\"Azərsu\": \"Bakıətrafı qəsəbələrdə xətlərin çoxu yerin üstü ilə çəkildiyindən daha çox donmalar burada baş verib\"
"Azərsu" ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllının son günlər ölkədə hökm sürən qarlı və şaxtalı hava şəraitindən sonra yaranan vəziyyətlə bağlı SİA-ya müsahibəsi:
- "Azərsu" ASC qarlı və şaxtalı hava şəraitində hansı problemlərlə qarşılaşıb?
- Bu günlərdə "Azərsu" ASC gücləndirilmiş iş rejimi ilə çalışır. Bakı şəhərinə saniyədə 13,8 kubmetr su verilir. Ceyranbatan gölündə buzlaşma ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məlumatına gəlincə, Ceyranbatan su anbarında sutəmizləyici qurğular əvvəlki rejimdə işləyir, yəni saniyədə 6,2 kub metr su emal edib Bakı, Abşeron və Sumqayıt sakinlərinə çatdırır. Anbarda suyun donması ilə bağlı məsələyə gəlincə, suyu gölün nisbətən aşağı hissəsindən götürürük, donmuş hissənin bizə aidiyyatı yoxdur.
- Amma paytaxtın müxtəlif yelərində suyun donması ilə bağlı müxtəlif şikayətlər daxil olur. Bununla bağlı nə deyə bilərsiniz?
- Bakıda su xətlərinin donmasına gəlincə, son iki gündür ki, havaların şaxtalı keçməsi ilə bağlı xətlərin çoxunda donmalar var. Hətta şəhərin mərkəz hissələrində binalara gedən xətlərdə donmalar qeydə alınıb. "Qaynar xətt"ə isə ən çox şikayətlər ətraf qəsəbələrdən-Sulutəpə, Xocəsən, Binəqədi, Biləcəri, Suraxanı, Sabunçu və Qaradağın həyətyanı ərazilərindən olub. Bu da onunla bağlıdır ki, insanlar özləri yerüstü xətlər çəkib. Bilirsiniz ki, bu xətlərin çoxu yerin üstü ilə çəkildiyindən daha çox donmalar burada baş verib. Amma su xəttləri tikinti norma və qaydalarına görə, yerin altı ilə çəkilmədir. Əgər yerin üstündə çəkilmiş xətt varsa, o zaman onlar izolyasiya olunmalıdır. Əks halda elə bu cür göstəricilər qeydə alınacaq və su boruları ya donacaq, ya da şaxtanın vurması səbəbi ilə partlayıb tamamilə sıradan çıxacaq.
- Suyun donması daha çox hansı ərazilərdə qeydə alınıb və bununla bağlı, əhaliyə müraciətiniz nə olardı?
- Şaxtalarla əlaqədar artıq bir neçə istiqamətdə donmalar olub. Sumqayıtın 5-ci mikrorayon ərazisini su ilə təmin edən magistral xətdə siyirtmədə güclü şaxta səbəbi ilə çatlar yaranıb və orada axıntı əmələ gəlib. Lakin artıq biz bununla bağlı bütün tədbirləri həyata keçirmişik. Xətdə yaranan çat qəzasını aradan qaldırdıq. Artıq Sumqayıta su verilişi bərpa olunub.
Bundan əlavə, Badamdar qəsəbəsinə də suyun verilişində problem var idi. Lakin artıq bu problemlər həll olunub. Bu gün biz qəsəbəyə suyun verilişini yenidən bərpa edəcəyik.
20-ci sahə, Sabail rayon, Şıxov, kənd Əhmədli, Suraxanı, Fəhlə prospekti ərazilərində donma halları var və biz bununla bağlı əhaliyə müraciət edirik ki, çalışıb özləri kustar üsullarla xətləri açsınlar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB