Əli Əhmədov: “İran tərəfindən Azərbaycana qarşı belə bir notanın səsləndirilməsinə əsas yoxdur”

Əli Əhmədov: “İran tərəfindən Azərbaycana qarşı belə bir notanın səsləndirilməsinə əsas yoxdur”

İran tərəfindən Azərbaycan qarşı belə bir notanın səsləndirilməsi üçün əsaslar mövcud deyil. SİA-nın xəbərinə görə, bunu Yeni Azərbaycan Partiyasının sədr müavini, icra katibi, millət vəkili Əli Əhmədov jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, Azərbaycanla İran arasındakı qonşuluq münasibətlərinin üzərinə kölgə sala biləcək hər hansı bir addım atılmamalıdır. Ə.Əhmədovun sözlərinə görə, əgər belə bir notanın verilməsi üçün əsaslar yoxdursa, o zaman bu, Azərbaycanla İran arasında ənənəvi formalaşmış, mövcud olan və gələcəyinə böyük ümidlər bəstələdiyimiz qonşuluq münasibətləri üzərinə kölgə sala bilər.

"İran Azərbaycanın təkcə qonşusu deyil. Belə ki, İran və Azərbaycanın münasibətlərini müəyyənləşdirən digər amillər var. Bunlardan biri tariximizdəki oxşar cəhətlər, bütövlükdə mədəni və mənəvi cəhətdən yaxın olmağımızdır. Azərbaycanın çoxlu sayda soydaşlarının orada yaşaması bu münasibətlərə yaxınlıq və çalar gətirir. Bütün bunlar münasibətləri formalaşdıran çox vacib məqamlardır. İran və Azərbaycan bu münasibətlərin korlanmasına səbəb olacaq addımları atmayacaq. Azərbaycan İranla münasibətlərində yaxın qonşuluq münasibətlərini üstün tutur. Bütövlükdə Azərbaycan tərəfi bölgəmizdə əmin-amanlıq, dinclik, sabitliyin qorunub saxlanmasının vacibliyini dəfələrlə bəyan edib. Bu bəyanatların məzmunu və məntiqi İran-Azərbaycan münasibətlərinin ümumi xarakterindən irəli gəlir. Bütün bunlar mütləq şəkildə nəzərə alınmalıdır. Belə əsası olmayan notaların verilməsi yersizdir", - deyə sədr müavini əlavə edib.


İranda kəşfiyyata bağlı olan adamların Azərbaycan vətəndaşlarına qarşı terror cəhdi həyata keçirməsinə də münasibət bildirən Ə.Əhmədov vurğulayıb ki, istənilən halda insanlara qarşı həyata keçirilən terrora qarşı münasibət birmənalı olmalıdır: "Biz bunu qəti şəkildə pisləyirik. Bu terror aktlarının kimin tərəfindən həyata keçirilməsində asılı olmayaraq istənilən şəkildə terror aktı pislənilməlidir. Azərbaycan dövlətinin vətəndaşlar qarşısında üzərinə götürdüyü vəzifələrdən biri də odur ki, onların həyatına qarşı yönələn istənilən təhlükələrdən qorumalıdır. Kimlərsə tərəfindən Azərbaycan ərazisində terror aktı törədilirsə, buna qarşı həm vətəndaşın təhlükəsizliyini qorumaq, həm də onu törədən qurumlara qarşı kəskin münasibətini yerinə yetirmək baxımından vəzifələri layiqincə həyata keçirməkdədir. Biz istəməzdik ki, dünyanın hansısa yerində insanlara qarşı terror aktı həyata keçirilsin. Azərbaycan terrora məruz qalmış bir ölkədir. Onun ölkə, insanlar üçün nə qədər təhlükəli bir akt olduğunu izah etməyə ehtiyac yoxdur. Bu mənada Azərbaycan terrora qarşı kəskin münasibətini bildirib və bundan sonra da bildirəcək".

Bütün xəbərlər Facebook səhifəmizdə