Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov fevralın 10-da Brüsseldə Belçika Krallığının xarici işlər naziri Didier Reynders ilə rəsmi görüş keçirib. Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, görüşdə Azərbaycan və Belçika arasında ikitərəfli siyasi dialoqun möhkəmləndirilməsi zəruri sayılıb, iqtisadi əlaqələrinin inkişaf etdirilməsi üçün geniş imkanların mövcud olduğu vurğulanıb. Azərbaycanın regiondakı beynəlxalq layihələrin həyata keçirilməsində aparıcı rolu və Avropanın etibarlı tərəfdaşı olduğu qeyd edilib. Eyni zamanda görüşdə Dağlıq Qarabağ münaqişəsinin həlli prosesi, regional və beynəlxalq məsələlər, Əfqanıstandakı vəziyyət, iki ölkə arasında diplomatik və xidməti pasportlara malik şəxslərə münasibətdə vizasız rejimin tətbiq olunması və digər məsələlər müzakirə olunub. Hər iki tərəf ölkələr arasındakı münasibətlərin inkişafından məmnunluq ifadə edib və bu münasibətlərin daha da dərinləşdirilməsini vacib sayıblar. Elmar Məmmədyarov görüşün sonunda Belçikalı həmkarını uyğun vaxtda Azərbaycana rəsmi səfərə dəvət edib. Didier Reynders dəvət üçün təşəkkürünü çatdırıb və yaxın zamanlarda Azərbaycana səfərinin baş tutacağına ümid etdiyini bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB