Mübariz Əhmədoğlu: \"İranın indiki şəraitdə Azərbaycanı hədəfə alması onun çox pis yolda olduğunu göstərir\"-MÖVQE

Mübariz Əhmədoğlu: \"İranın indiki şəraitdə Azərbaycanı hədəfə alması onun çox pis yolda olduğunu göstərir\"-MÖVQE

"Hər halda, Azərbaycan İrana qarşı düşmənçilik etməyib. Ancaq İran bunun əksinə olaraq hər zaman Azərbaycana qarşı düşmənçiliklə məşğuldur. Azərbaycan Respublikası ilə düşmən olduğu dövrdə İran nə isə bir şey qazanıbsa, bu düşmənçiliyini davam etdirsin". Bunu SİA-ya açıqlamasında politoloq, Siyasi İnnovasiya və Texnologiya Mərkəzinin direktoru Mübariz Əhmədoğlu bu gün İranın Azərbaycana qarşı nota göndərməsinə münasibət bildirərkən deyib. O bildirib ki, Azərbaycan kifayət qədər möhkəm təhlükəsizlik sisteminin tərkib hissəsidir və İrandakı əhalinin içərisində etnik azərbaycanlıların sayca birinci yerdə olması da bu təhlükəsizlik sistemini stabilləşdirən faktorlardan birinə çevrilə bilər. Rəsmi Tehranın sıravi yəhudinin yazısına belə xüsusi həssaslıq nümayiş etdirməsinə bir neçə prizmadan yanaşıb. Onun sözlərinə görə, İranın Xarici İşlər Nazirliyi və onun təsirində olan antiazərbaycan mətbu orqanları Azərbaycan Respublikasının İrandakı diplomatlarını çoxdan hədəfə alıblar.


"Belə tipli məsələlərlə bağlı Azərbaycan dövlətinin mövqeyi bəllidir. 2011-ci ilin yekunlarına həsr olunmuş müşavirədə prezident İlham Əliyevin yekun nitqində olan bu təxmini mövzuya dair bəyanat Azərbaycan diplomatlarına başqa mövqedə olmağa imkan verə bilməz. Azərbaycan diplomatları dünyanın harasında olmasından asılı olmayaraq, prezidentinin və birbaşa rəhbərləri olan nazir Elmar Məmmədyarovun çıxışlarını dönə-dönə oxuyurlar. İran XİN Azərbaycan tərəfinə cavab vermək məcburiyyətində qaldığı üçün özlərinə uyğun, əxlaqsız, dinc qonşuluq münasibətlərinə sığmayan addımlara rəvac verirlər. "Adımı sənə qoyum, səni də yana-yana qoyum" məsəlinin yeridir", - deyə o əlavə edib.


Politoloq hesab edir ki, Azərbaycana qarşı informasiya müharibəsində uduzan rəsmi Tehran əməkdaşlıq üçün yeni subyekt axtarışı zamanı özünün köhnə ağasını tapıb. Onun sözlərinə görə, İranın ermənilərlə birlikdə antiazərbaycan fəaliyyətinin Azərbaycan tərəfindən neytrallaşdırılması İranı bu addıma təhrik edib: "İndiki şəraitdə rəsmi Tehran təhdidləri özündən uzaqlaşdırmağı bacarmadığı üçün İsrailə və ya onun vətəndaşına belə xüsusi münasibətlə rəsmi Təl-Əvivin diqqətini özünə cəlb etmək istəyir. İranın indiki şəraitdə Azərbaycanı hədəfə alması onun çox pis yolda olduğunu göstərir. Rəsmi Bakı beynəlxalq aləmdə İrana qarşı mövqeyini açıqlayıb. Azərbaycan Respublikasının ərazisindən İrana qarşı hücum məkanı kimi istifadə edilməyəcəyi dünyada hamıya bəllidir. Hətta Azərbaycana nota verən İran XİN-in əsas rəhbəri prezident Mahmud Əhmədinejad Azərbaycan prezidentinə İranı rəşadətli müdafiəsinə görə xüsusi minnətdarlıq bildirib. O vaxtdan indiyədək Azərbaycanın İrana qarşı siyasətində pisə doğru heç nə dəyişməyib. Dəyişən, daha da pisləşən İranın Azərbaycana qarşı siyasətidir".


O qeyd edib ki, İsrailin ermənilərlə sıx əlaqəsi İranla Ermənistan arasında nəzarətsiz ərazilərin olması fonunda İranın təhlükəsizliyi prizmasından daha çox diqqəti çəkməli idi: \"Bu dövrdə İranın bu məsələyə diqqət yetirməyərək pis niyyətini Azərbaycan Respublikası üzərində fokuslandırması təsadüfi hesab edilməməlidir. Son iki ildə dini və rəsmi Tehran ardıcıl sürətdə Azərbaycan Respublikası ilə viza rejimini ləğv etməyi təkidlə tələb edib. Eyni təkidlə Azərbaycan bundan imtina edib. Görünür, İran viza rejimini aradan qaldırıb gediş-gəlişi asanlaşdırmaqla İsrail kəşfiyyatının İran adı ilə Azərbaycana qarşı təxribatına şərait yaratmaq istəyirmiş. İsraildə çox gözəl bilirlər ki, hər şeydən şübhələnən, hətta "Quran" ayəsinə şübhə ilə yanaşan İranın dindarları və siyasətçiləri yəhudilərin ağzından çıxan hər sözü şübhə etmədən, müqəddəs kəlam kimi qəbul edirlər.


Rəsmi Tehran əgər öz vətəndaşlarına etibar etmirsə, Azərbaycana gəlib-gedən vətəndaşlarından şübhələnirsə, bunun sadə həlli var: viza rejiminin sadələşdirilməsi əvəzinə, viza rejiminin sərtləşdirilməsi məsələsini rəsmi Bakıdan xahiş etmək olar. İsrailin Azərbaycan vasitəsi ilə İranda terror hadisələri törətməsinə dair təxribatçı məlumatlar birinci dəfə deyil. İranın daxilində İran dövlətçiliyinin süqutuna çalışan qüvvələr mövcuddur. Azərbaycana qarşı belə davranışlar da həmin qrupların fəaliyyətinin nəticəsidir.


Rəsmi Tehranın nəyəsə tələsdiyi göz qabağındadır. Verdiyi bəyanatlar, atdığı addımlar rəsmi Tehran üçün əks-effekt yaradıb. İranın indiki idarəediciləri onun özünə qarşı müharibənin yeganə mənbəyidir. Belə bir dövrdə özünü müdafiə etmək, dünyaya və region dövlətlərinə ağıllı mesajlar vermək əvəzinə, BMT TŞ-nin yeni məzmunlu qətnaməsinə şərait yaratmaqla məşğuldurlar. Ola bilər ki, müəyyən bir qrup şəxslər bu məqsədi qarşısına qoysunlar, İrandakı nökərləri vasitəsilə bu effekti yaratmaq istəyirlər\".


Qeyd edək ki, Azərbaycanın İrandakı fövqəladə və səlahiyyətli səfiri Cavanşir Axundov fevralın 12-də bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb. Görüşdə səfirə İran tərəfinin etiraz notası təqdim olunub. Notada Azərbaycanın İsrailin kəşfiyyat xidməti olan MOSSAD təşkilatına ölkə ərazisində İranın əleyhinə fəaliyyət göstərməsinə, İranın nüvə alimlərinin qətlində əli olan terrorçuların bu ölkəyə azad şəkildə gediş-gəlişinə şərait yaratdığı və digər məsələlər qeyd olunaraq rəsmi Bakıdan bu cür addımlara son qoyulması tələb olunub. İran, həmçinin Azərbaycan gömrükçülərinin İrandan gələnləri incitdiklərini bildirib.

İranın Azərbaycana qarşı münasibəti əvvəlcədən hamıya bəllidir, amma bu xəbərin ingilisdilli İran televiziyası olan PressTV tərəfindən yayılması əlavə mətləblərdən xəbər verir.


Bütün xəbərlər Facebook səhifəmizdə