabağ problemi öz həllini tapacaq və Xocalıda dünyasını dəyişən günahsız insanların ruhları şad olacaq.


\"\"


\"\"

Bütün xəbərlər Facebook səhifəmizdə