Ölkədə müşahidə olunan qarlı və şaxtalı hava şəraiti ilə əlaqədar olaraq, bu gündən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən daimi yaşayış yeri olmayanlar üçün səyyar sığınacaqlar yaradılıb. SİA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında əmək və əhalinin sosial müdafiəsi nazir Füzuli Ələkbərov deyib. O bildirib ki, bu günlərdə evsiz vətəndaşların dünyasını dəyişməsinin qarşısını almaq üçün belə səyyar sığınacaqların yaradılması qərarlaşdırılıb. Onun sözlərinə görə, nazirlik əməkdaşları belə insanları axtaracaq, onları müvəqqəti olaraq səyyar sığınacaqlara yerləşdirib, isti yemək, yataqla təmin edəcəklər.
"Sığınacaqlar Bakıda əhalinin sıx məskunlaşdığı yerlərdə - Binə və Sədərək Ticarət Mərkəzlərinin, "8-ci kilometr bazarı"nın, Dəmir Yolu Vağzalının yerləşdiyi ərazilərdə yaradılıb. Zərurət yaranarsa, sığınacaqların sayı artırılacaq. Sığınacaqda yerləşdirilənlərə tibbi xidmət də göstəriləcək. Daimi yaşayış yeri olmayanların daha çox toplaşdıqları yerlər bəllidir və belə insanları görən hər kəsdən nazirliyin "Etimad telefonu"na zəng edib, məlumat vermələrini xahiş olunur", - deyə o əlavə edib.
Qeyd edək ki, bu gün saat 15:00-da nazir Füzuli Ələkbərov sığınacaqlara baş çəkəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB