İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin Parlament İttifaqının (İƏT Pi) İndoneziyanın Palembanq şəhərində keçirilən 7-ci sessiyası öz işini başa vurub.
SİA-nın məlumatına görə, "Azərbaycan Respublikasına qarşı Ermənistan Respublikasının təcavüzü" adlı ənənəvi olaraq qəbul edilən qətnaməyə İslam Konfransı Gənclər Forumunun (İKGF) təşəbbüsü ilə xüsusi bir bənd əlavə edilib.
Xocalı faciəsinə həsr edilən paraqrafda qeyd edilir ki, Konfrans üzv-ölkələrin parlamentlərini 2012-ci ildən etibarən (faciənin 20 illiyi) 26 fevral 1992-ci ildə Ermənistan silahlı qüvvələri tərəfindən dinc azərbaycanlı əhaliyə qarşı həyata keçirilən və soyqırım xarakteri daşıyan kütləvi qırğını müvafiq şəkildə tanımağa çağırır və Xocalı qırğınını törədənləri məsuliyyətə cəlb etməyi tələb edir.
İKGF-nin baş katibi, səfir Elşad İskəndərov qeyd edib ki, bu tanınma 2009-cu ildən etibarən həyata keçirilən və İKGF-nun Mədəniyyətlərarası Dialoq üzrə Baş Koordinatoru Leyla Əliyeva tərəfindən irəli sürülən "Xocalıya ədalət" kampaniyasının fəaliyyətinin nəticəsi olub. İƏT Pİ-nın faciəyə verdiyi qiymət İKGF və bu qurum arasında əməkdaşlıq haqqında müvafiq qətnamələrin tələblərindən irəli gəlir. İƏT Pi-dəki Azərbaycan nümayəndə heyətinin rəhbəri Gövhər Baxşəliyevanın təklifi ilə İKGF-nun irəli sürdüyü əlavələrdən sonra konfrans yekun hesabatda qurumun Katibliyinə üzv-ölkələrin parlamentlərinin "Xocalıya ədalət" kampaniyasına milli və beynəlxalq səviyyədə dəstək göstərilməsinə çağıran bu qətnamənin həyata keçməsini diqqət mərkəzində saxlamağı tapşıran müvafiq qərar qəbul edib.
Qətnamənin vacib sayan Elşad İskəndərov bildirib ki, beynəlxalq sənədlər arasında bu qətnamə ilk dəfə olaraq Xocalı faciəsinə soyqırım aktı səviyyəsində siyasi-hüquqi qiymət verir: "Nəzərə alsaq ki, İƏT Pİ öz sıralarında dünya parlamentlərinin dörddə birini, 51 ölkənin parlamentinin nümayəndələrini cəmləşdirir və dünyanın ən böyük parlamentlərarası beynəlxalq qurumlarındandır, sözügedən termin Xocalı faciəsinin erməni millətçiləri tərəfindən Azərbaycan xalqına qarşı aparılan soyqırım siyasətinin tərkib hissəsi kimi beynəlxalq səviyyədə tanınması və bu cinayəti törədənlərin hüquqi məsuliyyətə cəlb edilməsi üçün keyfiyyətcə yeni mərhələ açacaq".
Qeyd edək ki, "Xocalıya Ədalət" beynəlxalq informasiya kampaniyası Şuşanın işğalı günü İKGF-nun Mədəniyyətlərarası Dialoq üzrə Baş Koordinatoru Leyla Əliyeva tərəfindən irəli sürülüb. Hazırda faciənin mənəvi və siyasi-hüquqi tanınmasına yönəlmiş bu kampaniya dünyanın 35-dən çox ölkəsində uğurla həyata keçirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB