Zahid Oruc: “ATƏT-in Minsk qrupu Dağlıq Qarabağ probleminin yaradıcısıdır” - MÜNASİBƏT

Zahid Oruc: “ATƏT-in Minsk qrupu Dağlıq Qarabağ probleminin yaradıcısıdır” - MÜNASİBƏT

ATƏT-in Minsk qrupunun özü elə Dağlıq Qarabağ probleminin yaradıcısıdır". SİA-nın məlumatına görə, bunu Parlamentin bugünkü iclasında çıxışı zamanı millət vəkili Zahid Oruc bildirib.

Onun sözlərinə görə, 1992-ci ildə yaradılan bu qurum 8 üzvün müşahidəçiliyi vəziyyətində, 3 qurumun, 3 dövlətin dominantlığı ilə fəaliyyət aparmaqdadır: "Ötən dövr ərzində həm dövlət rəhbərliyi səviyyəsində, həm də parlament müstəvisində bu qrupun ünvanına fəaliyyət sarıdan çox ciddi tənqidlər, ittihamlar olub. Bəllidir ki, Azərbaycan o dövrdə çalışırdı ki, bu məsələ beynəlxalq müstəviyə çıxsın ki, bunun beynəlmiləşdirilməsi fonunda problemin həlli reallaşsın. Lakin bəlli oldu ki, ATƏT-in Minsk qrupunun özü elə Dağlıq Qarabağ probleminin yaradıcısıdır. Faktiki olaraq onların arasında olan güc nisbəti vəziyyətindən Qarabağ problemi asılı bir duruma düşüb".

Millət vəkili ATƏT-in Minsk qrupunun fəaliyyətini tənzimləyən bir hüquqi müstəvinin olmasının vacibliyini diqqətə çatdırıb: "Günün birində biz özümüz siyasəti müəyyənləşdirmək istəsək, hansısa dövlətlərin senatlarından qərarlar gözləmədən özümüz addım atmaq istəsək, bu yöndə bunun hüquqi müstəvisi necə olacaq? Ona görə də ATƏT-in Minsk qrupunun fəaliyyətini tənzimləyən bir hüquqi müstəvi olmalıdır. Belə bir qanun aktı yoxdur. Mən çox arzulayıram ki, biz bu prosesi hüquqi müstəviyə salaq".

Zahid Oruc Xocalı Soyqırımının 20-ci ildönümü ilə bağlı fikirlərini bu şəkildə ifadə edib: "Ermənilər saxta soyqırımından bir dövlət quruculuğu aləti düzəldiblər. Lakin biz real soyqırımı tanıtmalı və onun Qarabağ prosesinin həlli üçün bir siyasəti aparmaq naminə buna hazırlaşmalıyıq".

Bütün xəbərlər Facebook səhifəmizdə